Ötən gün Ermənistanda parlament seçkiləri baş tutdu. Nikol Paşinyanın partiyası qələbə qazandı.
Bu gün əsas gözləntilər sülh gündəliyinə uyğun olaraq real addımların atılması, sərhədlərin müəyyənləşdirilməsi, sülh sazişinin imzalanması və bölgə layihələrinin həyata keçirilməsi istiqamətində konkret qərarların verilməsidir.
Görəsən, Paşinyan bu istiqamətdə addımlar atarsa, hansı təzyiqlərlə üzləşə bilər?
Mövzu ilə bağlı Gununsesi.info–ya danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, müxalifət bunun üzərindən Nikol Paşinyana qarşı çıxa bilər:

“Əsas söz, təbii ki, xalqa məxsusdur. Xalq bu məsələdə referendumu da dəstəkləyə bilər.
Amma indi onun qarşısında duran əsas addımlardan biri referendum keçirmək, konstitusiyanı dəyişmək və yekun sülh sazişini imzalamaqdır.
Nikol Paşinyan da açıq şəkildə bildirir ki, indiki konstitusiya Ermənistanı forpost dövlət vəziyyətində saxlayır. Onun fikrincə, bu konstitusiya Ermənistanın müstəqilliyi üçün təhlükəlidir. Müstəqillik Bəyannaməsinə istinad edən mövcud Ermənistan konstitusiyasında konkret olaraq Qarabağ məsələsi yer alır.
Digər tərəfdən, indiki konstitusiya müəyyən mənada Nikol Paşinyanın da əl-qolunu bağlayır. Bu gün hüquq və məhkəmə sistemində revanşist qüvvələr yer tutur və konstitusiya ona imkan vermir ki, hakimiyyət sistemində köklü dəyişikliklər həyata keçirsin.
Bir növ, söhbət təkcə Azərbaycanla sülh məsələsindən getmir. Nikol Paşinyan vurğulayır ki, Ermənistan dövlətçiliyi, ölkənin daxili və xarici siyasətində ciddi addımların atılması üçün referendumun keçirilməsi və konstitusiyanın dəyişdirilməsi vacibdir”.
Şəbnəm Rəhimova












