“Trampın vədi seçiciyə təsir vasitəsinə çevrilə bilər” -Qulamhüseyn Əlibəyli:

  • Müəllif: Şəbnəm
  • 18 Sentyabr 2026 14:52

“Demokratik seçki baxımından təhlükəli bir məqamı ortaya çıxarır. Bu da seçicinin konkret maddi qazancını hakim partiyanın seçkidə qələbəsi ilə əlaqələndirməyin azad və demokratik seçkinin mahiyyətinə nə dərəcədə uyğunluğundan ibarətdir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Dövlət büdcəsi hakim partiyanın seçki fondu deyil. Dövlətin maliyyə resursları bütün cəmiyyətə məxsusdur. Hakim siyasi qüvvə vətəndaşın həmin resurslardan əldə ediləcək konkret şəxsi faydanı özünün seçkidə qələbəsi ilə əlaqələndirməyə başlayırsa, dövlətlə hakim partiya arasındakı sərhəd tədricən aradan qalxır. Həm də belə metod uğur gətirərsə, onun gələcək seçkilərdə təkrarlanmayacağına heç bir təminat yoxdur.

Seçkiqabağı təşviqatın belə aparılması siyasi proqramların rəqabətini tədricən dövlət xəzinəsindən seçiciyə kimin daha çox vəd edə bilməsi yarışına çevirə bilər. Təbii ki, belə yarışda hakim siyasi qüvvənin müxalifət qarşısında təbii üstünlüyü də yaranır. Müxalifət yalnız gələcəkdə nə edəcəyini vəd edə bilər. Hakimiyyət isə dövlətin mövcud maliyyə resurslarını öz siyasi kampaniyasının arqumentinə çevirmək imkanına malikdir. Bu baxımdan, dövlət resurslarından veriləcək konkret maddi faydanı hakim partiyanın seçkidə qələbəsi ilə əlaqələndirmək sadəcə sosial-iqtisadi vəd olmaqdan çıxaraq seçicinin iradəsinə maddi təsir vasitəsinə çevrilir.

Trampın çıxışının başqa bir hissəsi məsələni daha maraqlı edir. Prezident respublikaçıların qələbəsini 5000 dollarlıq “dividend”lə əlaqələndirməklə yanaşı, demokratların qalib gələcəyi halda ABŞ-ın “kommunist ölkəsi”nə çevriləcəyini və amerikalıları “cəhənnəm” gözlədiyini bildirib. Yəni seçiciyə bir tərəfdən mükafat vəd edilir, digər tərəfdən isə qorxu — rəqibin gəlib gəlməsinin təhlükəli olduğu aşılanır. Bu, siyasi ünsiyyət baxımından son dərəcə təsirli düstur ola bilər. Çünki mürəkkəb siyasi seçimi sadə “qazanc və itki” dilemmasına çevirir.

Burada isə demokratik seçki baxımından başqa bir mübahisəli məqam meydana çıxır. Demokratik seçkinin ayrılmaz hissəsindən biri də seçicinin öz iradəsini azad şəkildə formalaşdırmasıdır. Mükafat vədi və qorxu təlqini seçicinin öz iradəsini azad şəkildə deyil, maddi maraq və psixoloji təzyiqlə formalaşdırmasına gətirib çıxara bilər.

Məhz buna görə Trampın respublikaçılar qalib gələrsə bütün seçicilərə 5000 dollarlıq “dividend” vədinə, demokratlar qalib gələrsə isə amerikalıları “cəhənnəm”lə qorxutmasına yalnız Amerika seçki kampaniyasının növbəti qeyri-adi epizodu kimi baxmaq doğru olmazdı. Bu, Amerika demokratiyası üçün və bütün dünyada demokratik proseslər üçün təhlükəli bir presedentə çevrilə bilər”.

 

 

Günay

Gununsesi.info