Gürcüstan hökuməti daha 15 məscidi müsəlman icmasına qaytarıb

  • By admin
  • 31 Avqust 2016 17:49

mescid

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ölkədəki daha 15 məscidin müsəlman icmasına qaytarılmasına, artıq dağılmaqda olan bir məscidin isə təmir-bərpasına icazə verib. Həmin məscid Gürcüstan hökumətinin maliyyə vəsaiti hesabına yenidən qurulacaq.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev AZƏRTAC-a müsahibəsində deyib ki, bu günədək Gürcüstan hökuməti 130 məscidin müsəlmanlara qaytarılmasına icazə verib. Ümumilikdə, Gürcüstanda 312 məscid dövlət qeydiyyatına alınıb. Onlardan bəziləri artıq xüsusi mülkiyyətə verilmiş torpaqlarda, bir hissəsi isə dövlət mülkiyyətində olan torpaqlardadır. Həmin məscidlərin də müsəlman icmasına qaytarılması istiqamətində danışıqlar gedir.

Yasin Əliyev qeyd edib ki, Gürcüstan hökuməti ölkədə tolerantlığın möhkəmlənməsi, dini icmaların, o cümlədən müsəlman icmasının normal fəaliyyət göstərməsi üçün bir sıra tədbirlər görür. Dini icmalara dövlət tərəfindən maliyyə yardımı göstərilir. Hökumət hər il dövlət büdcəsindən GMİ-nin hesabına pul köçürür. Bu il GMİ-nin büdcəsinə dövlət büdcəsindən 2,5 milyon lariyə yaxın vəsait ayrılıb. Bu da icma üzvlərinin əməkhaqlarının ödənilməsinə, məscidlərin təmiri, dini maarifləndirmə və s. işlərə sərf olunur.

Y.Əliyev Azərbaycan dövlətinin Gürcüstandakı müsəlman icmasına, eləcə də digər dini icmalara qayğısını da qeyd edib: “Azərbaycan dövləti də bizə xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Prezidentinin tapşırığına əsasən SOCAR Gürcüstanda fəaliyyət göstərən bütün məscid, kilsə və sinaqoqları pulsuz təbii qazla təmin edir. Bu, dini icmalara böyük köməkdir. Dini icmalar bunu yüksək qiymətləndirirlər. Biz bu qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığımızı bildiririk”.

Gununsesi.info