““Reket jurnalistika”nın arxasında MTN-nin də dayandığı üzə çıxdı” - MƏTBUAT ŞURASI

  • By admin
  • 17 İyun 2016 14:18

mushviq

“Bu gün Azərbaycanda reket jurnalistikası bəzi ciddi dairələr tərəfindən dəstəkləndiyindən onlara qarşı effektli mübarizə aparmaq çətinlik yaradır”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Mətbuat Şurasınn sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Prezdientin köməkçisi Əli Həsənovun “reket jurnalistika” ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, Mətbuat Şurası fəaliyyətə başladığı 2008-ci ildən etibarən “reket jurtnalistika”ya qarşı ciddi mübarizə aparıb və bu müddət ərzində ciddi nəticələr əldə olunub. “Reket jurnalistlər” və “reket media” orqanları Mətbuat Şurasının (MŞ) müəyyən etdiyi “qara siyahıya” salınırlar. Bu günə kimi 200-dən artıq KİV orqanının adı “qara siyahıya” daxil edilib. Adları “qara siyahı”ya salınan jurnalistlər və mətbu orqanlarının əksəriyyəti şantaj, hədə və Jurnalistlərin Davranış Kodeksinin digər müddəalarını pozaraq reketçilik yolu ilə pul tələb ediblər. Baxmayaraq ki, bu istiqamətdə ciddi nəticələr əldə etmişik, ancaq bu o demək deyil ki, adı çəkilən problemin kökünü kəsmişik. Bu məsələ hələ də öz aktuallığını saxlamaqdadır”, deyə MŞ sədrinin müavini qeyd edib. M.Ələsgərli əlavə edib ki, hələ də belə çirkin əməllərlə məşğul olan jurnalistlər və mətbu orqanları var: “Çox təəssüflər olsun ki, reketçiliklə məşğul olan bəzi media orqanları çox ciddi dairələrindən dəstək alırlar.Misal üçün bu yaxınlarda Milli təhlükəsizlik naziri ətrafında baş verən hadisələrdə bu faktlar bir daha ortaya çıxdı və təsdiqini tapdı. Belə ki, bu şəbəkənin əlində geniş media qurumları olub və onlar öz qurbanlarını ələ keçirib, pul qopartmaq və başqa niyyətlərini həyata keçirmək üçün bu media orqanlarından istifadə ediblər. Nə yazıq ki, onların bu çirkin əməllərinə xidmət edən bizim bəzi jurnalist həmkarlarımız və KİV orqanlarımız olub.” M.Ələsgərli deyib ki, bu “mətbuata” və “jurnalistlərə” qarşı mübarizə davam etdirilir. “Ancaq təəssüf doğuran hal ondan ibarətdir ki, bu mətbu orqanı və jurnalistlər ciddi dairələrdən dəstək alır. Bu da bizim reketçiliyə qarşı mübarizəmizi çətinləşdirir. Amma bu çətinliklər və ortaya çıxan problemlər bizi apardığımız mübarizədən yayındırmır. Əksinə. Bizim bu istiqamətdə mübarizəmiz davam edir”, – deyə o vurğuladı.

Gununsesi.info xatırladır ki, Prezidentin köməkçisi Əli Həsənov 18 İyun İnsan Hüququları Günü ilə bağlı Milli Məclisdəki çıxışında diqqəti “reket media”nın fəaliyyətinə yönəltmişdi. Hətta bir faktı xatırladan Əli Həsənov bildirib ki, üzərində 15 məhkəmə qərarı olan bir qəzet nazirlərdən birini şantaj edib.

Saytımızın araşdırması zamanı isə həmin nazirin ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, “reket jurnalistin” isə “Gündəlik-Bakı” adlı qəzetin rəhbəri Habil Vəliyev olduğu üzə çıxıb.

 

Mürtəza Bünyadlı