XİN prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar məlumat YAYDI

  • By admin
  • 12 Mart 2018 12:27

Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.

Seçki Məcəlləsinin 2.3.-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan (seçki) hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər.

Eyni zamanda, Azərbaycan prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata keçirmələrinə köməklik göstərir.

Gununsesi.info