Üzeyir bəyə məktub - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 19 Sentyabr 2017 10:58

leman

Salam Üzeyir bəy. Əslində bu məktubu sənə dünən yazacaqdım. Axı dünən sənin doğum günün idi. Deməli, həm də Azərbaycanda Musiqi günü. Fikirləşdim ki, mənim yazım sənin müsiqinin kölgəsində qalacaq. Eybi yox, bir gün tez, bir gün gec. Onsuz da hamının başı çalıb oynamağa qarışıb. Yox, sənin musiqinə çalıb oynasalar nə dərdimiz vardı? Sən ildə bir gün – Musiqi günündə yada düşürsən. Qalan bütün günlər millət Üzeyir Mehdizadənin mahnılarına, Elza Seyidcahanın şeirlərinə qulaq asır. Deyirlər ki, o olmasın, bu olsun.

Əlbəttə, sən onların heç birini tanımırsan. Amma onlar sənə o qədər tanışdırlar ki! Onlar sənin köhnə personajlarındır. Onlar 100 il əvvəl də vardı, bu gün də var. Məsələn, bu günlərdə sənin bir məqalən keçdi əlimə. Oxudum və elə bildim ki, bu günümüz üçün yazmısan. Elza üçün, bir başqası üçün yazmısan. Yadına düşdü hansı yazını deyirəm? Qulaq as, mütləq xatırlayacaqsan.

“İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir: — Aləm şair oldu!

Biz soruşduq: —Necə?

Müdir dinməyib, kənara qoyduğu kağızlara işarə edir. Baxıb görürük ki, hamısı şerdir. Çox gözəl, heç sözümüz yoxdur və bunu da bilirik ki, şairlik böyük bir vergidir və şeri oxuyan da gərək bundan bir ləzzət anlasın və ya özündə bir hüsn hissi oyandığını bilsin. Bu əhvalatı nəzərdə tutub başlayırıq şerlərdən bir-bir oxumağa. Görürük ki, biri belə yazıbdır: “Ey olan qanına qəltan İran, Hansı zalım etdi səni belə viran?”

Yoldaşlarımızdan biri deyir: – İran padşahı! Biz də təsdiq edirik ki, bəli, İran şahı və görürük ki, bu sualın heç mətləbə dəxli yoxdur. Sonra dalısını oxuyuruq, görürük şair “İran”, “viran” kəlmələrinə bir qafiyə də tapıb: “can”. Və bu qafiyəni şerə salmaq üçün belə deyibdir: “Gör necə oldular qurban neçə can”. Yoldaşlarımız bir-birinin üzünə baxıb başlarını bulayır. Dalını oxuyuruq; “Tiqi bürranilə oldular qurban!” Baxırıq ki, bizdə heç bir hiss oyanmır. Ancaq yadımıza nədənsə Rüstəm pəhləvan düşür. Dalısını oxuyuruq: “Qırdılar hamını tamam yeksər. Qaldı orda bircə pədər”.

“Şair” burasını yazdıqda yəqin güman edirmiş ki, oxuyanlar ağlayacaqlar. Amma sözün doğrusu, bizi gülmək tutur və yoldaşlarımızdan biri deyir: – Yəqin dalı da olacaq – dərbədər. Doğrudan da görürük yazıbdır ki, “Övrət, uşaq oldu dərbədər. Çığırdı qundaqda tifli südəmər”.

Burada yoldaşlarımızdan biri təvəqqə edir ki, izn verək şerin dalısını o desin: “Səyin oldu ey şair lap hədər Bu cürə şerlər səbətə gedər. Şer yazmaq da çox hünər istər. Səndə də yoxdur bir belə hünər”.

Doğrudan da şairlərimiz bunu yadlarından çıxarmasınlar ki, şerin hər bir fərdi, hissin tərcümani olmalıdır ki, oxuyan kəsdə də o hiss oyansın. Yoxsa qafiyəbazlığa qalsa, aşıq Pəri xala da şairdir ki, deyibdir: Ay doğdu qəlbiləndi, Doğduqca qəlbiləndi. Gedib canana deyin ki, Bu qəlb o qəlbinəndi.

Allah sənə rəhmət eləsin, Üzeyir bəy. O vaxt aşıq Pəri xala tək idi, indi Aşıq Pəri məclisində onlarla elə xala var ki, bayağı şeirlərdən nəğmələr bəstəliyib evimizə soxulurlar. Siz onların şeirlərini sizə gələn məktublardan oxuyurduz, biz hər gün evimizdə dinləmək məcburiyyətindəyik. Çünki televiziyalarımız ancaq onlara işləyir.

Bağışlayın, başınızı ağrıtdım. Amma hələ heç nə yazmadım ki?! Bu sənin öz təbirincə desək, ordan-burdan idi. İcazə versən, sənə tez-tez yazaram. Filankəs kimi yox, Ləman Ələşrəfqızı kimi.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info