Binəqədi hadisəsində həbs edilənlərin məhkəməsi olub

  • By admin
  • 30 İyun 2016 14:46

bina

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Orxan Novruzovun Gununsesi.info-ya verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslər ötən prosesdə vəkillər tərəfindən verilən vəsatətlərə münasibət bildiriblər. Vəkillər vəsatətlərin təmin edilməsini tələb etsələr də, prokuror Fərid Nağıyev isə baxılmamış saxlanılmasını istəyib. Məhkəmə vəsatətləri təmin etməyib. Prosesin baxış iclası iyulun 11-ə təyin edilib. Qeyd edək ki, ötən prosesdə vəkillər cinayət işinə xitam verilməsi, işin ibtidai istintaqa qaytarılması, təqsirləndirilən şəxslərin azadlığa buraxılmaları barədə vəsatətlər veriblər. Dünənə təyin olunan məhkəmə prosesi isə təqsirləndirilənlərdən biri – Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzovun prosesə gətirilməməsi səbəbindən təxirə salınmışdı. Onun komaya düşdüyü bildirilirdi. Qəzənfər Novruzov bugünkü prosesdə iştirak edir. Ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.