“Bəraət hökmünün qəbul edilməsi üçün əsaslar olmalıdır” - Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev

  • By admin
  • 24 Fevral 2022 13:22

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanından sonra bu sahədə bir sıra işlər görülüb. Siz bu 3 ildə görülən işləri necə qiymətləndirirsiniz?

– Azərbaycan Respublikasında ən müasir beynəlxalq standartlara cavab verən və cəmiyyətdə yüksək nüfuza malik olan şəffaf ədalət mühakiməsi sisteminin formalaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür. Qeyd etdiyiniz Fərman siyasi iradə tərəfindən bu sahəyə verilən əhəmiyyətin növbəti təzahürü olmaqla görülməkdə olan və görüləcək tədbirlər üçün müəyyən mənada “yol xəritəsi” rolunu oynayır. Fərmanda dövlət qurumları, o cümlədən prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilmiş islahatları şərti olaraq 2 istiqamətə bölmək mümkündür – qanunvericilik və institusional.

Ötən müddət ərzində Fərmanda göstərilmiş tövsiyə və göstərişlərin icrası istiqamətində dövlət, o cümlədən prokurorluq orqanları tərəfindən hər 2 istiqamət üzrə əhəmiyyətli işlər görülüb.

Dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin artırılmasına dair verilmiş tövsiyələrin icrası ilə əlaqədar prokurorluq orqanlarında həyata keçirilən kompleks və hərtərəfli islahatlar çərçivəsində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin strukturu 2020-ci il iyulun 10-da yenidən təşkil olunmaqla yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçilərinin təyinatı həyata keçirilib.

Fikrimcə, Fərmanda nəzərdə tutulmuş tövsiyə və göstərişlər məhkəmə-hüquq sahəsində yeni mərhələnin başlanğıcı olmaqla onların müvafiq dövlət qurumları tərəfindən icrası sahəsində həyata keçirilmiş tədbirlər qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və ədalətli cəza siyasətinin həyata keçirilməsi işinə öz töhfəsini verəcək.

Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması da tövsiyə olunmuşdu. Prokurorluq bu tövsiyədən irəli gələrək hansı addımları atır?

– Ötən müddət ərzində Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsinə dair Baş Prokurorluğa edilmiş tövsiyələrin icrası ilə əlaqədar Ədliyyə Nazirliyi və Ali Məhkəmənin məsul vəzifəli şəxslərindən ibarət işçi qrup formalaşdırılmaqla qabaqcıl ölkələrin qanunvericilik və məhkəmə təcrübəsi təhlil edilmiş və cinayət və cinayət prosessual qanunvericiliyə dəyişikliklər edilməsi haqqında qanun layihələri hazırlanmaqla təqdim edilib və qanunvericilikdə müvafiq dəyişikliklər aparılıb.

Bu proses prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə həm qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində layihələrin hazırlanması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Ali Məhkəməyə müraciətlərin göndərilməsi, fikir ayrılığına səbəb olan müddəaların şərh edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilməsi kimi vasitələrdən istifadə olunur.

O cümlədən, Dövlət ittihamının müdafiəsi üzrə idarə tərəfindən dövlət ittihamının müdafiəsi təcrübəsi mütəmadi olaraq təhlil olunmaqla bu sahədə nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Orxan müəllim, məhkəmələrimizdə bəraət hökmlərinin sayının az olması ilə bağlı fikirlər səsləndirilir. Siz bu fikirlərlə razısınızmı?

– Bəraət hökmlərinin sayının az olması fikrinin nəticə kimi səsləndirilməsini öz-özlüyündə düzgün yanaşma hesab etmirəm. Bəraət hökmünün qəbul edilməsi üçün əsaslar olmalıdır və bu hər bir cinayət işinin xüsusiyyətindən, toplanmış sübutlardan, məhkəmələr tərəfindən həmin sübutların qiymətləndirilməsindən və sair hallardan asılıdır. Düzdür, bilirəm ki, bir sıra həmkarlarımız tərəfindən belə fikirlər səsləndirilir və müxtəlif ölkələrin statistik məlumatları ilə müqayisələr aparılır. Hesab edirəm ki, bu sahədə statistik müqayisədən daha çox hüquq sistemləri arasında olan fərqliliyə diqqət yetirilməlidir. Çünki bir sıra ölkələrdə məhkəməyədək icraat ölkəmizin hüquq təcrübəsindən əhəmiyyətli dərəcədə fərqlənir və şəxsə irəli sürülmüş ittiham üzrə araşdırmalar məhkəmə istintaqı zamanı aparılır. Azərbaycanda isə ibtidai istintaq və ilkin araşdırma institutları mövcuddur və bu mərhələlərdə bəraətverici əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında statistik olaraq kifayət qədər əhəmiyyətli həcmdə qərarlar qəbul olunur. Məsələn, təkcə 2021-ci il ərzində istintaq qurumları tərəfindən 1883 cinayət işi bəraətverici əsaslarla xitam olunub. Yəni rəqəmlərlə çox sizi yormaq istəmirəm. Bircə faktı qeyd etmək istərdim ki, 2021-ci il ərzində cinayət xarakterli materialların təqribən 73%-i üzrə bəraətverici əsaslarla cinayət işinin başlanması rədd edilib, icraatda olan cinayət işlərinin isə 5,4%-i üzrə bəraətverici əsaslarla xitam qərarları qəbul edilib. Bu qərarlar da mahiyyət etibarı ilə bəraət deməkdir.

Həmin fikirləri səsləndirənlər bəraət hökmlərinin sayının az olmasını bəzi hakimlərin dövlət ittihamçısından ehtiyat etməsi ilə əlaqələndirirlər. Yəni, onların fikrincə, hakim qərar qəbul edərkən prokurorun mövqeyini daha çox nəzərə alırlar. Bəs bu fikirlərə münasibətiniz necədir?

– Bu fikirlə qətiyyən razı deyiləm. Bu məntiqlə bəraət hökmü ümumiyyətlə olmazdı. Hakimlərin müstəqilliyinə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilir. Dövlət ittihamçısı məhkəmədə dövlət ittihamını müdafiə edir və onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə protest vermək hüququna malikdir. Bu protestlərə isə yuxarı instansiya məhkəmələri tərəfindən baxılır. Statistik göstəricilər də onu deməyə əsas verir ki, təcrübədə kifayət qədər hallarda bəraət hökmlərindən ümumiyyətlə protest verilmir və ya verilmiş protestlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin olunmur. Eyni zamanda, dövlət ittihamçıları tərəfindən bir sıra cinayət işləri üzrə cinayət təqibindən bəraətverici əsaslarla imtina olunması halları da mövcuddur. Təbii ki, məhkəmə icraatı zamanı dövlət ittihamçıları cinayət prosesinin iştirakçısı kimi ittiham tərəfi olaraq bütün prosessual imkanlardan istifadə edərək ittihamı müdafiə edirlər, lakin bu heç də o demək deyil ki, yekunda ittiham hökmünün qəbul edilməsi dövlət ittihamçısı üçün prioritetdir. Dövlət ittihamçısı üçün prioritet cinayət işi üzrə ədalətli, qanuni və əsaslı hökmün qəbul edilməsidir. Bu bəraət hökmü də ola bilər, ittiham hökmü də.

Məhkəmədə çəkişmə prinsipində müdafiə və ittiham tərəfi arasında bərabərliyin qorunması səviyyəsindən razısınızmı? Çünki bununla bağlı da müəyyən tənqidi fikirlər səsləndirilir…

– Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilib ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Yəni ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri tərəflərin hüquq bərabərliyidir və eyni zamanda, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Cinayət mühakimə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir. Bundan əlavə, cinayət prosessual qanunvericiliyində də tərəflərin bərabərliyini təmin edən kifayət qədər prosessual imkanlar nəzərdə tutulub. Təhlillər də göstərir ki, məhkəmələrdə baxılan işlər üzrə tam və ya qismən bəraət hökmləri, o cümlədən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül maddəsinə tövsif edilməsi barədə qərarlar qəbul olunur. Cinayət prosessual qanunvericilik müdafiə fəaliyyətini təkcə bəraət hökmünün qəbul edilməsi ilə əlaqələndirməyib, burada irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyət nəzərdə tutulur. Bu baxımdan hesab etmirəm ki, tərəflər arasında bərabərliyin təmin olunmasında hər hansı bir fərq mövcuddur.

Orxan müəllim, bəzən vəkillərin qaldırdığı vəsatətlərə dövlət ittihamçıları heç bir əsaslandırma olmadan “təmin edilməsin” deyə reaksiya verir. Bu doğrudurmu? Dövlət ittihamçısı qaldırılan vəsatətin təmin olunmamasını xahiş etdikdə bu zaman əsaslandırma zəruridirmi?

– Hesab edirəm ki, dövlət ittihamçıları qaldırdıqları vəsatətləri hər bir halda kifayət qədər əsaslandırmalıdırlar və onların qarşısında müvafiq tələb qoyulub. Vəkillər tərəfindən qaldırılan vəsatətlərlə bağlı isə qeyd etdiyiniz məsələ təhlil olunmalıdır. Düzdür, təcrübədə bəzən eyni vəsatətlərin bir neçə dəfə qaldırılması, habelə cinayət prosesi iştirakçıları tərəfindən hər hansı əsaslandırma aparılmadan vəsatətlərin verilməsi halları da mövcuddur. Xüsusi qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı vəsatətlər məhkəmə qarşısında qaldırılır və qərar da məhkəmə tərəfindən qəbul edilir. Odur ki, burada əsas diqqətin dövlət ittihamçısının reaksiyasına deyil, müvafiq məhkəmə qərarlarına yönəldilməsini daha məqsədəmüvafiq hesab edirəm.

Dövlət ittihamçısı tərəfindən elə məhkəmənin hazırlıq iclasında müəyyən hüquq pozuntuları ilə əlaqədar cinayət işinin ibtidai istintaqa qaytarılması və işin yenidən araşdırılması ilə bağlı vəsatətlərin də şahidi oluruq. Bilmək istərdik, ötən il ibtidai istintaqa qaytarılan işlərin sayı nə qədər olub?

– Bildiyiniz kimi, cinayət-prosessual qanunvericiliyin 303-cü maddəsinə müvafiq olaraq məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilməsi müəyyən edildikdə cinayət işinin baxılmasına xitam verilir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılır. İdarənin dövlət ittihamçılarının iştirakı ilə 2021-ci il ərzində məhkəmələrdə baxılmış cinayət işlərindən 161 şəxs barəsində 128 cinayət işi Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Təhlil göstərir ki, belə kobud pozuntular daha çox təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair qanunvericiliyin tələblərinin pozulması halları ilə əlaqədar olub. Bu istiqamətdə dövlət ittihamçıları tərəfindən kifayət qədər prinsipiallıq göstərilir, lakin eyni zamanda istintaq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə də mütəmadi olaraq seminar, məşğələ, qarşılıqlı müzakirə və məsləhətləşmələr aparılır.

Son dövrlər vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı Ali Məhkəmənin Plenumu tərəfindən qərarlar qəbul olunub. Buna münasibətiniz necədir? Ümumiyyətlə, prokurorluq bu istiqamətdə Ali Məhkəməyə müraciətlər göndərirmi?

– Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsinə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi tövsiyə edilib, eləcə də qanunvericilikdə bu məqsədə xidmət edən mütərəqqi normalar təsbit edilib.

Belə ki, cinayət-prosessual qanunvericilikdə müvafiq dəyişiklik edilməklə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahı cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyır” müddəaları çıxarılıb və müvafiq olaraq həmin Məcəlləyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarının nəzərə alınmasının məcburiliyini müəyyən edən müddəalar əlavə edilib.

Bu baxımdan cinayət və cinayət prosessual qanunvericiliyi tətbiqi ilə bilavasitə məşğul olan Baş Prokurorluq tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Ali Məhkəmə ilə qarşılıqlı əlaqələrin səmərəliliyi daha da artırılıb və təkcə 2021-ci il ərzində konkret təkliflər irəli sürülməklə 5 belə müraciət göndərilməklə bir sıra Plenum qərarlarının müddəalarının təkmilləşdirilməsi zərurəti diqqətə çatdırılıb.

Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə Cinayət Məcəlləsinin müxtəlif maddələrinin şərh edilməsi ilə bağlı sorğular göndərilir. Bu, Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində hər hansı boşluqların olmasından irəli gəlir?

– Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericilikləri ən müasir beynəlxalq standartlar, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qəbul edilmiş və ötən müddət ərzində mütəmadi olaraq bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi işi həyata keçirilib. Lakin nəzərə almaq lazımdır ki, ictimai həyat olduqca mürəkkəb və dinamikdir. Yeni ictimai münasibətlər yaranır və ya mövcud ictimai münasibətlərin tənzimlənməsi zamanı əvvəllər rast gəlinməyən yeni aspektlər ortaya çıxır. Bu baxımdan həm yeni normayaratma fəaliyyəti, həm də mövcud normaların yeni baxışla şərhinə zərurət yaranır. Bu, təbii bir prosesdir. Bəzən eyni mətn fikir ayrılığı və ya fərqli yanaşmaya səbəb olur və bu baxımdan Konstitusiya Məhkəməsi tərəfindən qanunvericiliyin şərh olunması önəmli bir alətdir və hüquq sisteminin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır. Məsələn, təkcə 2021-ci il ərzində Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 3 sorğu verilib, habelə digər subyektlər tərəfindən verilmiş 10 sorğuya dair rəy təqdim edilib.

Orxan müəllim, ökəmizdə “Elekton məhkəmə” informasiya sisteminin tətbiqi dairəsi genişləndirilir. Xüsusilə, pandemiya dövründə məhkəmə proseslərinin onlayn qaydada keçirilməsinin şahidi olduq. Necə düşünürsünüz, onlayn məhkəmə iclasları ədalət mühakiməsinin səmərəliliyinə necə təsir edir?

– Qeyd etdiyim kimi, ictimai həyat dayanmadan inkişaf edir. Müasir informasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə sirayət edir və bu proses yaxın gələcəkdə daha da dərinləşəcək.

“Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ədalət mühakiməsinin əlçatanlığı və şəffaflığının artırılmasına xidmət etməklə yanaşı, pandemiya dövründə daha da aktuallaşıb, bir sıra hallarda proseslər videokonfrans vasitəsi ilə keçirilib ki, bu proseslərin tezliyini təmin etməklə səmərəliliyini artırıb, təqsirləndirilən şəxslərin (məhkum edilmiş şəxslərin) cəza çəkdiyi və ya saxlanıldığı müəssisələrdən məhkəmə zallarına daşınması, onların təhlükəsizliyinin təmin edilməsi və müvafiq xərclərə qənaət edilməsinə səbəb olub, pandemiya ilə mübarizədə də öz töhfəsini verib.

Bununla yanaşı, elektron məhkəmə sisteminin tətbiqi ilə proses iştirakçılarının məhkəməyə ünvanlanmış vəsatət, etiraz və digər müraciətlərin vaxtında, əlavə xərc çəkilmədən göndərilməsi, qeyd edilən sənədlərlə cinayət prosesinin digər iştirakçılarının isə elektron kabinet vasitəsi ilə dərhal tanış olmaları, həmçinin məhkəmə tərəfindən qəbul edilmiş hökm və ya qərar barədə dərhal məlumatlanmaqla əldə edilməsinə, bununla da tərəflərin hüquqlarının daha etibarlı və operativ müdafiəsinə şərait yaradıb.

Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, hazırda prokurorluq orqanlarında da “Elektron prokurorluq” informasiya sisteminin yaradılması üzərində iş gedir və yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulub. Hesab edirəm ki, bu sistemlərin inteqrasiyası, habelə informasiya texnologiyalarının tətbiqi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına ancaq müsbət təsir edə bilər.

Gununsesi.info