Əliyevin son mesajları: Azərbaycanı nə gözləyir? EKSPERT ŞƏRHİ

  • By admin
  • 09 Oktyabr 2016 18:16
ilham
Xəbər verildiyi kimi¸ oktyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Nazirlər  Kabinetinin  2016  – cı  ilin keçən 9 ayının  sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası keçirilib.  İclasda  prezident İlham Əliyev Azərbaycanda və  dünyada baş verən proseslər haqqında danışıb. Nitqin özü və onun müxtəlif prizmalardan şərhləri yerli mətbuatda dərc olunub.
Biz də bu mövzuda fikirlərimizi yazmaq zərurəti hiss etdik. Bizim nəzərimizcə, Azərbaycan prezidentinin çıxışının özəti belədir: 
Prezidentin nitqini ümumilikdə iki hissəyə  – daxili  və xarici siyasətə yönəlik mesajlar verməsi ilə, təhlil edə bilərik.
Xarici siyasətlə bağlı: Prezident İlham Əliyev dünyada baş verən böhranlardan, bu böhranların neft hasil edən ölkələrə mənfi  təsirlərindən, Avropanın mühacir və qaçqın  problemlərindən, ərəb qaçqınlarına tətbiq etdiyi ikili standartlardan ,Yaxın Şərqdəki mövcud vəziyyət haqqında əhatəli danışıb. Həmçinin prezident  İlham Əliyev Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətə aksent edərək, prezidentliyi dövründə xarici siyasətinin əsasını təşkil edən beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasətin üstünlüklərini sadalayıb, bu siyasətin  Azərbaycan  üçün sabitlik və inkişafla nəticələndiyini nümunə göstərib.
Prezident İlham Əliyev Azərbaycanın  Avropa İttifaqı  ilə energetika, boru kəməri, nəqliyyat  sahələrində strateji tərəfdaşı olmasına rəğmən , ölkəmizin Avropa ilə fərqli dəyərlər daşıyıcısı olmasına diqqət yetirərək, Avro- zonada baş verən böhranların, müsəlman  mühacirlər və qaçqınlara qarşı ikili standartlara söykənən  münasibətlərin fonunda   Azərbaycanın ümumiyyətlə Avropaya inteqrasiyada deyil, əməkdaşlıqda maraqlı olmasının doğru olduğunu  diqqətə çatdırıb.
Prezident  İlham Əliyev Aİ ilə əməkdaşlıqla  bağlı hal-hazırda   Avropa Komissiyasında  rəsmi Bakının  Avropa Birliyi və  Azərbaycan arasında əməkdaşlıq formatı haqqında təkliflərini müzakirə etdiyini və ölkəmizin   Avropa İttifaqı və Avropa Şurası  ilə sıx əməkdaşlıq etdiyini və ölkəmizin  bu prosesin inkişafında daha da maraqlı olmasını qeyd edib.  Beynəlxalq münasibətlərin inkişafına  nümunələr kimi  hal-hazırda dünyada aktual olan və qlobal –humanitar mövzuları əhatə edən Bakı Humanitar Forumunu, idman və mədəniyyətlərin çarpazlaşması tədbirləri olan  “Formula-1” yarışını, Şahmat Olimpiadasının keçirilməsini və Roma Papasının  ölkəmizə  səfərini göstərib.
Prezident İlham Əliyevin  daxili siyasətlə bağlı mesajlarının təhlili isə daha maraqlıdır. 
Prezident nitqində  26 sentyabrda keçirilən Konstitusiyaya dəyişikliklər üzrə referendumu xatırladaraq , bu prosesin uğurla həyata keçdiyini , qərbin və beynəlxalq təşkilatların ölkəmizdə keçirilən referendumu müsbət qarşıladığını, buna misal olaraq isə  referendumda iştirak edən xarici muşahidə missiyalarının  referendum haqqında müsbət rəy  verdiyini  göstərib. Prezident xatırladıb ki , Avropa Şurası Parlament  Assambleyasının   müşahidə missiyası ölkəmizdə keçirilən son referenduma  yüksək qiymət  verib  və inkişaf etmiş ölkələri Azərbaycan nümunəsini öyrənməyə  çağırıb .
Həmçinin, Prezidentin nitqindən aydın oldu ki, referendum   özü özlüyündə Azərbaycan hökumətinin keçirilməsini planlaşdırdığı , sosial , siyasi – iqtisadi , struktur sahəsində tətbiq ediləcək geniş islahatlar paketinin tərkib hissəsidir. O da artıq aydındır ki, Referendum konstitusiyaya tətbiq edilmiş son dəyişikliklərin hüquqi məntiqini – yeni qəbul olunmuş 7 illik prezidentlik müddətinin, prezidentin  yeni  səlahiyyətləri və məsuliyyətlərinin    təsdiqlənməsi üçün ölkədə növbədən kənar prezident seçkilərinin keçirilməsini  labud edir. Prezidentin mesajlarından anlaşıldı ki, yaxın aylarda növbədən kənar prezident seçkiləri və onun ardınca digər  reformların şahidi olacağıq.
Konstitusiyaya tətbiq edilmiş dəyişikliklərə görə yeni yaradılacaq   idarəetmə orqanı olan vitse-prezidentlik orqanının  institutsional və səmərəli  icra mexanizminin formalaşdırılması isə ölkədə  struktur  reformlarını labüd edir. Bu istiqamətdə  son aylarda ard-ardına verdiyi fərman və sərəncamların səmərəli  həyata keçirilməsi , konstitusiyaya edilmiş  yeni dəyişikliklərə əsasən digər dövlət qurumlarına olduğu kimi, yaradılmış yeni şura və qurumların fəaliyyətin və  onlara nəzarət funksiyası  mexanizmləri də   vitse-prezidentlik institutunun icra tabeliyində olacaqdır.
Prezidentin nitqinin mühüm hissəsi isə əlbəttə iqtisadiyyata aid idi. Prezident bildirdi ki , hökumət ölkədə qeyri  – neft sektorunun xüsusi ilə , aqrar sənayenin inkişafında maraqlıdır və bu sahənin inkişafı  qarşıdan gələn yeni il üçün prioritet sahədir . 
Nəzərə alsaq ki , Azərbaycan  hal-hazırda bir neçə qlobal  institutlarının, məsələn BMT-nin  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının,  kənd təsərrüfatının inkişafı sahəsində xüsusi maliyyə agentliyi olan İFAD-ın , Avropa İttifaqı ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində və Dünya Bankının dəstəyi ilə  aqrar sahənin inkişafı və rəqabət qabiliyyətliliyi  strategiyasına  uyğun irimiqyaslı layihələr həyata keçirir , bu layihələr  qeyri-neft sektorunun inkişafına töhvə verəcəkdir.
yegana
Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutunun başqanı