Müxalifət liderləri Konstitusiya Məhkəməsinin qərarı barədə -BELƏ DƏ GÖZLƏYİRDİK

  • By admin
  • 25 İyul 2016 15:51

MILISURA

Bu gün “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Gununsesi.info-nun məlumatına  görə, iclasda Referendum Aktı layihəsinə müsbət rəy verilib.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı verdiyi rəy ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Ölkənin siyasi partiyalarının rəhbərləri məsələyə birmənalı olaraq mənfi prizmadan yanaşıblar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli  Gununsesi.info-ya Konstitusiya Məhkəməsinin rəyindən təəssüf etdiyini bildirib: “Çox təəssüf edirəm, belə qərardan. Əvvəla, mən Konstitusiya Məhkəməsinə müraciət etmişdim ki, AXCP-ni maraqlı tərəf kimi tanısın.  Qeyd edim ki, Konstitusiyaya İlham Əliyev tərəfindən irəli sürülmüş  fikirlər Konstitusiyanın həm mətninə, həm də ruhuna ziddir. Eyni zamanda, bu, AXCP-də birləşmiş 10 min insanın maraqlarına da ziddir. Çox təəssüf ki, movcud qanunvericiliyi Konstitutsiya Məhkəməsi  özü də pozdu. Bizi bu prosesə dəvət etmədi və  Konstitusiya Məhkəməsi Konstitusiyaya zidd olan dəyişikliklərə  yaşıl işiq yandırmaqla növbəti dəfə sübut elədi ki, ölkədə müstəqil məhkəmə qurumu yoxdur”-, deyə o bildirib..

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər məsələyə  telefonda münasibət bildirmək istəməyib.

Politoloq Zərdüşt Əlizadə isə xəbərə ironik münasibət bildirib: “Əgər prezident layihəni  göndəribsə, deməli, onlar da ləbbeyk deməliydi.  Qaldı ki,  Konstitusiya Məhkəməsinin  bəyəndiyi Referenduma, 100 faiz əminəm ki,  MSK-nın atalıq qayğısı nəticəsində xalqımızın böyük “ruh yüksəkliyini”, “dəstəyini” qazanacaq və qəbul olunacaq.  Biz biləcəyik ki, indiyədək  yeyilmiş 20 milyard dolların dalınca  qalmış 80 milyard dolları da eyni adamlar yeyəcəklər”-, deyə o vurğulayıb.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə həmkarlarından fərqli olaraq məsələyə daha rassional yanaşıb:Azərbaycan hökümətinin Referndumla bağı atdığı addımlara çox mənfi yanaşıram. Sanki Azərbaycanda utancverici sürrealist mənzərə görürəm.  Yəni, ölkənin ümumi sistemi böhranı yaşadığı bir vaxtda  demokratil islahatlara gedilməsi əvəzinə, siyasi, hüquqi, hərbi, təhlükəsizlik və sosial   sahədə demokratik islahatlar aparılması əvəzinə,  yalnız hakimiyyətin qayğısına qalmaq, hakimiyyəti itirməmək  üçün hər cür yola baş vurulmasına Azərbaycan Vətəndaşı olaraq, çox mənfi yanaşəram.   Çox təəsüf ki, Azərbaycanda həm cəmiyyət, həm siyasi partiyalar, o cümlədən  də ictimai sektor çox passiv vəziyyətdədir.  Bu haqda mətbuatdakı çıxışlarımda da dəfələrlə demişəm.  Təəssüf ki, nə  siyasi, nə ictimai, nə də  bütövlükdə cəmiyyət və ziyalıları ölkədə nə baş verdiyinin fərqində deyillər. Ya da buna adekvat cavab vermək iqtidarında deyillər. Ona görə də, hələlik bu rəyə qarşı hər hansı addıın atılmasıyla bağlı belə bir aktiv təşəbbüs görmürəm”.

Milli Şuranın sədri Cəmil Həsən Gununsesi.info-ya bildirib ki,  Konstitusiyada dəyişikliklərlə bağlı Konstitusiya məhkəməsibdən heç başqa nəticə də gözləməyib: “Çünki zatən ölkədə Konstitusiya Məhkəməsi, eləcə də bütünlükdə məhkəmə sistemi azad deyil ki… Prezident Aparatından nə göndərilirsə, təsdiq eləmək onların borcudur. Ona görə də, Konstitusiya Məhkəməsindən hardasa araşdırma aparıb obyektiv  rəy veriləcəyinə əmin deyildik. Bununla bərabər, burada çox ciddi qanun pozuntuları da var.  Orada bir sıra maddələr  Azərbaycan Konstitusiyasına görə, Referenduma çıxarıla bilməz. Hüquqşünaslar həmin maddələrin ardıcıllığını müəyyən etmişdilər. Belə rəyin verilməsində çox ciddi qanun pozuntuları var.  Milli Şuranın referenduma etirazlar bağlı qərarı veriləndə mətbuatda bu haqda açıqlamalar veriləcək”-, deyə o bildirib.

 

Qeyd edək ki, bu gün “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə bağlı iclası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Gununsesi.info-nun məlumatına  görə, iclasda Referendum Aktı layihəsinə müsbət rəy verilib.  Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclasında 8 hakim iştirak edib. İclasda Azərbaycan prezidentinin nümayəndəsi kimi Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev iştirak edib.

Hakim Kamran Şəfiyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktını məruzə edib.

Hakim Rafael Qvaladze bildirib ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur, Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. R. Qvaladze xatırladıb ki,  Azərbaycan Konstitusiyasının qəbul və ona dəyişikliklər edilməsi, dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendumla həll oluna bilər.

PA şöbə müdiri Ş. Əliyev məruzəsində Referendum Aktını əsaslandırılmış şəkildə şərh edib. Şöbə müdiri əlavə edib ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsindən 7 il vaxt ötüb: “Bu 7 il ərzində Azərbaycanın yeni inkişaf tələblərinə uyğun olaraq, Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə göndərilib. 9-cu maddənin I hissəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Təklif edilir ki, digər silahlı birləşmələrin – yəni Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi əməliyyatlar zamanı qərargah rəislərinin birləşmiş komitəsi yaradıldın və bu silahlı birləşmələr birbaşa Ali Baş Komandana tabe olsun”.

 

O qeyd edib ki, deputatlığa namizədlərə yaş senzinin tətbiqi diskriminasiyadır: “Digər tərəfdən Azərbaycan prezidentinin səlahiyyətinin 5 ildən 7 il müddətinə qaldırılması məsələsinə toxunmaq istəyirəm. Avstriya və Finlandiyada prezidentləri səlahiyyət müddəti 7, Rusiyada isə 6 ildir. Seçkilərin keçirilməsi ucuz məsələ deyil. Seçkilərə dövlət kifayət qədər vəsait ayırır”.

Daha sonra hakimlər müşavirəyə gedib.

 

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev layihəyə verilən rəyi elan edib. F. Abdullayevin sözlərinə görə, Konstitusiya Məhkəməsi qərara alıb ki, Referendum Aktı layihəsində göstərilən təkliflər ümumxalq səsverməsinə – referenduma çıxarıla bilər: “Konstitusiya Məhkəməsi hesab edir ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə (referenduma) çıxarıla bilər.

Xatırladaq  ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Gülnaz Qənbərli