Türkiyənin “Sinema güzeli” yarışmasının Azərbaycan seçiminə START VERİLƏCƏK

  • By admin
  • 20 Yanvar 2018 15:00

Türkiyənin məşhur “Sinemanın kral və kraliçası”: 2-ci sinema güzeli yarışması” layihəsinin Azərbaycan seçiminə start veriləcək.

Gununsesi.info xəbər verir ki, Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Akın, Hülya Köçyiğit kimi məşhur sənətçilərin də ötən əsrdə iştirak etdiyi layihədə iştirak üçün qeydiyyatdan keçən gənclərin seçiminə başlanacaq.

Seçim turunda paytaxt Bakı və bir çox regionlardan çoxlu sayda gənclər iştirak edəcək. “Sinema güzeli yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verəcəyi gənclər arasından sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanacaqlar. Onlar  birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar. Türkiyə, bəzi Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yaradılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək.

Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır.

“Ötən əsrin 70-ci illərində Türkiyənin “Artist” və “Səs” jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox istedadlı gəncləri məşhur aktyor və aktrisalar kimi tarixə düşüblər.

Gununsesi.info