Mənim hüznlü yazıçılarım - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 01 May 2017 17:30

leman

 

Həftə sonu Kənan Hacının imza günüydü. Yazıçı “Fironun dəftəri”ni təqdim edirdi. Təəssüf ki, “geniş ictimaiyyətə” deyə bilməyəcəm, çünki geniş ictimaiyyətdən söhbət gedə bilməz. Adəti üzrə, imza törəninə qatılanlar elə qələm adamlarının özləri olur. O da gənc nəsil ha. Yəni birdən elə bilərsiz ki, şəxsən Anar özü durub gəlir hansısa yazarın kitab təqdimatına, yox əsla. Bu dəfə də belə idi.

Gənc Tamaşaçılat Teatrının qabağında toplaşanlar mənim kədərli yazıçılarımdı. Üst başı nimdaş, gözləri qayğılı, saçları dalğın qələm əhli. Əslində bu yazını Ayxan Ayvazın “Buri” kitabından sonra yazmaq istəyirdim. Onda ortam daha kədərliydi. Bir neçə gün idi ki, Mövlud özünü 16-cı mərtəbədən atmışdı. Gənc yazarların bir gözü gülürdüsə, bir gözü ağlayırdı. Amma yenə də Ayxanın imza törəninə qatılmışdılar. Çünki, ölən öldü, sağ qalanı yaşatmağın gərəkliyini yaxşı başa düşürdülər. Onda kənarda durub bir xeyli müşahidə aparmışdım.

LEMAN

Yadıma sovet yazıçıları haqqında ayrı-ayrı vaxtlarda oxuduğum ayrı-ayrı xatirələr düşmüşdü. Məsələn, gözümün qabağına Səməd Vurğun gəlmişdi. Şüvəlandakı Yaradıcılıq evində oturub tutaq ki, “Vaqif” dramını yazan Səməd Vurğun. Və yaxud, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan Nəbi Xəzri, Fikrət Qoca və s. O dövr yazıçıların sanki heç bir qayğısı yox idi. Ola bilsin ən ciddi qayğı istədiklərini yaza bilməməkləriydi, senzura problemiydi. Amma maddiyyat sarıdan qayğısızdılar. Yaradıcılıqla məşğul olmaqları üçünsə hər cür şəraitləri vardı. Kitabları 20-30 min tirajla çap edilirdi. Əla satılır, ağa kimi də dolanırdılar. Bu mənada indiki yazıçılara, şairlərə çox acıyıram. Üzlərində donub qalan ən kədərli cümlə EHTİYACdı. Evə ehtiyacları var, pula ehtiyacları var, sağlam tənqidə ehtiyacları var, oxucuya ehtiyacları var. Xüsusilə sonuncunun üstündə dururam.

Bu məmləkətdə heç kim heç kimin kitabını oxumur. Heç yazıçıların özü də bir-birilərini oxumurlar deyəsən. Məsələn, bir-iki gün əvvəl şair Şəhriyar Del Geraninin Yazıçılar Birliyindən reportajını oxumuşdum. Yazıçı Məmməd Orucun Mövlud Mövludu hekayələrindən yox, intihar xəbərindən tanımağına çox üzülmüşdüm. Şəhriyar sanki bunun acığını almışdı ağsaqqal yazıçıdan. Yazıçıya təklif eləmişdi ki, kitabını Mövlud üçün imzalasın. O da imzalamışdı.

Bax, bu qədər kədərli, bax bu qədər pessimist. Təsəvvür edin, çağdaş ədəbiyyatımızda vəziyyət də eynən belədir. Hesab elə ki, kitab çıxardırsan, amma avtoqraf yazdığın adam bu həyatda yoxdur! Kənan Hacının avtoqraflı kitabını hələ oxumamışam. Çünki əlimdə Əziz Nesini oxuyuram. Bitirən kimi ona başlayacam. Yazarın öz oxucusunu məmnun edəcəyindən arxayınam. Narahatlığım bircə kitaba münasibətdəndir. Fikrimcə belə müsamirələrə, kitab təqdimatı mərasimlərinə sözün əsl mənasında geniş ictimaiyyət qatılmalıdır. Yazıçını ancaq öz həmkarları ayaq üstə saxlaya bilməz. Onlara maddi və mənəvi dəstək olmalıyıq ki, bu adamlar kitab çıxartmaq haqqında düşünsünlər. 16-cı mərtəbəyə çıxmaq haqqında düşünməsinlər.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info