“Azəriqaz”ın əməkdaşları vətəndaşdan rüşvət tələb edir

  • By admin
  • 30 İyun 2016 11:00

saygac

 

Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən Bakı Kondinsioner Zavodunun bağ massivində yerləşən şəhərcikdə qaz, su və elektrik enerjisi xətlərinin çəkilməsi üçün vətəndaşlardan rüşvət tələb olunur. Bu haqda Gununsesi.info-ya şəhərciyin sakini Elmira Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Suraxanı rayonu Elektrik Şəbəkəsinin əməkdaşları evlərə sayğac quraşdırılması üçün 180 manat, “Azəriqaz”-ın rayon şöbəsinin əməkdaşları isə qazın çəkilməsi üçün 700-800 AZN rüşvət tələb edirlər: “Ərazidə yalnız imkanlı məmurların yaşadıqları evlərə qaz çəkirlər. Özünü SOCAR-ın əməkdaşı kimi təqdim edən şəxslər açıqca deyirlər ki, pulunu ver, qazını çəkək. Bu ərazidə hamı belə üsulla qaz çəkdirib. Burada məndən başqa hamıdan pul alıb, xətləri qoşdular. 72 yaşım var. Təqaüddə olan müəliməyəm. Dövlətin verdiyi pensiyayla zor-güc dolanıram. Olsaydı verərdim, təki qışın soyuğunda qazsız qalmayım. Hamı gəlir deyir ver, axı hardan alım verim. Bu boyda şəhərcikdə bircə küçənin də adı yoxdur. Neçə dəfə qonşularla yığışıb Rayon İcra Hakimiyyətinə şikayətə getdik. Dedik ki, küçələrə Milli Qəhrəmanlarımızın adlarını verin. Sakinlər Təcili Yardım çağıranda küçələrdə qalırlar. Bizi dinləyib “Probleminizi həll edəcəyik” desələr də, gələnlər rüşvətsiz iş görmürlər. Axı biz bu dövlətin vətəndaşıyıq. Bizim kimi imkansız vətəndaşlar problemini necə həll etsin? Hər gün telekanallardan bar-bar bağırıb deyirlər ki, qazlaşdırmanın aparılması dövlətin nəzarətindədir və bu xidmət pulsuzdur”-, deyən E. Sadıqova çıxılmaz vəziyyətdə olduğunu da qeyd edib. Mövzunu gündəmdə saxlayacağıq.

 

Gülnaz Qənbərli