Burnumuzun ucundakı ölüm - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 16 Mart 2017 09:28

leman

Özümü heç cür pozitivə kökləyə bilmirəm.

Sanki ətrafımızda hər şey ölüm saçır. Hər gün nə qədər ölüm xəbəri oxumaq olar?

Hər gün nə qədər ölənlə ölüb-dirilmək olar?

aydin dadasov

Aydın Dadaşovun da ölüm xəbəri kefimizi pozdu. Düzdür, o, nə müəllimim olub, nə müsahibim, nə iş yoldaşım.  Amma bilirəm ki, aydın biriydi,  işinin peşəkarıydı. Həyatda onunla cəmi bir dəfə üz-üzə gəlmişəm. ANS-də verilişlərdən birinə onu aparıcı dəvət etmişdilər, o da danışıqlara gəlmişdi və onda  bir-iki cümləlik dialoqum olmuşdu Aydın müəllimlə.

Özündən razı təsiri bağışlamışdı mənə. Amma uşaqlar demişdilər ki, tərzi elədir, ilk baxışdan kobud təsiri bağışlayır,  əslində isə yaxşı insandır.

Bu gün bu yaxşı insan yaxşılıqlarını yaddaşlara həkk edib köçdü. Məni onun ölümündən çox bilirsiz nə yandırdı? Ölüm səbəbi. Dostlardan biri sosial şəbəkədə yazdı ki, Aydın müəllimə həkimlər səhvən xərçəng diaqnozu qoyub. Sonradan  səhvi düzəldiblər, deyiblər ki, səndə xərçəng deyilmiş. Və bu xəbərin sevincinə Aydın müəllimin ürəyi dözməyib. Dəhşətdir deyilmi və bunu  oxuyanda  bilirsiz beynimdən nə keçdi? Düşündüm ki, görəsən  doğulduğu Ağdamın işğaldan azad edilməsi xəbərinə Aydın müəllimin ürəyi dözərdimi?

Heç indini demirəm, hələ  15 il qabaq, 20 il qabaq. Zənnimcə, dözməzdi. Amma kaş  Ağdamın işğaldan azad edilməsi xəbərini alanda itirəydik biz sizi Aydın müəllim. Lap elə 40 yaşında, 45 yaşında itirəydik. Bilərdik ki, əvəzində qazancımız var. Təəssüf, indi itirdik və üstəgəl belə acınacaqlı itirdik. İkiqat artıq da səhiyyəmizə inamı, etibarı itirdik Özü də  olmayan etibarı. Bu isə bilirsiz nə deməkdir?

Bu, o, deməkdir ki, sonda biz- xaricdə müalicəyə imkanı olmayan zümrənin adamları  birmənalı Azərbaycan xəstəxanalarından da imtina edəcək və  evimizdə ayağımızı uzadıb öləcəyik. Şikəsti qoyub salamat ayağımızı kəsməsinlər deyə, səhvən xərçəng diaqnozunu qoyub ürəyimizi partlatmasınlar deyə.  Sakit, səssiz, səmirsiz. Dəm qazından ölən kimi.

qaz1

Necə ki, Xırdalanda  4-ü gənc olmaqla 5 xanım məhz bu şəkildə öldü. Məsələnin mahiyyətinə keçməzdən  qabaq deyim ki, dəm qazından ölmə ilkin versiyadır. Amma sabah bu versiya alt-üst də ola bilər.

fikret

Eynən xalq şairi Fikrət Qocanın oğlunun ölümü misalı..2 gün əvvəl xəbər yayıldı ki, şairin oğlu yıxılıb ölüb, ertəsi gün rəsmi xəbər Fikrət Qocanın özünün belə dediklərini təkzib etdi. Məlum oldu ki, şairin oğlu öldürülüb. Nə isə.

Mətləbdən uzaqlaşmayaq, yəni dediyim bu ki, sabah Xırdalanda kirayə qaldıqları evdə canlarını tapşıran xanımların da dəm qazından yox, hansısa başqa səbəbdən öldüyü ortaya çıxsa, təəccüblənməyin. Ölüm mələyi ilə yanaşı addımlamağımıza təəccüblənin.  Nəfəsi nəfəsimizə dəyir, gözü gözümüzə baxır. Hər an  çiynimizə qonması an məsələsi. O kirayə evin bədbəxt sakinlərini də ölüm mələyi bir anda yaxaalyıb.

Yazılanlara inansaq, ölənlərdən ən yaşlısı 42 yaşlı qadın onkoloji xəstəymiş və o qızı ilə birlikdə yaşadığı  rayondan Bakıya müalicəyə gəlibmiş. Əgər həkimlər düz diaqnoz qoymuşdularsa, qadın xərçənglə mübarizə üçün burdaydı. Amma xərçəngin almadığı canı o,  Bakıda dəm qazına təslim etdi. Dəhşətdir. Tək onun  yox, onunla birlikdə səssiz ölümə qurban gedən bapbalaca qızların aqibəti də.  Onlar   xoşbəxt olmaq üçün doğulmayanlardır. Xoşbəxt doğulsaydılar uzaq Hollandiyada doğulardılar. Ya da başqa bir ölkədə. O ölkədə ki, orada dəm qazı hər gün bizdəki kimi can almır.

holland

Hollandiyanı təsadüfən xatırlamadım. Bu gün diqqətimi  100 yaşlı bir holland qadının şəkilləri cəlb elədi.  Gözündən xoşbəxtlik yağan, uğunub qəşş edən qarının  qoluna  polis qandal vururdu. Belə də olurmu əcəba? Həbs olunmaq hara, gülmək, qəşş eləmək hara?  Tez xəbəri oxudum və məlum oldu ki,   sən demə Hollandiyalı Anni nənənin 100 ildə  həyata keçməyən, reallaşdıra bilməyən ən böyük arzusu yaşadığı müddətcə həbs olunmaması olub. Ona görə də bir ayağı gorda olan qarı  polisə zəng edib deyib ki, məni həbs edin, yəni sabah ölsəm arzum gözümdə qalmasın. Polis də qarının arzusunu gözündə qoymamaq üçün onun qoluna qandal taxıb,  bir günlük həbs edib. Kİ, bu dünyadan tam xoşbəxt köçsün, bütün arzuları reallaşsın.

Əlbəttə, biz mütləq “bu arvadın  başına at təpib ki!” deyərdik. Axı həbs olunmaq insana hansı xoşbəxtliyi vəd edə bilər?Ümumiyyətlə, həbsxana divarları arasında yaşamaq , xoşbəxt olmaq mümkündürmü? Kim bilir, bəlkə  xoşbəxtlər ölkəsində bu sualların başqa izahı var və biz onu başa düşəcək qədər xoşbəxt deyilik.

Və biz ümumiyyətlə xoşbəxt deyilik.  Bizim xoşbəxtliyimiz olsa-olsa  ani xoşbəxtlikdir, əsla Anninin xoşbəxtliyindən deyil.  Biz Anni  kimi xoşbəxt qocala bilmirik. Heç bədbəxt qocala da bilmirik.

İntiharlar  buna imkan vermir.

Dəm qazı  buna imkan vermir.

Savadsız həkimlər buna  imkan vermir.

Naşı sürücülər buna imkan vermir.

Borclu olduğumuz banklar buna imkan vermir.

Yenə sayım?

 Məncə,  bu qədər bəsdir.

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info