İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR

2019-cu il iyunun 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində yenilənərək istifadəyə verilən həyətin satıldığı barədə iddialar var.

Bu barədə Gununsesi.info -ya yaxınlıqda yaşayan sakinlər məlumat veriblər.

Sakinlərin iddiasına görə, həmin həyətdə gecələr gizli işlər görülür, ağaclar kəsilir.

Sakinlər bildirirlər ki, əvvəl həyətdə uşaq meydançası salınıb, ağaclar əkilib və abadlaşdırma işləri aparılıb. Sonradan isə gecə saatlarında həmin ərazidə söküntü işlərinə başlanılıb, ağaclar çıxarılıb, uşaq meydançasındakı yelləncəklər və sürüşkənlər sökülüb.

Onların sözlərinə görə, ərazi yüngül konstruksiyalı tikili üçün hazırlanır:

“Ötən gecə ağaclar çıxarılıb, uşaq meydançası sökülərək yer tikinti üçün hazır vəziyyətə gətirilib. Tikinti işlərinə yaxın günlərdə başlanacaq.

Hazırda Xudu Məmmədov küçəsi 41 ünvanının yaxınlığındakı digər boş ərazidə də hazırlıq işləri aparılır”.

Görünür, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev özünə yeni “biznes” qurur.

Burada ortaya çıxan məsələ isə budur ki, icra başçısı sakinləri yox, biznes məqsədlərini üstün tutur.

İllər əvvəl abadlaşdırılaraq istifadəyə verilmiş həyətin bu gün sökülməsi, eyni zamanda yaşıllıqların məhv edilməsi bu gün ərazidə yaşayan sakinləri ciddi şəkildə narahat edir.

Onu da qeyd edək ki, bu kimi hallar dövlət vəsaiti hesabına görülən işlərin taleyini, həmçinin ictimai maraqların necə qorunduğunu da sual altına qoyur. 

Gununsesi.info  olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info