Baldızını qaçıran qızıldiş -Yaxud Qızıldaşın daş karxanaları qızları necə fahişəyə çevirir

  • By admin
  • 07 Oktyabr 2016 11:32

l%c9%99man

Cəlilabaddan olan 14 yaşlı qızın  bacısının ərinə aşiq olub evdən qaçması bir neçə gündür ki, mətbuatın gündəmindən düşmür. Bir neçə gündür ki, mən də tərəddüd içindəyəm. Yazım yazmayım?-diılemması qarşısında nəhayət yazım qərarını verdim. Ona görə yox ki, kiməsə ağıl vermək, kimisə qınamaq fikrindəyəm.Əsla!  Ona görə ki, bu hadisədə adı keçən adamın-Ələmdarın, yəni baldızına gözü düşən GƏDƏnin işlədiyi yer, onun məşğuliyyəti  və azyaşlını qaçırdığı ünvan yadıma başqa bir hadisəni saldı.

Bir neçə il bundan qabaq “İç xəbər”in poçt qutusuna bir məktub gəldi.  Məktubu yazan  Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki  8 saylı  texniki peşə məktəbinin uşaqları idi. Hansı ki, əksəriyyəti, bəlkə də elə hamısı internat məktəblərdə böyümüş atasız-anasız, yersiz-yurdsuz yetimlərdi.  Yazırdılar ki, Qurban bayramında onlar üçün göndərilən qurbanlığı peşə məktəbinin direktoru evinə aparıb. Qızıldaşa gedib peşə məktəbindəki əsl qurbanlıqları görənə qədər  elə bilirdim ki, qurban əti mövzusu ilə gündəmi dəyişəcəm. Amma məlum oldu ki, bəli, sözün əsl mənasında  Qurbanlıqlar bu məktəbdədir. Onlar Rəbbimin insanlara göndərdiyi dördayaqlılar deyil, onlar  gül kimi qızlardır, amma həm də “gül kimi” qızlar deyil. Onları dəriblər, qoxlayıblar və sonra da atıblar. Kim?  Qızıldaşdakı daş karxanalarında işləyən daş ürəklilər. Hələ də yadıma düşəndə qanım donur . Peşə məktəbinin gənc qızlarından bircəciyi də burda ən qədim peşəyə yiyələndiklərini bizdən gizlətmək niyyətində deyildilər. Onlardan biri Günel idi. Əslən Şirvan rayonundan olan Oğlan özünü soyuducu ustası kimi təqdim etmiş, sonra da öz işini ustalıqla görərək aradan çıxmışdı. Günel qucağında nigahdan kənar doğduğu körpə ilə ortalıqda qalmışdı. Dəfələrlə daş karxanasına getmişdi ki, uşağın atasını bəlkə orada tapdı, amma onu gördüm deyən olmamışdı. Sonra Elvina, sonra Sona..Hər biri su sonası kimi qızlardı, gəl ki, Qızıldaşın qızıldiş oğlanları hərəsini bir cür bədbəxt eləmişdi. İndi Cəlilabaddakı 14 yaşlı  qız dramı mənim yadıma bu hadisəni məhz ona görə saldı ki, Ələmdar da o qızıldişlərdən biridir. Görünür, Qızıldaşın daş karxanalarında işləyənlərin arasında  daş dövrünün qanunları ilə yaşayanlar var.  Ya da , onlar üçün  nümunə o dövrün canlılarıdır. BU qəbilə təfəkkürlü adamlar üçün baldızı qaçırmaq da, arvad eləmək də, hətta  hər iki bacını bir dam altda saxlamaq da olar. Hər halda, Ələmdarın anası oğlunun cəzasız qalması üçün bu ehtimalı da  dilə gətirib.  Təəssüf etməkdən başqa əlimizdən heş nə gəlmir. Çünki, ana,  bu oğulu doğub tərbiyə edən qadın hələ ki, qanundan, ədalətdən danışmaq iqtidarında deyil. Daha doğrusu o hələ bu mədəniyyətin daşıyıcısına çevrilməyib. Əgər o ana  azyaşlı qızı qaçıran oğlunu himayə etməkdənsə, onu hüquq-mühafizə orqanlarına  təhvil vermək haqqında düşünsəydi, o zaman nəyəsə ümid etmək olardı. Təəssüf ki, bu ana da bir çox başqa analar kimi öz uşağının təəssübünü çəkir, özgənin uşağının yox. Deməli, hələ normal cəmiyyyət qura bilməmişik. Hələ inkişaf eləməli, təhsil almalı, oxumalıyıq ki, daş dövrünün adamlarına oxşamayaq.  Buna nail olsaq, daş karxanalarında fəhləlik edən Ələmdarlar da qorxulu olmayacaq.

 

at1

Ləman Ələşrəfqızı