“Azərbaycanın gücü sülhün əsas təminatçısıdır”

“Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında bir məqam xüsusi diqqət çəkdi, hərbi məqsədə çatdıqdan sonra dayanmaq və sülh təklif etmək. Azərbaycanın yaşadığı işğalı, itkiləri və uzun illərin nəticəsiz danışıqlarını nəzərə aldıqda bu mövqenin əhəmiyyəti daha aydın görünür”.

Gununsesi.info bildirir ki, bu fikirləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib:

“Otuz ilə yaxın insanlar doğma evlərinə qayıdacaqları günü gözlədilər. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardı, onların icrasını təmin edən təsirli addımlar isə yox idi. Bu illərin Azərbaycan cəmiyyətində yaratdığı ədalətsizlik hissini heç bir siyasi təhlildə, müzakirələrdə  kənara qoymaq olmaz.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa etdi. Qələbədən sonra sülh gündəliyini irəli sürməklə regionun gələcəyi üçün də məsuliyyət götürdü. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi mətninin paraflanması bu siyasətin konkret nəticələrindən biridir”.

O qeyd edib ki, sənədin paraflanması bütün problemləri həll etmir. Razılaşmaların icrası, münasibətlərin normallaşması ardıcıl iş tələb edir:

“Azərbaycanın təşəbbüsünə Ermənistan da əməli addımlarla cavab verməlidir. Prezidentin Bakıdakı çıxışının əsas mesajını çox acıqdır, Azərbaycan əldə etdiyi qələbənin bölgəyə uzunmüddətli təhlükəsizlik gətirməsində maraqlıdır.  Bölgədə uzunmüddətli  sülhün təmin edilməsi məqsədilə Azərbaycan iki istiqamətdə fəal çalışır. Birincisi sülh gündəliyinin irəliləməsi və səmərəli icrası, ikincisi sülhə, təhdidlərin aradan qaldırılması, mümkün risklərin, təhlükələrin qarşısının alınması üçün güc, hərbi qüdrət  amilinin aktual saxlanılması. Azərbaycan sülhü öz gücü ilə təmin etdi, onu öz gücü ilə qorumağa da qadirdir. Hərbi qarşıdurma başa çatsa da, Ermənistanda revanşizm meyilləri, xarici güclərin təhrikçi siyasəti hələ də ciddi təhdidlər yaradır. Azərbaycanın gücü, hərbi potensialı sülhün əsas təminatçısıdır.

Eyni zamanda Azərbaycan Prezidenti Azərbaycan nümunəsində bir daha dünyaya gücün əsas missiyasının ədaləti, sülhü  təmin etməli olduğunu da xatırlatdı. Azərbaycan təcrübəsi də göstərdi ki, münaqişələrin həlli üçün mövcud beynəlxalq mexanizmlər işləmir, böyük ölkələr, beynəlxalq təşkilatlar bu mexanizmləri öz maraqlarına tabe etdiriblər. Bunu dəyişmək üçün yeni baxış, yanaşma mütləqdir. Əks halda münaqişələr, müharibələr daha da intensivləşəcək”.

 

 

Gununesi.info