Mənim sevimli diktorlarım Və bir də Elzanın qoz-fındığı

  • By admin
  • 05 Noyabr 2016 09:55

leman

Bir-iki il qabaq idi. Fəxri Xiyabandan bir az qabaqdakı dayanacaqda avtobusdan düşməli oldum. Sürücüyə pulu uzadanda tanış və doğma bir səs eşitdim. “Ləman xanım, sizin pulunuzu mən verdim” dedi. Baxdım ki, ucaboy, yaraşıqlı, ahıl bir adamdır. Adətən, belə situasiyalarla tez—tez qarşılaşdığımdan təşəkkür edib getmək istədim. Amma səsin sehri məni saxladı. Axı bu adamı üzdən qətiyyən tanımırdım. Bəs o səsi harda eşitmişdim? Deyəsən sualımı gözlərimdən oxudu. Dedi ki, məni tanımadınız? Mən Eldost Bayramam. Sonra da Azərbaycan Dövlət teleradio Şirkətində işlədiyini dedi. Amma o deməsə də belə , bu ad məni çoxdan uşaqlığıma aparmışdı.Onda bütün ölkənin bir  televiziyası və bir radiosu vardı. Bütün evlərdə olduğu kimi bizim evdə də hamı o bir televiziyaya baxır, bir  radionu dinləyirdi. Hələ də gözümün qabağındadır. Dərsdən evə qayıdan kimi mütləq radioya səs verər  və  günorta saat iki xəbərlərinə qulaq asırdım. “Danışır Bakı. Saat 14-dür” deyən diktor gah Eldost Bayram olardı, gah Məhəbbət xanım, gah Fatma Cabbarova, gah Züleyxa Hacıyeva və s…Onların səsinə görə üz quruluşlarını da  uşaq beynimdə təxmin edirdim. Düşünürdüm ki, o sifət mütləq belə olmalıdır! Ən böyük arzum da haçansa onları həyatda görmək idi. Bir də nə qədər sizə qəribə gəlsə də onların çatdırdığı xəbərlərin ünvanına getmək istəyirdim. Yaxın Şərqə, İordan çayının Qərb sahilinə, bitib-tükənməyən İsrail-Fələstin münaqişəsinin düz ortasına. Onda biz bəxtəvər sovet uşaqlarıydıq. Kommunizmin təntənəsuinə inanır, “Sehirli xalat”da Marsa uçurduq. Bizim üçün dünyanın yeganə münaqişə ocağı da İsrail-Fələstin münaqişəsi idi. Ordan başqa hər yerdə hamı şad-xürrəm yaşayırdı. Daha bilmirdik ki, düz qulağımızın dibində  Dağlıq  Qarabağ adlı münaqişə hazırlanır. Mənim orta məktəbi bitirdiyim il bu münaqişə başladı. Mən sevimli diktorlarımın səsini kənddəki evimizin  qara radiosunda qoyub onların yanına-Bakıya gəldim. Məsafəcə nə qədər yaxınlaşdımsa, bir o qədər uzaqlaşdım onlardan. Burda-qazan kimi qaynayan şəhərdə hamı müharibə ovqatına köklənmişdi. Xəbər deyilən məfhumun özü küçələrə çıxmışdı, daha onu radio dalğasından eşitmək istəmirdin. Ya bəlkə, bunu istəməyən təkcə bir mən idim, bilmirəm. O vaxtdan radionu demək olar ki, dinləmədim. Yalnız ara-sıra yuxuda dinləyirdim. Yuxuda görürdüm ki, mən məktəbdən gəlmişəm, Gurhagur yanan odun sobasında anamın bişirdiyi  günorta yeməyi də stolun üstündə məni gözləyir. Yeməyə oturmazdan qabaq  radioya səs verirəm, tanış diktor İsrail-Fələstin münaqişəsindən. İordan çayının Qərb sahilindən danışır…

İllər sonra yolum İordaniya  Krallığından düşdü. Dünyaca məşhur İordan çayını görmək mənə nəsib oldu. İllər sonra sevimli diktorlarımı da gördüm, bəzilərini yaxından, bəzilərini uzaqdan tanıdım. Amma onların işlədiyi radionu, o səviyyəni, o mühiti  daha heç yerdə görmürəm. Bu gün radioların da sayı çoxdur,aparıcıların da. Amma mən Səməndər Rzayevlə Məhluqə Sadıqovanın aparıcısı olduğu” Bulaq”dan su içmək, “Natavan qızlar Klubu”nda oturub dincimi almaq,” Axşam görüşləri”nə tələsmək, “ Lirika dəftərindən” Füzulinin qəzəlini dinləmək istəyirəm.

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Təəssüf ki, bu gün efir məkanından, radio dalğalarından daha Füzulinin qəzəllərini az, Elzanın şerlərini daha çox eşidirik.

Sındırmağa qozum yoxdur,

Sındırıram fındığımı

Tozum yoxdur çırpmağa

Sözüm yoxdur çığırmağa

Mənim də daha sözüm yoxdur. Amma yox, var! Təbrikim yadımdan çıxmışdı az qala. Axı mən bu yazını ona görə yazırdım ki, ayın 6-sı radio və televiziya işçilərinin bayramıdır. Deməli, sevimli Eldost Bayramın da. Hər gününüz bayram ovqatlı olsun, əziz kolleqalar. Sadəcə sizdən bir xahişim var. Efirləri qozdan-fındıqlardan təmizləyin. Bu çox vacibdir. Millət üçün, gələcək nəsillər üçün.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist