Rəsul Quliyevin adamları Camalovları evlərinə buraxmır – “Ərazidə polis postu qurublar”

  • By admin
  • 06 Sentyabr 2021 19:54

Barəsində cinayət işi açılmış və hazırda Amerikada yaşayan Rəsul Quliyevin yaxın adamları, o cümlədən, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif İbrahimov (Ağasif Şakiroğlu) hələ də bizi bağımıza getməyə qoymurlar. Zaqulba şossesi 1, 2, 3, 9 nömrəli ünvanda olan 8 evdən 4-də bizim ailə üzvlərimiz qeydiyyatdadır. Yerdə qalan 4 ev də bələdiyyə sənədləri ilə bizə məxsusdur. Amma Ağasif adlı 33 yaşlı gənc oğlan polislərin vasitəsilə bizim öz mülklərimizə girişimizin qarşısını alıb.

Bunu saytımıza açıqlamasına Camalov Həmidağa Əliağa oğlu bildirib. Onun sözlərinə görə, yuxarıda qeyd olunan ünvanda özü ilə yanaşı, qohumları Camalov Əminağa Əliağa oğlu, Əliyeva (Camalova) Lətifə Əliağa qızının adlarına mülkiyyət var, amma mülklərinə gedə bilmirlər:

“Biz üzləşdiyimiz problemlərlə bağlı Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Əmlak Komitəsinə müraciət etmişik. Əvvəllər həmin ünvana gedən yolda Sabunçu mühafizə polisinin postu vardı. Biz Daxili İşlər Nazirliyinə müraciət edəndən sonra o postu yığışdırdılar. İndi isə Xəzər rayonunun mühafizə polisi orada post qurub. Xəzər mühafizə polisi Sabunçuda niyə post qurmalıdır? Onlar niyə Rəsul Quliyevin yaxın adamının adına olmayan mülkiyyətini mühafizə edirlər? Bu suallar bizə qaranlıqdır”.

H.Camalov qeyd edir ki, onlar üzləşdikləri problemlə bağlı Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət ediblər.

“Sabunçu rayon məhkəmə icraçıları 05.07.202- ci il tarixində tərtib etdikləri aktla bizim ailəyə məxsus 8 ədəd evi və torpaq sahəsini icra məmurları – Fizuli Hüseynov, Daşqın Həsənəliyev və başqaları bizim xəbərimiz və iştirakımız olmadan qeyri-qanuni olaraq keçmiş spiker Rəsul Quliyevin nümayəndəsi İbrahimov Ağasif Şakir oğluna təhvil veriblər. Halbuki, Rəsul Quliyev və ailə üzvləri ABŞ vətəndaşlarıdır. İcra məmurları qanunsuz hərəkətlərini ört-basdır etməkdən ötrü, yəni Rəsul Quliyevin övladlarını gizlətməkdən ötrü, yazdıqları aktda Pərvin, Ziya, Xanım quliyevlərin Rəsul Quliyevin övladı olduqlarını və hər 3 nəfərin ABŞ vətəndaşı olduqlarını gizlətmək üçün yazdıqları aktda onların atalarının adını qeyd etməyiblər. Bacım oğlu Hacı Qalib Salahzadənin adından yalandan akt yazıblar ki, guya könüllü olaraq bağımızı Rəsul Quliyevə bağışlayıb. Bu azmış kimi Baş nazir Əli Əsədovun əmisi oğlu Vüqar Əsədov Bilgəh qəsəbə İcra nümayəndəsi olduğu üçün 80 sot torpaq sahəsini qeyri-qanuni- olaraq saxlamağa veriblər. Rəsul Quliyevin nümayəndəsi İbrahimov Ağasif Şakir oğlu əlində saxta order və saxta çıxarışlarla Məhkəmə icraçılarını və Polisi aldadıb. Əmlak Komitəsindən heç bir sənəd olmadan qeyri-qanuni olaraq Rəsul Quliyev və İbrahimov Ağasif Şakir oğluna xidmət göstəriblər. Başda Fizuli Hüseynov olmaqla, icra məmurları nə məqsədlə əllərində 1 sot torpağın belə sənədi olmadan və Əmlak Komitəsindən mütəxəssis çağırmadan Rəsul Quliyev və onun ABŞ vətəndaşı olan övladlarına belə xidmət göstərir? Əlimizdə Notarius tərəfindən qeydə alınmış sənədlər var. Qeydiyyatlar var. Bələdiyyədən torpağı satın almışıq. Qeydiyyatda olan adamlar var. Azı 3 evdə. Kimin “zakazı”nı yerinə yetirirlər? Əvvəlcə akt tərtib edirlər ki, 05.07.2021-ci ildə mütəxəssis gəlməlidir.Sonra isə “zakaz” gəlir ki, mütəxəssis lazım deyil.

İndi bizim ailə nə etməlidir? Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahova Rəsul Quliyevin adını eşidən kimi şikayətimizə baxmadı və Rəsul Quliyevin guya vəkili olan İbrahimov Ağasif Şakir oğlunun tərəfini saxladı.

Biz nə istəyirik? Qoy Əmlak Komitəsindən mütəxəssis gəlsin və göstərsin ki, torpaq və evlər hara və necə düşür? Bütün suallar həll olunsun! Polis vətən xaini Rəsul Quliyevin tərəfini saxlayır. Artıq 2 aydır ki, polis əllərində heç bir qanuni sənəd olmayan və Azərbaycanda adlarına bir sot torpaq sahəsi olmayan Rəsul Quliyevin müdafiəsi ilə məşğuldur. Sadə bir müraciətlə Əmlak və ya Notariusdan öyrənmək olar ki,bu adamların adına torpaq sahəsi var ya yox ? Polis bunu etmək istəmir. Məhkəmənin 2010 cu ildə saxta sənədlərə əsasən çıxardığı hökmə istinad edir”.

H.Camalov onu da qeyd edir ki, 2011-ci ildə bir general bacısı oğlu, sabiq deputat Qalib Salahzadəni Prezident Administrasiyasına dəvət ediv və orada ona açıq şəkildə bildirib ki, bu məsələlərin arxasında şəxsən o durur: “Başqa sözlə desək, Rəsul Quliyevin maraqlarını o müdafiə edir. Odur ki, cənab Samir Nuriyevdən xahiş edirik ki, bu məsələni diqqətə götürüb, qanunsuzluğa yol verən şəxslərin cəzalandırılmasına göstəriş versin”.

Gununsesi. info