Yanvarın 13-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub.
Gununsesi.info xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak ediblər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparıblar.
Çempionatın sonuncu günündə yunan-Roma güləşi yarışlarında 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələri üzrə 84 idmançı mübarizə aparıb. Yarışda Mehrac Kərimov (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Azərbaycan çempionatının sonuncu günündə qalib gələn idmançılar AGF tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Yarışda ilk üç yeri tutan idmançılar yığma komandanın heyətinə cəlb olunub və il ərzində millinin qatılacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Gununsesi.info