Filmlərimiz Bolqarıstanın beynəlxalq film festivalında

  • By admin
  • 21 Dekabr 2016 16:12

bollll

“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, festival 12-29 yanvar tarixlərində Sofiya şəhərində keçiriləcək. Filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.

Qeyd edək ki, Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmi də festivala dəvət alıb. Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir.

Filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Kinoalmanaxın beynəlxalq premyerası Almaniyanın Kotbus Film Festivalının “Fokus” proqramında baş tutub.

“Qonşu qadın” filminin ssenari müəllifləri – İradə Bağırzadə və Anar Abbasov, quruluşçu rejissoru – Anar Abbasov, quruluşçu operatoru – Aleksey Şepilevdir. Baş rolları Gülzar Qurbanova və Cavanşir Hadıyev canlandırırlar.
“Kədərim” filminin ssenari müəllifi və quruluşçu rejissoru – Rüfət Həsənov, quruluşçu operatoru – Mixail Belkin, bəstəkarı – Roman Şulqadır. Baş rolları Roman Şulqa, Əli Nəsib və Teymur Nadir canlandırırlar.

“Yuxarıda və aşağıda” filminin ssenari müəllifi və quruluşçu rejissoru – Timur İsmailov, quruluşçu operatoru – Nadir Mehdiyev, bəstəkarı – Gökhan Ceylandır. Baş rolları Eyvaz Əliyev, Namiq Ağayev və Arzu Əhmədov canlandırırlar. “Yuxarıda və aşağıda” filmi “Umut” MDB ölkələrinin Gənc Film Forumunun müsabiqə proqramında “Ən yaxşı bədii film” diplomuna layiq görülüb.

“Dmitrov küçəsi 86” filminin ssenari müəllifi və quruluşçu rejissoru – Cəfər Axundzadə, quruluşçu operatoru – Əlişir Həmidhocayev, bəstəkarı – Rüstəm Zeynallıdır. Baş rolları Zemfira Sadıqova, Əlibəy Məmmədli, Abdul Mahmudov və Dilarə Kazımova canlandırırlar. Film Didor Beynəlxalq Film Festivalının müsabiqə proqramında iştirak edib.

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və İradə Bağırzadədir (Adari films).

Anar

Gununsesi.info