AŞ PA-nın Rusiyanın dondurulmuş 300 milyardı ilə bağlı təklifi var

  • By admin
  • 18 Aprel 2024 13:56

Avropa Şurası Parlament Assambleyasının sessiyasında Rusiya həbsxanasında öldürülən müxalif lider Aleksey Navalninin ölümü ilə bağlı müzakirələr aparılıb. 

Xüsusi hesabata istinad olunan müzakirələrdə AŞ PA yekdilliklə sənəd qəbul edib.

Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının verdiyi məlumata görə, sənəddə Aİ və digər dövlətlərə çağırış əks olunub.

Çağırışda bildirilir ki, Rusiyanın dondurulmuş 300 milyard ABŞ dollarından çox aktivləri bu ölkənin Ukraynaya qarşı təcavüzü qurbanlarına  kompensasiya şəklində təcili köçürülsün.

Bundan başqa AŞ PA  Putinin  təcavüz cinayətinə görə Rusiyanın siyasi və hərbi rəhbərliyini mühakimə edəcək tribunalın yaradılmasını yenidən tələb edib.

Həmçinin, AŞ PA Aİ və G7-ni Rusiyaya qarşı sanksiyaları gücləndirməyə, o cümlədən ikinci dərəcəli sanksiyalar tətbiq etməyə, Moskva Birjasına və Rosatom-a sanksiya tətbiq etməyə və neft gəlirlərini Rusiya üçün gəlir mənbəyi kimi azaltmaq üçün neft qiymətlərinin yuxarı həddini aşağı salmağa çağırıb.
Assambleya, həmçinin Rusiyanın demokratik qüvvələri ilə dialoq üçün təmas platforması yaratdığını bildirib və bu mövzuda Baş Məruzəçinin yaradılmasını istəyib.

 

Pərviz Həşimli

Fransa/Strasburq

Gununsesi.info