Bu gün müzakirə etdiyimiz dəyişikliklər vətəndaşların müraciətləri ilə bağlı sistemin elektronlaşmasını nəzərdə tutur və biz bu məsələni yalnız texniki yenilik kimi deyil, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətini köklü şəkildə dəyişəcək bir fürsət kimi dəyərləndirməliyik.
Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev bildirib.
O qeyd edib ki, söhbət Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən daxil olan müraciətlərin sadəcə qəbulundan getməməlidir:
“Əsas məsələ ondan ibarətdir ki, bu müraciətlər vahid platformada toplanmalı, onların bütün hərəkət trayektoriyası izlənilə bilməlidir. Vətəndaşın hansı quruma müraciət etdiyi, həmin müraciətin hansı mərhələlərdən keçdiyi, kim tərəfindən necə cavablandırıldığı və nəhayət, hansı nəticə ilə yekunlaşdığı açıq və şəffaf şəkildə görünməlidir. Bu gün biz daha çox rəqəmlərlə danışırıq. Dövlət orqanları daxil olan məktubların sayını təqdim edir, statistik göstəricilər önə çəkilir. Amma vətəndaşı maraqlandıran əsas məsələ məktubun sayı deyil, onun taleyidir. Neçə müraciət real həllini tapıb, neçə vətəndaşın problemi müsbət nəticələnib, hansı hallarda məsuliyyət bir qurumdan digərinə ötürülərək uzadılıb – məhz bu suallar cavabını tapmalıdır. Əgər biz bütün prosesi vahid sistem üzərindən izləyə bilsək, artıq söhbət formal hesabatdan yox, real nəticədən gedəcək. Bu zaman hər bir dövlət orqanının fəaliyyəti konkret ölçülə biləcək, məsuliyyət dəqiq müəyyən olunacaq və heç kim müraciətin taleyindən kənarda qala bilməyəcək. Bu yanaşma həm də vətəndaş məmnunluğunu ölçmək üçün bizə real alət verəcək. Əslində burada əsas dəyişiklik idarəetmə fəlsəfəsindədir. Biz sayın deyil, keyfiyyətin, prosesin deyil, nəticənin üstün olduğu bir sistem qurmalıyıq. Vahid platforma vasitəsilə müraciətlərin tam izlənməsi təmin olunsa, bu, həm şəffaflığı artıracaq, həm məsuliyyəti gücləndirəcək, həm də vətəndaşların dövlətə olan inamını daha da möhkəmləndirəcək. Hesab edirəm ki, bu istiqamətdə atılacaq addımlar yalnız texnoloji yenilik olmayacaq, eyni zamanda daha ədalətli, daha cavabdeh və daha effektiv idarəetməyə keçidin əsasını qoyacaq. Diqqətinizə görə təşəkkür edirəm”,- deyə o, həmçinin qeyd edib.
Elmar









