“Neftçi” Türkiyədə ilk yoxlama oyununda qələbə qazanıb

  • By admin
  • 24 İyun 2018 21:40


Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan “Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirib.

Gununsesi.info-nun məlumatına görə, rəqib Makedoniya “Şkupi”si olub.

Boludakı “Topuk Yaylası Resort and Sport” otelinin meydanında oynanılan qarşılaşma flaqmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 62-ci dəqiqədə Namik Ələskərov açıb. 86-cı dəqiqədə isə Mirabdula Abbasov yekun nəticəni müəyyənləşdirib.

“Şkupi” bu il avrokuboklarda debüt edəcək. “Qarabağ”ın sabiq futbolçusu Zakariya Ramadaninin hazırda baş məşqçi kimi çalışdığı kollektiv Avropa Liqasının I təsnifat mərhələsində Şotlandiya “Reyncers”i ilə üz-üzə gələcək.

Türkiyədə təlim-məşq toplanışı zamanı “Neftçi” daha 3 yoxlama görüşündə gücünü sınayacaq. İyunun 28-də rəqib Rumıniyanın “Dunarya Kalaraşı”, iyulun 5-də “Politexnika” olacaq. Daha bir rəqibin adı yaxın günlərdə açıqlanacaq.

Yoxlama oyunu

18:00. “Neftçi” – “Şkupi” – 2:0

Qollar: Namik Ələskərov, 62. Mirabdulla Abbasov, 86

Bolu (Türkiyə), Topuk Yaylası

Gununsesi.info