Azərbaycana daha çox bu ölkələrdən turist gələcək - ƏBÜLFƏS QARAYEV

  • By admin
  • 02 May 2017 13:32

ebulfes qarayev

Bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sektorunun inkişafı prioritet istiqamətlərdən biri elan edilib.

Gununsesi.info xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Milli Məclisdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı  deyib.

Onun sözlərinə görə, Azərbaycanda Turizm Şurası yaradılıb və Şuranın tərkibində 18 dövlət orqanının nümayəndəsi çalışır: “Biz Azərbaycana daha çox turistlərin gəlməsinə nail olmalıyıq. Qanun layihəsində yeni turizm zonalarının yaradılması, keyfiyyət baxımından yeniliklər, elektron turizm xidmətlərinin geniş tətbiqi üçün müvafiq tədbirlər əksini tapıb”.

Nazir bildirib ki, ölkəyə davamlı turist axınını təmin etmək üçün monitorinq aparılıb və Azərbaycana daha çox turistlərin gələ biləcəyi 15 ölkə müəyyən edilib: “Görülmüş tədbirlər nəticəsində bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb. Belə ki, ötən ilin 3 ayı ilə müqayisədə bu ilin eyni dövründə ölkəyə gələn turistlərin sayı 25% artıbsa, müəyyən edilən 15 ölkədən Azərbaycana gələn turistlərin sayında 36%-lik artım qeydə alınıb”.

Nazir deyib ki, dövlətin apardığı ünvanlı siyasət öz səmərəsini verməkdədir.

Ə.Qarayev onu da əlavə edib ki, ölkədə sahibkarlığa yaradılan münbit şərait, turizm sənayesi ilə məşğul olan şirkətlərin fəaliyyətinə heç bir lisenziyaya ehtiyac duyulmaması burada öz müsbət effektini verməkdədir.

“Bununla belə ölkə başçısının qərarı ilə turizm reysterinin yaradılması turizm sənayesinin inkişafına öz bəhrəsini verəcək. Bütün bunlar ölkədə keyfiyyətli turizm xidmətinin yaradılmasına gətirib çıxaracaq”- deyə, nazir bildirib.

Mürtəza

Gununsesi.info