Ülviyyə Əliyeva: “Keçmiş həyat yoldaşımla eyni teatrda çalışmaq çətin deyil” -MÜSAHİBƏ

  • By admin
  • 28 Sentyabr 2016 10:27

ulv

Onları efirdən  xəbər və ya hansısa verilişin aparıcısı kimi  milyonlarla insan tanıyır.  İnsanlara doğmalaşan bu simaların istər şəxsi həyatı, istərsə də digər yaşam tərzi başqaları üçün həmişə maraq kəsb edir. Söhbət Azərbaycanın efir məkanının tanınmış simalarından- teleaparıcılardan gedir.

Gununsesi.info olaraq, teleaparıcıların efirdən kənar həyatı barəsində onların özündən soruşmaq qərarına gəldik. “Efirdən Kənar” adlandırdığımız layihə çərçivəsində bu dəfə onlar hansısa xəbərlərdən, yaxud da müəllifi olduqları verilişlərdən deyil, özlərindən danışacaqlar.

“Efirdən kənar” layihəsinin növbəti  qonağı

Beləliklə bu dəfəki qonağımız  son zamanlar tamaşaçılarını  tez-tez serial və verilişləri ilə sevindirən Dövlət Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır.

 

uly

– Ülviyyə xanım, son zamanlar aparıcılığa daha çox can atırsız.

-Xeyr can atmıram sadəcə maraqlıdır. Necə yox deyim? Bilirsiniz ki, mən iki verilişdə çalışıram. İkisi də “Space” kanalında yayımlanır. Biri “Zəhmətkeş ulduzlar ”digəri isə yeni başlamış “Bu maraqlıdır” proqramıdır. Bütün bunlarla bərabər teatrda da tamaşalar hazırlanır. ATV kanalında da seriallara çəkilirəm.

Həm aparıcılıq həm də aktrisalıq. Zaman çatdıra bilirsiniz?

-Bəli. Əlbəttə. Çatdırmasam əvvəlcədən qəbul eləmərəm.

 

Görünür bu dəqiqə sizə böyük ehtiyac var. Necə düşünürsüz?

-Yəqin. Bu dəqiqə yaşımın elə bir vaxtıdır ki, 19 ildir mən külüng vururam indi isə həmin külünglər bəhrəsini verir. Artıq o illərin sayəsində qazanc əldə edə bilirəm .

Aparıcılıq yoxsa aktrisa.Özünüzü hansında daha rahat  hiss edirsiniz?

-Tamam ayrı-ayrı sahələrdi.Açığı bilmirəm.

Gənc aktrisa kimi teatrın mövcud vəziyyəti sizi qane edirmi?

-Teatrda bu dəqiqə  vəziyyət çox yaxşıdır. Bilirsiniz ki, mən 90-cı illərdən teatrda çalışıram. Əvvəlki illərlə müqayisədə teatrın indiki vəziyyəti olduqca yaxşıdır. Bu dəqiqə aktyor üçün hər bir şərait var. Vaxt var idi Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasını Hüseynağa Atakişiyevlə kiçik bir otaqda məşq edib səhnəyə çıxmışdıq. O vaxt şərait bərbad idi. Amma indi hər şey var. Səsyazma hətta qrim otaqlarında duş otağı da  var. Bundan artıq aktyora nə lazımdı?

Teatrın vəziyyəti  dediniz yüksək səviyyədədi.  Bəs, yaradıcılıq necə?

-O da yaxşı vəziyyətdədir. Bizim teatr çox çalışır. Ötən ilki kimi bu il də maraqlı tamaşalarımız olacaq. Teatr hər il ən azı 3 premyera təhvil verir. Gənc aktyorlarımız çoxdur. Hamısı da formadadır, həvəslidirlər.

Bu gün teatr xadimləri teatra olan tələbatın çox aşağı olduğunu düşünür. Sizin teatrda necədir?

-Başqa teatrları bilmirəm amma bizə həmişə tələbat olub. Biz tamaşaçı sarıdan çətinlik çəkməmişik. Çünki, Musiqili teatrda komediya janrıdı qıtlığı yaşamamışıq. Mən həmişə deyirəm ki, insanları ağlatmaq çox asandır çünki hamısının bir dərdi var. Amma dərdli bir insanın 2-3 saat ərzində problemini, dərdini unutdura bilirsənsə bu böyük işdir. Buna görə həmişə tamaşaçımız olub.

Ülviyyə xanım özünü başqa sahədə təsəvvür edir?

-Xeyr. Başqa sahə məni tez yorardı. Bezdirmir deyə bu sahəyə gəldiyinə görə peşmançılıq çəkmirsən.  Bu möcüzəvi bir sahədir. Bəzən başın dəhşətli dərəcədə ağrayır və sən öz-özünə düşünürsən ki, oynaya bilməyəcəksən amma səhnəyə addımını atdığın andan başının ağrısı keçir. Çox qəribə yerdir. 19 ildə peşmançılıq çəkməmişəm inşallah bundan sonra da çəkmərəm.

Bildiyimə görə yeniyetmə ikən  bu sahəyə gəlməyinizə etiraz ediblər.

-Mənim iki ailəm olub. Biri öz anamgili bir də bibimgili. Onların hər ikisi məni böyüdüblər və hər ikisinə də  ana, ata demişəm. Valideynlərimin bir cütü razı idi amma ikinci anam razı deyildi.  O zaman Xarici Dilllər Universitetinə hazırlaşırdım. 90-cı illərdə 45 dollara müəllim yayına gedirdim və dili də çox gözəl bilirdim. O zaman üçün böyük pul idi. Və birdən aktrisa olmaq istədiyimi deyəndə sizcə insan necə olar?ona görə bir az problemlər yaranmışdı. Amma sonra hələ 17 yaşımda ikən Gənclər Teatrında bir rolumu gördü və onunla da əmin oldu ki, uşaq şıltağlığı deyil məndə istedad var.

Bu qədər çalışırsınız. Ailə haqqında hələ düşünmürsünüz?

-Ailə barədə hər zaman düşünürəm. Sadəcə bu dəqiqə real namizəd yoxdur deyə gözləmə mövqeyindəyəm .(gülür)

Birinci ailəniz heç də uğurlu alınmadı.

-Bu bir sınaq idi. Allahın yazısıdır. Heç də peşman deyiləm.

Keçmiş həyat yoldaşınızla eyni teatrda  çalışmaq sizə pis təsir etmir?

-Yox qətiyyən, kinli biri deyiləm. Məndə bir xasiyyət var, əgər bir insan gözümdən düşürsə o insanı artıq görmürəm. Əgər səhnəyə çıxırıqsa onu yalnız obraz kimi görürəm. Amma adi həyatda həmin insan saatlarla dayansın heç fərqinə varmıram  bu insan burda var ya yoxdu. Söz atmaq, kin saxlamaq belə şeylər məndə yoxdu. İnsan özü-özünü o vaxt yeyir ki içində onu gəzdirsin. Sadəcə bağışlayırsan və onu buraxırsan. O zaman heç bir problem olmur.

Həyat yoldaşı ilə də vaxtilə yaxın olmusunuz.

-Otaq yoldaşım olub. Amma istəmirəm bu barədə danışım, axı nəyə lazımdır.İllər əvvəl olub artıq onların uşaqları var. Uşaq böyüyər, əlinə bu yazı keçər oxuyar pis təsir edər. Olub keçmiş bir şeydir. Bəzən elə olur ki,  əvvəl pis olursan, ağlayır, özünə qapanırsan amma sonra vaxt keçir deyirsən ki, nə yaxşı ki,  oldu. Yaşadıqlarına görə şükür edir.  Allahın  verdiyi sınaqlardan  özünə insan həyat təcrübəsi toplayır, bununla da insanda xarakter formalaşır. Ona görə də heç nəyə heyifsilənmirəm. Elə olmasaydı bəlkə də başqa bir tale olardı. Amma bu gün bu qədər uğurum var. Bir qism insanın sevgisini qazanmışam. Əgər Allah mənə yazıbsa o da olacaq. İndi şükür ki, Allahın verdiyi ruzi ilə başımı aşağı salıb alın tərimlə çörəyimi qazanıram. Mənim boynuma düşən borc budur. Qismətim varsa ailəmi də quracam.

 İlk dəfə “Keyxanım” obrazı ilə tanınmısınız. Niyə “Keyxanım”?

-Sözü gedən obrazdan qabaq mən Çiçək obrazı ilə tanınmışam. Rafael və Çoşqunla birgə “Hərənin öz payı, öz tayı” filmində rol almışdım. Hər kəs məni o obrazdan tanıdı. Ülviyyə Əliyeva kimi artıq yetərincə tanınıram. Amma son zamanlar xoşuma gəlməyən məqam  budur  ki, kimə müsahibə verirəm başlıq “Keyxanım” qoyurlar.  Mənim o obrazdan sonra da rollarım olub. İnsanı bir obraza bağlamaq doğru deyil. Artıq o obrazdan çıxmaq istiyərəm. Çünki ondan sonra da yetərincə uğurlu obrazlarım olub. Onsuz da bilirlər söhbət kimdən gedir.  Düzdü mənə uğur gətirib. Rayonlara gedəndə hamı öz adımla müraciət edir o adı artıq xatırlatmırlar. Amma bu jurnalistlər imkan vermir elə qaytarıb möhür kimi adama yapışdırırlar. Bir də jurnalistlər hər dəfə səhvə yol verib məni əməkdar artist kimi təqdim edirlər. Kimsə səhv edib yazıb hamısı da ona istinad edib eyni səhvi edirlər. Hər dəfə deyirəm yorulmuşam artıq yenə edirlər. Mənə layiq görülməyən adı mən necə deyə bilərəm? Sonra elə biləcəklər özüm qəsdən deditdirirəm.

Özünüzə arzunuz nədir?

Ancaq can sağlığı. Çox şükür bu günümə. əgər səhər duranda əlim-ayağım sağ-salamatdırsa, yeməyə çğrəyin və sekdiklərin yanındadırsa  şükür eləmək lazımdır. Allah əldə etdiklərimi almasın artığını istəmirəm.

ulviyye

Sevinc Xeyrulla

Gununsesi.info