Təcrübə siçovulları üçün test - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 25 Avqust 2017 15:30

leman

Mən ali məktəbi testlə qazanan bəxtəvərlərdən deyiləm. 1988-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul imtahanında çəkdiyim əzab-əziyyətlər heç vaxt yadımdan çıxmaz. Əslində onuncu sinifdə birmənalı şəkildə sənədlərimi jurnalistika fakültəsinə vermək haqqında düşünürdüm. Amma ürək eləmirdim.

Bizim vaxtımızda jurnalistika fakültəsi də hüquq, şərqşünaslıq, tarix fakültələri kimi prestijli fakültə sayılırdı və day-dayısı olmayan az adam bu fakültələri  qazana bilirdi. Konkret rəqəmlər vardı ortada. Məsələn, azı 50 min manatı olmayan jurnalistikaya, 100 min manatı olmayan hüquqa girə bilməzdi. Mən də dil-ədəbiyyat müəllimimin bütün təkidlərinə, 10-cu sinifdə ədəbiyyat yazılı imtahanından 5/5 almama baxmayaraq, sənədlərimi jurnalistikaya yox, filologiya fakültəsinə verdim. İnandırmışdılar ki, bəlkə filologiyaya pulsuz düşə bilərsən. Hardadır məndə o bəxt, daha doğrusu o pul? Ədəbiyyat yazılı imtahandan 4, ədəbiyyat şifahi imtahandan 4, qeyri-müsabiqə imtahan sayılan tarixdən kafi almaqla 8 balla konkursa düşdüm. Bəli, o vaxtlar bu konkurs deyilən məsələ pambıqla baş kəsmək kimi bir şey idi. Qətiyyən adamın xətrinə dəymirdilər, 4-ü elə könül xoşluğu ilə verirdilər ki, hətta bundan xeyli məmnun qalırdın. Düşünürdün ki, aldığın bu 4-ü hansısa kənd məktəbinin müəllimindən yox, ali məktəb professorundan almısan. Mən də Yolçu Piriyevdən aldığım 4-ü sevinclə məni həyətdə gözləyən qardaşıma çatdıranda…ondan sağ ol əvəzinə yüngülvari bir qapaz aldım. Dedi, get şələ-şüləni, yəni sənədlərini də yığışdır, düz evə doğru, marş! Nahaq yerə burnumu sallayırdım, həqiqətən də beş-on gün sonra adım ali məktəbə düşənlərin siyahısında olmadı. Növbəti il yenə oxşar vəziyyət. Yenə yüksək balla konkurs. Amma o ili daha rayona qayıtmadım, poliqrafiya üzrə texniki peşə məktəbinə daxil olub üçüncü ili sənədlərimi jurnalistika fakültəsinə verdim. Hərçənd bu dəfə də işimiz yağ kimi getmədi. Heç özümdən danışmıram. Sonradan qrup yoldaşım olan Balayar Sadiq – bu gün ən yaxşı şairlərimizdən biri-yadımdadır ki, ədəbiyyat yazılıdan 5 almışdı. Xarici dildən onun qiymətini bir bəhanə ilə aşağı salıb əyaniyə düşməsinə imkan vermədilər. Bəxtimizdən həmin ili BDU-nun rektoru bir islahat xarakterli addım atdı, bizi qiyabi şöbəyə götürdülər. Əyaniyə daxil olanların çoxu isə sonradan elə özləri etiraf edirdilər ki, N qədər pul müqabilində instituta giriblər.Əlbəttə müəyyən istisnaları nəzərdə tutmuram.

Test isə bütün bu problemləri aradan qaldırdı. Allah Əbülfəz Elçibəyə qəni-qəni rəhmət eləsin! Düz 25 ildir ki, Azərbaycanda uşağı ali məktəbə sənəd verən valideyn içini yemir. Ən azından düşünür ki, qəbulda insan faktoru rol oynamayacaq, deməli, o da pul üçün özünü oda-közə vurmayacaq, övladından “məni pulum olmadı deyə kəsdilər, amma filankəs pulunun gücünə daxil oldu” tənəsini eşitməyəcək. Yeri gəlmişkən, balaca olanda elə bilirdim ki, tələbələri institututda həqiqətən kəsirlər. Test həm də “kəsildi” sözünün vahiməsini aradan qaldırdı, adamlar başa düşdü ki, biliyin varsa qazanacaqsan, yoxdursa  bəxtindən küsəcəksən. İndi neçə gündür testin ləğvi söhbətləri  gündəmə gəlib. Az əvvəl Mehriban Vəzirin maraqlı bir yazısını oxudum. Yazır ki, rəhmətlik Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra əli pula, cibi rüşvətə öyrənən institut müəllimləri testi ləğv etdirmək üçün necə dəridən-qabıqdan çıxıblarmış. Hətta məsələ o qədər aktual, o qədər ciddi olub ki, sonda Elçibəy Amerikanın səfiri Kozlariçin xanımından xahiş edib ki, problemi prezident Heydər Əliyevin diqqətinə çatdırsın, testin ləğv edilməməsini ondan  xahiş etsin. Sağ olsun səfirin xanımı onun sözünü yerə salmayıb və bu narahatlığı Heydər Əliyevin diqqətinə çatdırıb. Prezident Heydər Əliyev də testi rüşvətxor institut müəllimlərindən müdafiə edib. Bəs bu məsələ yenə niyə aktuallaşıb? Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdürü Xanlar Xanlarzadənin açıqlamasını oxuyuram. Məlum olur ki, hər şey kurikulumun başındadır, dolayısıyla da kurikulumla təhsil alan uşaqların başında. O uşaqlar ki, içi mənim oğlum qarışıq əməlli başlı təcrübə siçovullarıdır. Kurikuluma hazır olmayan cəmiyyət üçün kurikulumu tətbiq etməklə ölkədə savadsızlar ordusu yaradanlar indi də vəziyyətdən çıxış yolu axtarırlar. Nə etsinlər?- sualının cavabı kimi, görünür testi ləğv etməyi düşünüblər. Və yaxud, imtahanı açıq testlə götürməklə özlərini də, zavallı uşaqları da dolaşığa salmaqla məşğuldurlar. Bu ilin qışında orta məktəbin doqquzuncu sinifləri üçün keçirilən imtahan göstərdi ki, bu adamlar nə etdiklərini heç özləri də bilmirlər. 9 ildə orta məktəblərdə şagirdlərə qapalı testi öyrədən təhsil biliciləri imtahanda birdən-birə açıq test tətbiq etdi. Və…Nəticə ölkə üzrə o qədər biabırçı oldu ki, məsələni qətiyyən açıb ağartmadılar. İndi təzədən nə ölçüb-biçirlər, bunu bir Allah bilir. Səsi əlbəttə ki, iki ildən sonra çıxacaq. Hər halda DİM rəsmisinin açıqlaması belə düşünməyə əsas verir. Sitat. “ İki ildən sonra qaydalarda müəyyən dəyişikliklər olacaq. Yenə də buraxılış, həmçinin ali və orta ixtisas müəssisələrinə qəbul imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Ancaq imtahanın modelinin hansı formada olması ilə bağlı müzakirələr bitəndən sonra ictimaiyyətə açıqlama verəcəyik. İndidən hər hansı fikir söyləmək düzgün deyil. Üzümüzə gələn il imtahan əvvəlki qaydada olacaq. Amma bütövlükdə test imtahanın ləğv ediləcəyini indidən demək doğru deyil”.

Şəxsən mən bu tragikomediyanın sonunu səbirsizliklə gözləyirəm. Bu təkcə bir jurnalist marağı deyil, həm də övladı kurikulumun qurbanı olan bir ananın nigarançılığıdır. Gözləyək, görək başımıza nə corab hörürlər…?!

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info