
Bu gün səhər tezdən adımı bir çox təbrik statuslarına tag edilmiş gördüm. Dəyərli həmkarlarımın, sadiq tamaşaçılarımın Televiziya və radio günündə bizi unutmamasına şad, Terminologiya Komissiyasının əndrəbadi “ tag” sözünə qarşılıq tapmamasına o qədər naşad oldumsa, bir jurnalist dostumun mesajına ikiqat daha artıq üzüldüm. O da bir vaxtlar televiziya müxbiri olub. Mənimlə eyni komandada çalışıb. Mən “İç xəbər”də, o “Növbətçi”də. Söhbət jurnalist dostum Azər İsrafilovdan gedir.
Bilmirəm tamaşaçı üçün bu ad nə qədər yadda qalan olub, amma tanıyanlar Azəri tanıyır. Azərbaycan sözünün kökünü, azərbaycançılığın bir zərrəsini adında və mahiyyətində daşıyan eloğlumuzdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, mən onu tanıyanda hətta hüquq fakültəsində ikinci təhsil alırdı. Yəni demək istədiyim odur ki, qabiliyyətlidir, kolllektivdə səmimi münasibəti ilə həmişə fərqlənib, bir jurnalist kimi çevikliyi və informasiya əldə etmək səriştəsi var.

Amma Allah Şeytana lənət eləsin. Arada Azərin saqqızını necə oğurladısa, dostumuz günlərin bir günü həbsxanaya düşdü. Vəssalam. Ya zəlzələdən, ya vəlvələdən Azərbaycan reallığında həbsxanaya düşmək sağ ikən qəbrini qazmaq deməkdir. Azər cəzasını çəkib çıxdı, türklər demişkən, bədəlini ağır ödədi, həbsxana onun əlindən hər şeyini aldı. Ailəsini, işini, hüquq fakültəsini, hətta hüquqlarını da belə. Amma biz hələ də onu cəzalandırmaqda israrlıyıq. Adam az qala iki ildir özünə iş axtarmaqla məşğuldur. Ölkədə 10-a yaxın televiziya, radio, nə bilim yüzlərlə qəzet-jurnal, sayt, gəl ki, Azəri heç kim yaxına buraxmır. Səbəb?
Həbsxanada yatmısan, olmaz. Niyə olmaz əzizlərim? Axı bu ölkədə ” Penitensiar müəssisələrdə cəzaçəkmədən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında “ qanun var. O qanuna görə, keçmiş məhkuma hökümət birdəfəlik yardım verməlidir, evi yoxdursa yaşayış yeri ilə təmin olunmalıdır. Bu adam bunların heç birini istəmir. Bu adam iş istəyir. Hansı ki, sözügüdən qanunda da keçmiş məhbusun işlə təminatı ən vacib məqamlardan biri kimi nəzərdə tutulur. İşləsin ki, ikinci dəfə həbsxanaya düşmək istəməsin. İşləsin ki, özünü cəmiyyətin bir hissəsi kimi hiss etsin.Səhv etmirəmsə, bununla Əmək Və Əhalinin Sosial müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətində məşğul olurlar. Amma necə məşğul olurlar, bunu bimirəm?!. Fakt odur ki, həbsxanadan çıxanlar ya təzədən həbsxanaya qayıtmaq haqqında düşünür, ya da intihar haqqında. Azər ikincilərdəndir. Bu gün mənə mesajında hər şeydən yorulduğunu, yaşamaq istəmədiyini, intihar edəcəyini yazıb. İnanın, ürəyim parçalandı. Dərhal tanıdığım bir-iki jurnalist dosta yazdım, Azər üçün kömək istədim. Hərə bir bəhanə, hərə bir səbəb. Niyə axı? Adam ali təhsilli jurnalistdir. Kriminal sahə üzrə əla xəbər müxbiridir. Yaxşı əlaqələri var. İnformasiyanı birinci əldə etmək üçün əldən-ayaqdan gedir. Bu cür məziyyətlər indi hər müxbirdə yoxdur. Başqa sizə nə lazımdır? Niyə adamların keçmişi gələcəyinə bu qədər əngəl olmalıdır? Anlamağa çətinlik çəkirəm..
Viktor Hüqonun “Səfillər”ini oxuyanda balacaydım. Sonra bir də ağlım başımda oxudum o kitabı. BDU-nun ikinci kursunda müəllimimiz Nüşabə xanımın oxumağı vacib bildiyi kitablar sırasındaydı “Səfillər”. İndi yenə fürsət axtarıram ki, bir də oxuyum. Həyat dərsidir o kitab və məncə biz millət olaraq da bu kitabı oxumalıyıq. Oxumayana zorla oxutdurmalıyıq. Eynən Vasif Talıbov sərəncamla oxutduran kimi.
Bu əsərdə Jan Valjan obrazı var, bilirsiz. Çörək oğurladığı üçün həbsxanaya düşür. 19 il katorqa həyatı yaşayır, ayaqlarına dəmir kündələr vurulur, amma əsl katorqanı-cəhənnəmi azadlıqda görür. İnsanlar biləndə ki, o katorqada yatıb, üzərində sarı pasport daşıyır, onu qapıdan qovur, onu təhqir edirlər. Sonradan özü yepiskopa belə deyir; “ it damında da mənə yer olmadı. İt də məni dişlədi qovdu, eynən insanlar kimi.” Amma maraqlıdır ki, o bütün bunların acığını ona yaxşılıq edən, evində ona sığınacaq verən yepiskopdan çıxır.
Gecəykən onun gümüş qab-qaşığını oğurlayıb qaçır. Amma yepiskop nə edir? Jan Valjanı yenidən həbsxanayamı qaytarır? Yox. Ona deyir ki, bu gümüşləri namuslu adam olmaq üçün sərf edəcəyinizi mənə vəd etdiyinizi heç bir zaman unutmayın. Jan Valjan çaşqın bir halda baxır. O belə bir vəd verdiyini qətiyyən xatırlamır. Jan Valjan- Tulon katorqasının keçmiş məhbusu sonrakı həyatında ciddi uğur və sərvət qazanır. Hərçənd o, təkrar qazamatı da qazana bilərdi. Onu xilas edən o mərhəmətli insan olmasaydı!
Hüqo bu əsəri 19-cu əsrin ortalarında yazıb. Az qala iki əsrdən sonra biz hələ də məhbusların cəmiyyətə adaptasiyasını müzakirə edirik. Hər dəfəsində də günahkar onlardır. Bəs biz? Heçmi günahsızıq? Ürəyimizdə heçmi mərhəmət yoxdur?
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist
Gununsesi.info









