İslam dinində nəzir qutusu, nəzirvermə anlayışları yoxdur - FAZİL MUSTAFA YAZIR

  • By admin
  • 28 Yanvar 2022 21:42

Ümumiyyətlə, İslam dinində nəzir qutusu, nəzirvermə anlayışları yoxdur. Ola bilsin ki, insanlar dini başa düşmürlər. Nəzirvermə anlayışını hansı dindən götürüblər?!
Əgər dinləri İslamdırsa, İslamda nəzir, nəzirvermə anlayışı mövcud deyil. Dinləri xristiandırsa, gedib kilsədə şam yandırmalıdırlar. Dualarını etdikdən sonra qayıdıb evlərinə gəlməlidirlər.

Hətta duanın özündə də hər hansı bir maddi tələb yoxdur. Əlini göyə qaldırmadan da ürəyində Allaha dua edə bilərsən. Deməli, nəzir məsələsi İslamda, xristianlıqda, qriqoryanlıqda yoxdur. Bəs, bu nə dinidir?! Cahil insanların 100, 200, 500 ildir başlarını yeyib aldadıblar ki, sən nəzir verməlisən. Niyə verməlidirlər?!
Müasir dövrdə ianə forması var. İanəni də ona görə verirlər ki, məscidlərin, insanların ibadət yerlərinin işıqpulu, qazpulu problemləri olur, onları həll etmək üçün. Yəni, məscidi qorumaq üçün bu addımı atırlar. Biri “mənim şəxsi problemlərim həll olunacaq” – deyib Mirmövsüm ağanın qəbrinin üstünə qaçır. Digəri dağın başında üzərinə yaylıq örtülmüş bir pirin üzərinə yüyürür. Bir başqası əlinə əski parçası götürüb ağaca bağlayır ki, niyyətim yerinə yetəcək. Bunların hamısı cəhalət elementləridir.
21-ci əsrdə Azərbaycan insanının bunu etməsi cəhalətdən xəbər verir. Ola bilsin ki, hansısa yüz nəfərlik bir sekta bunu etsin. Bu, Avropada da, Amerikada da var. Psixoloji durumu pozulmuş xeyli insanlar olur ki, bunlar birləşirlər. Məsələn, tutaq ki, Corctaunda bir təriqət var idi, sonra hamısı özlərinə qəsd edərək öldürdülər. Bu cür rituallar həmin təriqətləri ayaqda saxlamaq üçün bir vasitədir. Azərbaycan xalqında isə bu, bütünlüklə belədir; sanki nəzir verməsələr, olmaz. Allahla müqavilə bağlayırlar ki, bu işim həll olunsun, qurban kəsəcəyəm. Bu cür absurd məsələnin qanunvericiliyə gətirilməsini də məqbul saymıram. Ümumiyyətlə, bu cür terminlərin qanunvericiliyə gətirilməsinin tərəfdarı deyiləm. “Nəzir qutusu” ifadəsinin özü tamamilə yanlışdır.

Fazil Mustafa

Millət Vəkili