Rövnəq Abdullayevə şikayət etdi, təzyiqlə üzləşdi

  • By admin
  • 04 Avqust 2016 09:13

rovneq

SOCAR-da şikayətlərə niyə baxılmır?

 

SOCAR-da mühəndis vəzifəsində işləyən Vüqar Osman oğlu Qocayev tərəfindən Gununsesi.info-ya şikayət məktubu daxil olub. Şikayətçi məktubunda SOCAR-da kadrlara edilən təzyiqlər barədə yazır və qurumun prezidenti Rövnəq Abdullayevə müraciət edir.

Hal-hazırda Qaz İxrac İdarəsi Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Texniki İstismar şöbəsində 10-cu dərəcəli mühəndis işlədiyini vurğulayan Vüqar Qocayev özünü bu sahənin mütəxəssisi hesab etsə də qanunsuzluqla, ayrı-seçkiliklə üzləşdiyini deyir.

Gununsesi həmin məktubu təqdim edir:

Mən 2004-cü ildən qaz təsərrüfatında və magistral qaz kəmərlərinin nəqli sistemində müxtəlif peşə və vəzifələrdə çilingər, usta, mühəndis, xidmət rəisi əvəzi, xidmət rəisi və s. işləmişəm. Son dövrdə Qəza Bərpa Xidmətinin rəisi (13-cü dərəcəli) vəzifəsindən (səbəbləri var) öz xahişim ilə 14.10.2015 tarixində əvvəl işlədiyim Texniki İstismar şöbəsinə 11-ci dərəcəli mühəndis qayıtmışam. Hətta 11-ci dərəcəli mühəndis vəzifəsindən 20.10.2015 tarixli 761 saylı əmrlə 26.10.2015 tarixindən növbəti əmək məzuniyyətinə də çıxmışam.

Əmək məzuniyyətimin ortasında sahənin rəisi Mətləb Vahidov mənə zəng vuraraq, idarəyə çağırmış və 20 saylı yazını ləğv elədiyini və mənim yenidən Qəza Bərpa Xidmətinin rəisi vəzifəsində getdiyimi və heç elə bil ki, Texniki İstismar şöbəsinə keçməmiş kimi maaş fərqinin ödəniləcəyini və mənim sonradan həmin şöbəyə 11-ci dərəcəli mühəndis qayıdacağıma köməklik edəcəyini bildirib.

18.01.2016 tarixinə qədər Qəza Bərpa Xidmətində rəis işləyəndən sonra məni Texniki İstismar şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə keçirib. Texniki İstismar şöbəsində işlədiyim mühəndis vəzifəsi üçün mənə 11-ci dərəcənin verilməsi üçün “Tarif ixtisas dərəcələrinin artırılması ilə əlaqədar yaradılmış komissiya”ya oktyabr 2014-cü ildə ərizə ilə müraciət etmişdim və yaradılmış komissiyaya imtahan verdikdən sonra mənə noyabr 2014-cü ildə 11-ci dərəcəli mühəndis verilmişdir. Buna baxmayaraq hazırda həmin şöbədə 10-cu dərəcəli mühəndis işləyirəm. Şöbədə əvvəl işlədiyim 11-ci dərəcəli mühəndis üçün vakant yer də mövcuddur. Ailə vəziyyətim ilə əlaqədar tək mən işlədiyim üçün və “Tarif ixtisas dərəcələrinin artırılması ilə əlaqədar yaradılmış komissiya” üzvlərinin noyabr 2014-cü ildəki protokolunu nəzərə alaraq, mənə verilmiş 11-ci dərəcənin bərpa olunması üçün Rəis Mətləb Vahidova ərizə ilə müraciət də eləmişəm, amma heç bir köməklik göstərməyib.

Sahədə Texniki İstismar şöbəsinin rəisi vəzifəsinə vakant yer mövcud olanda Rəis Mətləb Vahidova bu vakant yer üçün İnsan Resursları səviyyəsində imtahana, müsahibəyə hazır olduğumu və biz kadrlara perspektiv inkişaf üçün dəstək olmağını xahiş etmişəm. Amma o, məni alçaldıcı sözlərlə təhqir edərək, “mənim öz kadrlarım var, səni kadr saymıram” deyərək və İnsan Resursları səviyyəsində kadrlara ehtiyacı olmadığını bildirdi. Mən bu sahə rəisinin rəhbərliyi altında heç bir perspektiv olmadığını gördüyüm üçün SOCAR-ın rəsmi saytında daxili vakansiyaya çıxmış Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə Nəzəri tədris mütəxəssisi (qaz təsərrüfatı üzrə) vakansiyası üzrə sənədlərimi göndərdim. İnsan Resursları Departamentində müsahibədə vaxtın uzadılmasına və sualların çoxluğuna baxmadan uğurla iştirak etdim. Müsahibənin nəticəsinə görə, ARDNŞ-ın Kadr ehtiyatı bazasına (KEB) daxil edildim və müsahibəyə görə mənə həmin vakans üzrə 13-cü dərəcə də verilib. Yəqin ki, müsahibədə göstərdiyim bilik və bacarıqlar nəzarət kamerası ilə lentə alınıb, istənilən vaxt müşahidə eləmək olar və nədən bu vakansiya üzrə Kadr Ehtiyyatı bazasına daxil edildiyim barədə heç bir məlumatım yoxdur.

ARDNŞ-ın kadr ehtiyatı bazasında olduğuma baxmayaraq işlədiyim Texniki İstismar Şöbəsinə Əli Novruzov adında şəxs Sahənin rəisi tərəfindən sənədləri göndərilərək təsdiq və təqdim elətdirilmişdir. Həmin Əli Novruzov ümumiyyətcə magistral qaz kəmərlərinin nəqli sistemində, həmin şöbədə və onun xidmətlərində işləməyib. Həmin vakansiya üzrə imtahan verməyib, tələb olunan iş stajına və ixtisasa uyğun olmayan şəxsdir. Bu sahə və şöbə üzrə qaz təsərrüfatının pasportlaşdırılması işləri, texniki sənədləşmələr, iş planları, buraxılış naryadlarının verilməsi, aylıq hesabatlar, texniki-texnoloji itkilərin hesabatları, lazım olan struktur, funksional, prinsipial sxemlərin hazırlanmasını, şöbəyə daxil olan məktublar, müraciətlər, təkliflərin araşdırılmasını və icrasını bacarmayan şəxsdir. Bu vakansiyaya cavab verməyən Altmış yaşında olan bu şəxs bu işləri bacarmayıb və heç vaxtda öyrənib hansısa nəticə verən deyil. Vüqar Qocayevdən SOCAR-ın prezidentinə “Kadrlara edilən təzyiqlər barədə” açıq məktub

Biz gənc kadrlarda şəxsi mənafeylərini güdən rəislərin özü kimi qeyri-peşakar kadrların yerləşdirilməsinə görə daim kənarda qalırıq. Sahəyə rəhbərlik edəndən sonra rəis Mətləb Vahidov Əli Novruzov kimi bu sahə üzrə qeyri-peşəkar şəxsləri kənardan gətirərək Tahir Həsənovu Xidmət rəisi, hətta diplomu olmayan bu sahə üzrə uyğun gəlməyən Ukraynada indi təhsil almağa başlayan Qüdrət Hüseynovu Baş mühəndisə müavin təyin elətdirmişdir. Həmin baş mühəndisdiki Azər Aşurov mən Qəza Bərpa Xidmətində rəis işlədiyim müddətdə qol çəkilmiş və təsdiq olunmuş tabeldə gizli olaraq işçilərə kadrlar üzrə mütəxəssis Xanımbacının əliylə əlavə işdə olmadığı günlərə heç bir əsəs olmadan iş günü yazdırırdı. Mənim Xidməti yazımdan sonra kadrlar üzrə mütəxəssisə şiddətli töhmət verildikdən sonra bunun qabağı alınmışdır.

Həmin Azər Aşurovdur ki, buna oxşaq hərəkətlərinə görə Neft Daşlarında iki ay işləyə bilmədi. Amma hələ də öz şəxsi mənafeyləri üçün həmin şəxslər biz kadrları qeyri-qanuni hərəkətləri ilə qisas ala biləcəklərini fikirləşərək ləkələyirlər.

Həmin Azər Aşurovdu ki, həyat yoldaşını sahəyə yardımçı fəhlə düzəltdirir və məni başqa otağa qovalayaraq Texniki şöbədə mənim yerimdə otuzdurur. İllərcə dövlətin bizə verdiyi maaşa sığınaraq bu bilik və bacarıqlarımızı artırmışıq. Bu qeyri-peşəkar şöbə rəisinin bizdən tələb etdiyi də vəzifəmizdən kənar işlər olur. Hətta bunu rəis Mətləb Vahidova qanunla müəyyən olunmuş həqiqi yolu tərəfimdən deyilsə də, bunu qəbul etmək istəmir, təhqir eləyir, qışqırır, “lotu” adlandırır, “səviyyəsiz” deyərək alçaldır, dərəcəmi kəsdiyi kimi maaşımı kəsməklə balalarımı ac qoymaqla, töhmət verməklə hədələyir, hətta ləkələməkdən, şərləməkdən belə çəkinmir. Sahə üzrə işçilərin dəfələrlə maaşından tutulması əmrləri verir, nə qədər işçini işdən uzaqlaşdırmışdır. Nə qədər işçi öz xahişiylə işdən gedib birdəfəlik ölkəni tərk eləmişdir.

Əlbəttə, mənim Qəza Bərpa Xidmətindən rəis vəzifəsindən çıxmağımın da ayrı səbəbləri, orda gördükləri işlərin də ayrı aləmi var, sahə üzrə ayrılıqda hər nöqsanlar barədə yazmaqla da yazdığım səhifələrin sayını artırmaq fikrim də yoxdur. Kadr Ehtiyyatı Bazasında namizədliyimin bir il müddətdə saxlandığını bildirdilər mənə, bunun səbəbini soruşanda ola bilsin bir il sonra psixoloji problemlərimin ola biləcəyini və buna görə də müddət qoyulduğunu dedilər. Görünür, belə hallara qarşı tədbir görülməzsə istənilən kadrın qeyri peşəkar birdəfəyə rəisliyə meylli olan bu şəxslərlə işlədikcə nə qədər səbr nümayiş etdirsə də həmin müddətdən qabaq pisixoloji xəstə olar.

Kadr siyasətində əsas funksiya kadr məsələləri üzrə fəaliyyət göstərməlidir və şirkətin məqsədlərinə nail olmağa xidmət etməlidir. Amma Mətləb Vahidov kimi rəislərdən heç bir gənc peşəkar kadrlara ziyanı dəyməsin dəstək də gözləmirəm. Ziyanı dəyməsin nəyə görə deyirim mənə deyir ki, hələ lazım gəlsə zəng eləyərəm İnsan Resurslarına əlaqələrim olduğu adamlara sənin işini pozaram, ondan başqa nə gözləmək olar belələrindən. Əlbətdə bu gün mən mühəndis 510 manat maaş alıram. Gecələr yoldaşım qoğal bişirir satır, mən də işdən sonra ayıq sürücü xidmətində işləyirəm. Hələ özüm biryana övladımı yoldaşımı müalicə elətdirə bilmirəm. Biz kadrların dərəcəsini, maaşını kəsmək olar, təki bunların kartlarına maaşdan əlavə yazılan o min manatlar kəsilməsin.

Bununla yanaşı bütün təzyiqlərə baxmayaraq səhər də işdə səbr edərək öz işimi layiqli şəkildə yerinə yetirirəm və ümid edirəm İnsan Resursları mənə nümayiş etdirdiyim bilik, bacarığıma görə iş təklif edəcək, öz işimlə peşəkar gənc kadrların hazırlanmasına dəstək olacam. Bütün bunlar dövlətimizin inkişafı uğrunda övladlarımı layiqli, ideal vətəndaş kimi böyütmək üçündür. Döyüşlərdə şəhid olan beş əsgər boyda olan, amma heç hərbi xidmətdə də olmayan bu şəxsin hansı orqanda işləyib bu vəzifəyə kimin köməkliyinnən gəldiyini də bilirik. Heç olmasa onların adından istifadə eləyib haqsızlıqlar eləməsin, Həyata açıq gözlə baxa bilsin.

Bəli, Mətləbin yuxarıdan aşağı baxdığı, təhqir elədiyi mən gecələr arvadı qoğal bişirib səhərlər otuz qəpiyə qoğal satan, gündüz mühəndislik eləyən, gecələrdə içkili insanları aparan kadr saymadıqları mühəndisəm. Çünki bunlar özləri bu işin kadrları deyillər və mənim qədər heç olmasa İnsan Resursları bildikləri Departamentə tapşıranı olmadan imtahan verməyə qadirdilərmi? Hər gecə on iki yaşında oğlum yerini batıranda, gecələr qorxu içində yatanda səhər məndən soruşur ata məni nə vaxt həkimə aparasan. Nə cavab verim, deyim ki, nə İnsan Resurslarının nəticəsinə, nə də imtahan verib illərcə yorulmaz xidmətlərimlə pillə-pillə qalxdığım o kəsilmiş dərəcəmi, maaşımı Mətləb insafa gəlib bərpa eləyəndə, məni hələ də ümid etdiyim ehtiyyatda olduğum, müsahibə verdiyim Qaz təsərrüfatı üzrə nəzəri tədris mütəxəssisinə dəvət edəndə, başqa nə deyəcəm. Qızım ordan deyir, “ata, narahat olma, mənə hələ heç nə lazım deyil”. Zob xəstəliyi, onurğa ağrıları, az qala asma xəstəliyinə tutulan yodaşım məndən soruşur ki, bəs məni nə vaxt həkimə aparacaqsan? Deyirəm ki, gecələr yuxusuz qaldığın bişirdiyin qoğalların pulunu yığ aparacam. Daha deyə bilmirəm ki, mən özüm bu cür adamların əlindən 32 yaşında gecələr ürək ağrılarından, sıxılmalarından əziyyət çəkirəm. Hər gün evə qanı qara gələndə qızım soruşur ki, ata nolub. Hərdən yadıma bu yaxınlarda uzun müddət qaz təsərrüfatında müxtəlif vəzifələrdə xidmətləri olan amma sahəmizdə 10-cu dərəcəli mühəndis işləyən Rafiq müəllimin iş vaxtı qəfildən ürəyi tutub rəhmətə getməsi gözümün önünə gəlir. Mən bu gün köhnə çırılmış varatnikli köynəkdə işə gələ bilərəm, onun-bunun paltarını geyinib İnsan Resurslarına imtahana gedə bilərəm, övladlarım yarı ac, yarı tox məktəbə gedə bilərlər, təki Mətləbin özündən yekə qabağa çıxmış qarnı əriməsin, istədiyi vaxtda istədiyi adamları özünün dediyi kimi istədiyi vəzifəyə yerləşdirə bilsin, məni Texniki İstismar şöbəsində üç 11-ci dərəcəli qadın işçilərin yanında maaşımı kəsib 10-cu dərəcəli mühəndis keçirsin, istədiyi adamlara zəng eləyib pislik eləyə bilsin. Bu cür insanlarda heçmi vicdan hissi, vətənpərlik, insanlıq, vətəndaşına hörmət hissi yoxdur.

Vüqar Qocayev SOCAR-ın Prezidentinə müraciət etdiyi “Kadrlara edilən təzyiqlər barədə” məktubunla əlaqədar həmdə onu da əlavə etdi ki,

“Kadrlara edilən təzyiqlər barədə” məktubumla əlaqədar 06/07.04.2016 tarixlərində birbaşa SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayevə Azərpoçt və elektron formada müraciət etsəmdə heç bir adekvat addım görmədim, əksinə mənə qarşı psixoloji, ucuz və yersiz təzyiqlər başladı. Rövnəq müəllimə yazdığım rəsmi məktuba cavab olaraq 26.04.2016 tarixində sahəmizin tabe olduğu Qaz İxrac İdarəsinin rəis müavini tərəfindən imza edilmiş məktubu işlədiyim sahənin hüquqşünası işçilərin arasında olduğum zaman, nümayişkəranə şəkildə qışqıraraq (sanki hamıya eşitdirirdi) mənə məktubuva cavab gəldi dedi və əlində məktubun surətini mənə verdi. Düzdür, mən də ondan tələb etdim ki, mənə rəsmi poçt vasitəsilə cavab göndərilsin. Mənim təəccübümə səbəb olan isə bu idi ki, nə üçün şəxsən cənab Rövnəq Abdullayevə yazdığım məktuba SOCAR tərəfindən heç bir reaksiya verilmir və sahəmizin tabe olduğu idarənin rəis müavini tərəfindən cavablandırılaraq bu qədər ucuz bir vəziyyətdə mənə təqdim olunur. Bu qeyri-rəsmi məktubu mən oxuduqca dəhşətə gəldim. Bu məktuba cavab verə biləcək qədər düşüncəyə malik olmayan bu şəxslər məktubuma qoşma olaraq göndərdiyim təsdiq olunmuş əmrə belə baxmayıb guya mənim QBX-nin rəisi vəzifəsində işləyərkən məzuniyyətə göndərildiyimi yazıblar. Bütün elədiklərinə baxmayaraq son abzasda da mənə açıq-aşkar şantaj gəlinir. Mənim Əmək Kitabçama, işlədiyim peşə və vəzifələrə nəzər salanda bunun şantaj xarakterli olması bəlli olur. Çünki əgər mən həqiqətən də bunların dediyi kimi olsaydım niyə vaxtında mənə qarşı tədbir görülməyib. Tutduqları vəzifəyə layiq olmayan bu şəxslərin məktubumda qeyd etdiyim kimi bir daha vəzifədən sui istifadə etmələri açıq-aydın görünür. Qaz İxrac İdarəsi daxilində məktubum araşdırılaraq məktubla bağlı elədikləri etiraf olunsada qanunla müəyyən olunmuş qaydada heç bir tədbir görülməmiş və haqq ədalət yerini tapmamışdır. Mənimlə görüşlərində Qanundan kənar təkliflər, aldadıcı vədlər verməklə nəyə qadir olduqlarını bir daha göstərmişlər. Əlbətdə mən bu deyilən qeyri-qanuni sözlərlə razılaşmadım, çünki mən bunların fikirləşdiyi adam deyiləm. Mənə kömək edəcəyinə söz verən Qağaməli müəllim də məni əmək məzuniyyətimdən gələndən sonra idarəyə daxili əmrlə gətirsədə əmək hüquqlarım bərpa olunmamış, bu haqsızlıqların, qeyri-qanuni hərəkətlərin, təzyiqlərin səbəbkarı olan şəxslər barəsində qanunla müəyyən olunmuş qaydada heç bir tədbir görülməmişdir. Mənim halal imtahan verdiyim kəsilmiş dərəcəmə, SOCAR-ın Kadr Ehtiyyatı Bazasında Qaz təsərrüfatı üzrə 13-cü dərəcəli mütəxəssis olmağıma baxmayaraq indidə idarədə işləyərək yenə də sahənin 10-cu dərəcəli mühəndis maaşını alıram. Kömək edəcəyinə söz verənlərdə mənə deyir ki, gözlə bir nəfər var (adını burda çəkmək istəmirəm) on aydan sonra təqaüdə gedəndən sonra səni onun yerinə keçirərik. Əlbətdə mən də öz növbəmdə bildirdim ki, sadə bir işçini, Azərbaycan vətəndaşını aldatmağa çalışsazda mən təəssüf ki, özüm özümü aldada bilmərəm. Çünki bu yazdıqlarımın içində böyük bir ürək çırpınan Azərbaycan vətəndaşı, sadə bir Qaz sənayesi mühəndisi var.

SOCAR-ın Prezidentinə müraciət etdiyim “Kadrlara edilən təzyiqlər barədə” məktubumda Son olaraq yazdığım aşağıdakı səmimi bu sözlərimə belə məhəl qoymadılar: Bəli mənim bu şəxslər içində adamım olmasa da nəinki mənim, qəlbində milli vicdan hissi olan insanların adamı Prezidentimiz cənab İlham Heydər oğlu Əliyevdir. Biz gənc vətəndaşlar Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Heydər oğlu Əliyevin bir əmriylə torpaqlarımızın azad olunması üçün canımızdan belə keçməyə hazırıq. Torpaqlarımızda döyüşlərin getdiyi bir vaxtda heç hərbi xidmətdə də olmayan Mətləb Vahidov öz şəxsi mənafeyi üçün məkrli planlarını davam etdirməsi arzu olunmaz haldır. Bunu yazmaqla bu cür halların aradan qaldırılması istiqamətində öz bacarıqlarımızdan, imkanlarımızdan tam istifadə edərək potensiallarımızı üzə çıxarmaq üçün biz kadrlara lazımi şəraitin yaradılmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm”.

vuqar1v2