
Xəbər verdiyimiz kimi, Rusiya və Türkiyə prezidentləri bu günlərdə görüşərək Suriya münaqişəsini müzakirə ediblər. Bu danışıqlarda daha bir mühüm razılaşma əldə edilib.
Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, “The Economist” yazır ki, Türkiyənin NATO müttəfiqləri bu sövdələşmədən narahat olmalıdırlar.
Söhbət Rusiyanın Türkiyəyə S-400 havadan müdafiə sistemlərini satması barədə prinsipial razılığın əldə olunmasından gedir. Hərçənd qiymət barədə danışıqlar hələ başa çatmayıb.
Qey olunur ki, son vaxtlarda yaxınlaşmış Ərdoğan və Putinin razılığa gələcəyi ehtimalı böyükdür. Deyilir ki, Türkiyənin bu addımı heç şübhəsiz onun NATO alyansına növbəti hikkəsi kimi qəbul ediləcək.
Müəllifin fikrincə, onsuz da Erdoğan Türkiyənin alyansa yarıbağlı bir ölkə olmasına çalışır. Əslində Türkiyə bu barədə NATO-nun əsəblərini 2013-cü ildə Çindən havadan müdafiə və raket sistemləri almaq planını açıqlayanda qıcıqlandırmağa başlamışdı.
Belə etməklə, Ankara əslində Amerikanın və Avropanın Çinə qarşı sanksiyalarını pozurdu. Bu həm də o demək idi ki, Türkiyənin Çindən aldığı raket sistemini NATO-nun ümumi müdafiə şəbəkəsinə çinlilərin iştirakı olmadan qoşmaq texniki baxımdan mümkün olmayacaq. O vaxt Türkiyə Çin silahının daha ucuz olmasını əsas gətirirdi.
Türkiyəni xaricdən gətirilən müdafiə sistemlərinin asılılığından azad etmək Ərdoğanın çoxdankı arzusudur. Ankara elan edib ki, bu sahədə idxaldan asılılığı 2023-cü ilədək ləğv etmək niyyətindədir.
Türkiyə və Çin arasında raketdən müdafiə sistemləri alış-verişinin baş tutmamasının səbəbi aydın deyil. Lakin “Economist” yazır ki, bu, Çinin raket sistemlərinin ümumən S-300 sisteminə əsaslanması ilə izah oluna bilər. Belə ki, S-300 sisteminin intellektual mülkiyyət sahibi Rusiyadır.
O vaxt belə bir ümumi fikir yaranmışdı ki, Türkiyə Amerikanın Lockheed Martin və Avropanın MBDA şirkətlərinin MEADS müştərək müəssisəsinə üz tutacaq. Lakin aprel ayında Türkiyənin müdafiə naziri Fikri İşık deyib ki, “NATO-ya üzv ölkələr Türkiyəyə münasib qiymət təklif etməyiblər” və artıq Rusiyadan S-400 sisteminin alınmasına dair danışıqlar yekun mərhələyə daxil olub.
“Economist” yazır ki, S-400 hazırda istehsal olunan havadan müdafiə sistemləri arasında ən kamillərindən biridir. Fikri İşık bu sistemin NATO infrastrukturuna inteqrasiya edilməyəcəyini deyib. Lakin digər tərəfdən S-400 həm də bahalı sistemdir və ola bilsin Erdoğan bu sistemi almaqla Qərbə boyun əyməyəcəyini göstərmək istəyir.
Bildirilir ki, dünyanın ikinci böyük silah ixracatçısı olan Rusiya üçün də bu alış-veriş sərfəlidir.
Gununsesi.info












