Müşfiqin büstü - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 28 Fevral 2017 17:50

leman
Təxminən 5-6 ilin söhbətidir. İmadəddin Nəsiminin heykəlini şəhərdə aparılan tikinti işləri ilə əlaqədar həmin ərazidən götürmüşdülər. O vaxt çox ciddi narazılığa səbəb olan bu insidenti mən araşdırmalı olmuşdum. Heykəli niyə götürüblər, qaytarıb yerinə qoyacaqlarmı?-suallarıma rəğmən heç kim danışmaq istəməmişdi. Nəsimi hardadır?-sualıma da lal dillərdən, soyuq baxışlardan təxminən belə cavab almışdım. “ Nəsimi laməkandır, onu tapa bilməzsən” .

Tikintini aparan şirkətin, icra hakimiyyətinin, bələdiyyənin hər cür etinasızlığına baxmayaraq “Çün Nəsimidir bu gün əyyami-eşqin Xosrovu” deyərək axtarışa çıxmış, nə başınızı ağrıdım, sonda kələfin ucuna rast gəlmişdim.

Bir nəfər ehmalca qulağıma pıçıldamışdı ki, heykəl Xətai rayonu arazisində bir qarajda saxlanılır. Gedib tapmışdım.

Xalq rəssamı Tokay Məmmədov və İbrahim Zeynalovun birgə işi olan və 1979-cu ildə ucaldılan 6, 5 metr hündürlükdə heykəl desəm ki, əla şəraitdə saxlanılırdı, yalan olar. Sadəcə aparıb gözdən-könüldən uzaq zir-zibillə dolu bir yerə atmışdılar. Heykəlin dili olsaydı əl əlbət belə deyərdi:

“Ey bülbülü-qüdsi, nə giriftari-qəfəssən, sındır qəfəsi tazə gülüstan tələb eylə”.

Hər halda, bi missiya bizim üzərimizə düşdü. Nəsiminin heykəlinin atıldığı bu məkanı şairə həqarət kimi dəyərləndirdik. Dərhal susan dillər açıldı. Dedilər ki, təmir- tikinti işləri başa çatan kimi heykəl yerinə qoyulacaq. Düzdür, təmir çox uzun çəkdi, yalan olmasın bəlkə də ildən çox. Amma nəticə ürəkaçan oldu. Heykəli aparıb təkrar öz yerinə qoydular və bu günü bu gün də Nəsimi Bakının düz mərkəzində -keçmiş Torqovı, indiki Nizami küçəsində şəstlə dayanıb “məndə sığar iki cahan, mən bu cahana sığmazam”-deyir.

İndi Mikayıl Müşfiqlə də bağlı anoloji vəziyyət yaranıb. Şairin büstünü 1968-ci ildən bəri qərarlaşdığı yerdən götürəndə bircə adam çıxıb deməyib ki, a balam, etməgil. Bu repressiya qurbanı nakam şairdir, cəmi 29 yaşında güllələnib və özündən sonra bütün bir külliyyat qoyub gedib. Üstəgəl bu memarlıq abidəsi az qala 50 ilin yadigarıdır, onu Azərbaycanın çox hörmətli heykəltaraşı Münəvvər Rzayeva hazırlayıb, yəni büstün götürülməsi təkcə Müşfiqə yox, elə onun müəllifi xanım heykəltəraşın da ruhuna təhqirdir.
Təəssüf ki, bizim yol çəkənlər nə Müşfiqin nazını çəkmək qabiliyyətindədirlər, nə də bütün bunları düşünmək qabiliyyətində. Yolu genişləndirmək üçün abidəni götürüblər və bu da xeyli söz-söhbətlərə, ciddi qınaqlara səbəb olub. Hərçənd, cavabdeh qurum dərhal açıqlama verib ki, narahatlığa əsas yoxdur. Açığı mən “Azəravtoyol”un səmimiyyətinə inanıram. Onlar təmirdən sonra Müşfiqin büstünü öz yerinə qoyacaqlar. Bu birmənalıdır,ən azı Nəsiminin heykəlinin təcrübəsi var ortada. Narahatlıq doğuran başqa məsələdir. Müşfiqin büstü məsələsi Müşfiqin şairlik məsələsini gündəmə gətirdi. Xüsusilə gənc yazarlar başladılar Müşfiqi təftiş eləməyə. Kimi dedi Müşfiq ortabab şair olub, kimi dedi heç şair olmayıb, kimi dedi sovet şairi olub və s.

Dostlar, cəmi 29 il yaşayan, gənc yaşında azı üç siyasi formasiya, üç hakimiyyət dəyişikliyi görən adam daha nə yazmalıydı ki? Deyirsiz ki, Lenini mədh edib. Guya siz olsaydız etməyəcəkdiz? Həqiqətən, seçilən insan olmaq çox qəliz məsələymiş. Seçilənlərin davranışları ayrı-ayrı dövrlərdə ayrı cür qiymətləndirilib. Məsələn, bu gün Müşfiqi Lenini mədh etməkdə nə cür günahlandırırlarsa, repressiya illərində də bunun əksini iddia edərək onu bir o qədər günahkar çıxarmağa çalışırdılar. Təkcə Məmməd Rahimin 1937-ci ilin avqustunda, Müşfiqin həbsindən 2 ay sonra yazdığı məqaləsinə baxaq.

“Müşfiqin həyasızlığı oraya gəlib çatmışdır ki, o, Sovet Azərbaycanında heç bir yenilik görməyirdi. O, Leninin obrazını vermək iddiasında bulunurdu, lakin sözdə xalq səadətindən danışan, işdə isə xalq azadlığımı satan bu sənət dəllalı ulu Lenini qaniçən cahangir, peygəmbər Məhəmməd ilə, Budda ilə müqayisə etmişdir.O dahi Leninin obrazını qəsdən təhrif edir, alçaqcasına öz ideyasını yürüdərək sinfi mübarizəni nifrətlə qarşılayır. Düşmənlə mübarizədə tökülən qanı sevgili və qardaş qanı adlandırır,Lenini düşmənçiliyi yaratmış kimi göstərir”.

Bütün sadalananlar qalsın bir yana, Müşfiqin təkcə Məhəmməd Peyğəmbərin adını çəkməsi, üstəgəl o illərdə çəkməsi, onun ruhunu da, mahiyyətini də ortaya qoyur. Məmməd Rahimin yazısında şairin güllələnməsinə hesablanan belə nümunələr çoxdur. Yazıb, ürək bulandırmaq istəmirəm. Zatən, bu hissi təzəlikcə yaşamışıq. Büstü götürüləndə. Dəyməyək, toxunmayaq Müşfiqə. Onu təzədən bir də güllələməyək.

musviqheykel

heykel

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info