Mirzə Cəlilə məktub - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 22 Fevral 2017 17:56

celil

Səhər tezdən səni xatırlamışdım. Ustad.

Yox, ad gününə görə deyil, elə yaddaş yiyəsi deyiləm, gərək bağışlayasan. Sadəcə səhər işə gələndə bir hadisə səni yada saldı. Deməli, yolumun üstündə bir ət dükanı var. Adətən qabağında təzə kəsilmiş dana, qoyun başı olur. Bir də görürsən ki, nəvəsini bağçaya aparan ana, və yaxud nənə ayaq saxlayıb körpə uşağa bu qanlı başları göstərirlər. Özü də elə həvəslə, elə şövqlə ki, az qalır damarda qanın donsun. Bu gün başqa bir hadisəyə donub qaldım. Ət dükanının qabağında gödəkcəsinin rəngi kəsdiyi heyvanalrın qanı rəngdə olan bir kişi dayanmışdı. Beynimdə bu kişinin al qırmızı gödəkçəsinin rəngini çözürdüm ki, birdən adam hərəkətə gəldi. Mən düz onun yanına gəlib çatanda yerdən tozlu ayaqaltını götürüb başladı divara çırpmağa.Bir toz-duman qalxdı ki, heç 19-cu əsrin Danabaş kəndində övrətlərin çırpdığı palazdan bu qədər toz havaya qalxmazdı. Üstüm batmasın deyə dükanın qabağından qaçaraq keçdim. Yəni adama ən azı “danabaş” deməyə imkan tapmadım. Adam isə mal kimi dayanıb mənim qaçmağıma tamaşa elədi. O anda yadıma sən düşdün, Mirzə Cəlil! Danabaş kəndinin əhvalatları yadıma düşdü. Ürəyimdə sənə rəhmət diləyə-diləyə işə gəldim. Az sonra baxıram ki, 22 şubat, yəni bu gün sənin dünyaya gəldiyin gündür. Necə təsvir etmişdin dünyaya gəlişini? “Gözümü ömrümdə ilk dəfə açanda dünyanı qaranlıq gördüm. Bu qaranlıqda ilk dəfə eşitdiyim isə Allahü Əkbər! Allahu Əkbər! “ oldu.

150 il keçib o vaxtdan. Dünyamız yenə qaranlıqdır, Mirzə. Hər gün İŞİD Allahu Əkbər deyib Suriyada insan başı kəsir. Düşünə bilirsənmi bunları? Sənin qəflət yuxusundan ayıltmaq istədiyin, elmli, kültürlü görmək istədiyin insan bir insanın başını toyuq başı üzən kimi üzüb atır. Lap öz təbirincə desək, “dünyalar titrəyib, aləmlər mayallaq aşıb, fələklər bir-birinə qarışıb.” Bizdə də qarışıqlıqdır. Bir kefli İsgəndər lazımdır ki, içsin, ürəyini boşaltsın. “Ax, gözəl Azərbaycan Vətənim! Harda qalmısan? Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, mərəndli, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı , mərəndli, gülüstanlı, quli-biyaban vətəndaşlarım,ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah, ağlım çaşıb!

“Ehh Mirzə, biz də 25 ildir çaşqınıq. Bu sadaladıqlarının sırasına Dağlıq Qarabağ və ona bitişik daha yeddi rayon -Ağdam, Şuşa. Laçın, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər də qoşulub. Əslində uzaqgörən adamsan, bilməmiş olmazdın ki, haçansa bu torpaqlar əldən gedəcək. Axı erməni xislətini bizə illər əvvəl sən özün tanıtmışdın “Kamança” əsərində. Axsaq erməni Baxşıdan Qəhrəman yüzbaşı soruşanda ki, adə, erməni, hardan gəlirsən? Deyir dostum Qriqorla Çeşməbasarda-Zülfüqar bəyin oğlunun toyunda kamança çalırdıq. Ordan gəlirəm. Qəhrəman yüzbaşı da deyir ki, çox əcəb, siz gedin müsəlmanların toyunda plov yeyin, axmaq müsəlmanların pullarını doldurun ciblərinizə, Qazançı erməniləri də gecə xəlvətcə tökülsünlər müsəlman kəndlərini yandırsınlar. A balam, bəsdir, həya eləyin! Dünən Qazançı erməniləri bizim Sarvanlardan dörd nəfər elə bir igid oğlanlar öldürüblər ki, dörd yüz sənin kimi çolaq erməni öldürsək, genə əvəzi çıxmaz.

Tarix necə də təkrar olunur, Mirzə. Biz isə heç dəyişmirik. Hələ də sıralarımızda şeyx nəsrullahlar, qurbanəli bəylər, eyyyy kimlər-kimlər var.Onlar haqqında başqa bir məktubda müfəssəl yazacam. Hələlik bu qədər. Məktubu Novruzəli ilə göndərmirəm. İndi texnolgiyalar əsridir. Çatan kimi xəbər elə.

Bircə demə ki “Məktub yetişmədi”.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info