
Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhu Hüseynovun sədrliyi ilə Tərtər rayonu hərbi məhkəməsində hakim vəzifəsində işləyən Elbəyi Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi vuraraq hadisə yerindən qaçan Rəhim Kərimovun cinayət işi üzrə prosesi keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə şahid qismində dindirilən Raul Şükürlü vəkillərin suallarını cavablandırıb.
Daha sonra digər şahid, təqsirləndirilən şəxsin dostu Musa Mahmudov ifadəsində bildirib ki, hadisə baş verən gün Rəhim Kərimovun sürdüyü maşında olub: “Avtomobili Rəhim özü idarə edirdi. Hadisədən sonra rəhmətə gedən şəxsi maşının altından çıxardıq. Onu xəstəxanaya aparmağımıza imkan vermədilər. Dedilər ki, təcili tibbi yardım maşını gəlməlidir. Həmin vaxt Rəhim də qışqırırdı. Onun qolu ağrıyırdı. Sonra təcili tibbi yardım maşını çağırmaq üçün zəng etdilər. Hadisə yerinə polis əməkdaşı da gəlmişdi. Bir qədər sonra qəza yerinə gələn bir qadın qışqırırdı ki, balamı niyə belə etdiniz… Deyəsən, rəhmətliyin anası idi”.
Şahidin sözlərinə görə, qəzadan sonra Rəhim Kərimovu hadisə yerindən taksi ilə yola salıblar: “Raulla biz orada qaldıq. Bir qədər sonra biz də oranı tərk etdik”.
Musa Mahmudov əlavə edib ki, 2010-cu ildən Rusiya Federasiyasında axtarışda olub. Rusiyada cinayət törətdiyini deyən şahid əlavə edib ki, barəsində axtarışa verilmə qərarı çıxarılıb. O, qəzadan əvvəl narkotik istifadə etmədiyini söyləyib.
Proses dekabrın 13-də davam edəcək.
İttihama görə, Rəhim Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham edilir.
Hadisə bu il mayın 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Rüfət Allahverdiyev mayın 12-də dünyasını dəyişib.
Tərtər Hərbi Məhkəməsinin hakimi olmuş Elbəyi Allahverdiyevin oğlu olan 19 yaşlı Rüfət Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi imiş.
Təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov Respublika Klinik Xəstəxananın baş həkimi olub.
Elbəyi Allahverdiyev əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim işləyib, sonradan iTərtər Hərbi Məhkəməsinə hakim təyin olunub. Bu qəzadan sonra Elbəyi Allahverdiyev Bakı Hərbi Məhkəməsinə təyinat alıb.
Elbəyi Allahverdiyev hazırda MTN generalı Akif Çovdarovun və dəstəsinin cinayət işi üzrə keçirilən məhkəmədə köməkçi hakimdir.
Gülnaz Qənbərli
Gununsesi.info











