Aqil Camal: Bakı-Daşkənd əməkdaşlığı Cənubi Qafqazla Mərkəzi Asiyanı yaxınlaşdırır

  • Müəllif: Orxan
  • 24 Avqust 2026 13:05

Azərbaycanın Özbəkistanla müttəfiqliyinin güclənməsi Mərkəzi Asiya ölkələri ilə münasibətlərə də mühüm təsir göstərəcək.

Bu sözləri Gununsesi.info-ya “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib.

O qeyd edib ki, son dövrlərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi və onların strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi prioritet istiqamətlərdən biri kimi açıq şəkildə nəzərə çarpır.

Aqil Camalın sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin də bu siyasətə qarşılıq verməsi müşahidə olunur. Azərbaycanın ötən il Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “C5” formatına tamhüquqlu üzv kimi qəbul edilməsi bunun göstəricilərindən biridir:

“Bu, Mərkəzi Asiya ölkələrinin həm ikitərəfli, həm də kollektiv şəkildə Azərbaycanla sıx əməkdaşlığa üstünlük verdiyini göstərir”.

Politoloq Bakı-Daşkənd münasibətlərinin bu prosesdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Özbəkistanın işğal faktını açıq şəkildə pisləməsi və Ermənistanla yaxın münasibətlər qurmaması iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində formalaşmasına imkan verib.

“Bu gün isə Özbəkistan azad Qarabağın dirçəldilməsində bir sıra töhfələri və layihələri ilə fəal iştirak edir”, – deyə Aqil Camal bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin Özbəkistana hazırda davam edən səfəri çərçivəsində iki ölkə arasında münasibətlərin “Əbədi dostluq” səviyyəsinə yüksəldilməsi əlaqələrdə yeni mərhələnin başlanğıcıdır:

“Bu yeni mərhələ, bütövlükdə, Azərbaycan-Mərkəzi Asiya ölkələri əlaqələrinə güclü təkan verəcək”.

Aqil Camalın fikrincə, əvvəlki illərdə qarşılıqlı səfərlər zamanı əsas diqqət tarixi, mədəni və humanitar məsələlərə yönəldilirdisə, hazırda dövlət başçılarının ritorikasında dövrün yeni çağırışları ön plana çıxır. Xüsusilə rəqəmsal texnologiyalar, yaşıl enerji, süni intellekt, nəqliyyat və logistika kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi diqqət çəkir.

“İmzalanan müqavilələrdə də məhz bu sahələrdə əməkdaşlıq məsələlərinə daha çox yer verilir”, – deyə o əlavə edib.

Aqil Camal hesab edir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyində elan olunan yeni mərhələ Cənubi Qafqazla Mərkəzi Asiyanın vahid mədəni, iqtisadi və geosiyasi məkan kimi formalaşmasında əsas aparıcı amillərdən birinə çevrilə bilər.

Orxan

Gununsesi.info