Nifrət belə başlayır -Araz Əsgərli yazır

Bir insanı alçaltmaq üçün həmişə zor tətbiq etməyə ehtiyac yoxdur. Bəzən bir neçə söz kifayətdir.

 

Kimsə uşağının şəklini paylaşır – görünüşü məsxərəyə qoyulur. Kimsə toyundan şəkil paylaşır – sevinci istehza obyektinə çevrilir. Kimsə fikir bildirir – fikrinə deyil, özünə hücum edilir. Mediaya çıxan bir hadisə isə bəzən araşdırılmadan, tərəflər dinlənilmədən emosional ittihamlarla qarşılanır.

 

Bunların hər biri ayrı-ayrılıqda kiçik görünə bilər. Amma nifrət çox vaxt məhz belə başlayır.

 

Bir müddət əvvəl uşaqlara yol hərəkəti qaydalarının izah edildiyi bir çəkiliş geniş yayıldı. Balaca bir uşaq ona az əvvəl öyrədilən qaydanı özünün başa düşdüyü formada ifadə etmişdi. Sadə və məsum bir məqam idi. Lakin görüntülər yayılandan sonra uşağın dedikləri deyil, özü müzakirə mövzusuna çevrildi. Sosial şəbəkələrdə ona qarşı istehza və ağır ifadələr səsləndi.

 

Əslində, məsələ o uşaq deyildi.

 

Məsələ bizim bir-birimizə münasibətimiz idi.

 

Niyə biz fərqli olana bu qədər asanlıqla qəzəblənir, onu tez mühakimə və alçaltmağı normal hesab edirik?

 

Bəzən isə belə münasibətlər daha böyük hadisələrin fonunda da üzə çıxır.

 

Yaxın günlərdə baş verən bir siyasi-diplomatik hadisədən sonra sosial şəbəkələrdə səslənən bəzi reaksiyalar bunu bir daha göstərdi. Konkret bir qərara və ya mövqeyə etiraz etmək əvəzinə, məsələ tədricən kimliyə və mənsubiyyətə yönələn ifadələrə çevrildi.

 

Bir hadisəyə etiraz başqa şeydir, insanları mənsub olduqları kimliyə görə hədəfə almaq başqa.

 

Bu gün “o belə etdi” deyirik.

 

Sabah “bunlar belədir” deməyə başlayırıq.

 

Nifrət də çox vaxt məhz belə başlayır.

 

Nifrət nitqini çox vaxt yalnız siyasi qarşıdurmalar, müharibələr və radikal çağırışlarla əlaqələndiririk. Halbuki gündəlik həyatda nifrətə zəmin yaradan daha səssiz davranışlar da var: görünüşə görə alçaltmaq, fərqli həyat tərzinə görə mühakimə etmək, uğuru kiçiltmək, fikrinə görə insanı təhqir etmək.

 

Bu, hələ hər dəfə hüquqi mənada nifrət nitqi demək deyil. Ancaq insanı fərqliliyinə görə alçaltmağı və təhqiri normallaşdıran dil zamanla daha təhlükəli münasibətlərin formalaşmasına zəmin yarada bilər.

 

Burada mühüm bir sərhəd var:

 

Tənqid başqa şeydir, təhqir başqa. Fikir ayrılığı başqa şeydir, düşmənçilik başqa.

 

Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığını fundamental hüquq kimi tanıyır. Bu hüquq insanın öz fikrini sərbəst ifadə etməsini və cəmiyyətdə fikir müxtəlifliyinin mövcudluğunu təmin edir. Eyni zamanda, insanın şərəf və ləyaqətinin qorunması da hüququn əsas prinsiplərindəndir. Beynəlxalq insan hüquqları standartlarında da ifadə azadlığı geniş şəkildə qorunmaqla yanaşı, başqalarının hüquq və nüfuzunun müdafiəsi ilə bağlı müəyyən məhdudiyyətlərin mümkünlüyü qəbul edilir.

 

Deməli, ifadə azadlığı susmaq məcburiyyəti yaratmır, amma başqasının ləyaqətini tapdalamaq üçün də sərhədsiz imkan vermir.

 

Nifrət nitqi isə sadəcə kobud və ya xoşagəlməz ifadə deyil. Xüsusilə insanları müəyyən qrupa aid olduqları üçün hədəfə alan, onlara qarşı ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik edən ifadələr daha ciddi hüquqi və ictimai risk yaradır.

 

Ona görə nifrət nitqi ilə mübarizə tənqidi susdurmaq demək deyil. Əksinə, demokratik cəmiyyət tənqid edə bilən cəmiyyətdir.

 

Fikri tənqid etmək olar. İnsanı alçaltmaq olmaz.

 

Çünki məsələnin mərkəzində insan ləyaqəti dayanır.

 

Ləyaqət insanın qazandığı status deyil. İnsan olduğu üçün ona məxsusdur. İnsan hansı vəziyyətdə olursa-olsun, hansı səhvi və ya cinayəti törətmiş olursa-olsun, insan olaraq qalır. Onun ləyaqətini alçaltmaqla ədalət bərpa olunmur.

 

Xalq arasında belə bir hikmət ifadə olunur: Kəbə evini dağıdıb yenidən tikmək mümkündür. Daş da, bina da, torpaq da bərpa oluna bilər. Amma insanın qəlbinə, onun mənəvi dünyasına vurulan zərəri bərpa etmək o qədər də asan deyil.

 

Hüquq bunu insan ləyaqətinin qorunması ilə ifadə edir. Mənəvi düşüncə isə daha sadə bir həqiqəti xatırladır: dağılan bir çox şeyi yenidən qurmaq olar, amma sınmış qəlbi əvvəlki halına qaytarmaq həmişə mümkün deyil.

 

Bəs nifrət haradan gəlir?

 

Bəzən daxili narazılıqdan, empatiya çatışmazlığından, fərqli olana dözümsüzlükdən. Bəzən isə sadəcə öyrənilmiş davranışdan.

 

Uşaq ətrafında gördüyünü öyrənir. Ailədə, məktəbdə, mediada və sosial şəbəkələrdə insanların bir-birinə necə münasibət göstərdiyini görür. Əgər fərqli düşünəni təhqir etmək normaldırsa, bu davranış da normal qəbul edilə bilər.

 

Deməli, problem yalnız bir şərhdə deyil.

 

Problem davranış modelindədir.

 

Sosial şəbəkələr bu davranışı daha görünən və sürətli edib. Ekranın arxasında qarşımızdakı insanın real olduğunu unutmaq asandır. Bir neçə saniyədə yazılan ağır söz isə qarşı tərəfdə uzun müddət qala bilər.

 

Media da bu prosesin mühüm iştirakçısıdır. Hadisənin təqdimat dili cəmiyyətin reaksiyasına təsir edir. Emosional və birtərəfli dil faktların yerini qəzəbin tutmasına səbəb ola bilər. Media yalnız cəmiyyətin güzgüsü deyil, həm də onun dilini formalaşdıran vasitədir.

 

Böyük ictimai hadisələrdə isə bu dil daha təhlükəli nəticələr doğura bilər.

 

Bir insana yönələn alçaldıcı münasibət zamanla qrupa yönələ bilər.

 

Fərqli fikir sahibi “qarşı tərəf” olur.

 

“Qarşı tərəf” isə “düşmən”ə çevrilir.

 

Beləliklə, söz olaraq başlayan münasibət ayrı-seçkilik və düşmənçilik üçün zəmin yarada bilər.

 

Ona görə məsələ yalnız kobud sözlərin sayını azaltmaq deyil. Məsələ insan hüquqlarına, ləyaqətə və fərqliliyə münasibətimizi dəyişməkdir.

 

Bəs nə etməli?

 

Empatiyanı, fərqli düşüncəyə hörməti, tənqidlə təhqirin fərqini öyrətməliyik. Uşaqlardan başlayaraq qarşımızdakı insanın hisslərini və ləyaqətini nəzərə alaraq danışmağı təşviq etməliyik. Mediadan və sosial şəbəkələrdən istifadə edərkən məsuliyyətli dil və davranış mədəniyyəti formalaşdırmalıyıq.

 

Və ən sadə qaydanı özümüzdən başlamalıyıq:

 

Fikri tənqid et, insanı yox.

 

Çünki qarşımızda sadəcə ekran yoxdur.

 

Qarşımızda insan var.

 

Bəlkə də həmin balaca uşağın hekayəsindən özümüz üçün ən böyük dərs budur: insanın dediyi ilə razılaşmaya bilərik, amma onun ləyaqətinə toxunmadan da etiraz edə bilərik.

 

Cəmiyyətin mədəniyyəti yalnız bir-birinə nə dediyində deyil, bir-birinə nə deməməli olduğunu bildiyi yerdə görünür.

 

Sülh insanın insana münasibətində, fərqliliyə hörmətdə və qarşı tərəfi alçaltmadan fikir bildirmək bacarığında başlayır.

 

Daha yaxşı cəmiyyət bəzən böyük şüarlardan deyil, yazmaq imkanımız olduğu halda yazmadığımız bir ağır sözdən başlayır.

 

Araz Əsgərli

Gununsesi.info