Sim-sim, qapını aç - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 28 Dekabr 2017 15:32

 

Nə qapı açıldı, nə də Dharmendra gəldi

 

Halbuki “Pullman” otelə mən daha çox Dharmendraya görə getmişdim. Tanıyırsız da onu əminəm? Bollivudun ən sevilən, dünyaca məşhur isimlərindəndir. İndi fikirləşirəm ki, mən hansı ağılla elə bir nəhəngin özü haqqında çəkilən sənədli filmə baxmaq üçün durub Azərbaycana gələ biləcəyini düşünmüşəm? Hər halda dövlətin bir nömrəli xəbər agentliyi də bizə bu məsələdə yalan sırımışdı. Yazmışdı ki, Dharmendra Bakıdadır. Həm bu xəbər, həm də facebook dostum və Dharmendra haqda sənədli filmin müəllifi Namiq Qurbanın dəvəti məni uşaqlığımın sevimli qəhrəmanı Əlibaba ilə görüşə həvəsləndirdi.

“Pullman” otelin qapıları sim-sim demədən də açıq idi. Foyedə bizi qarşılayan Dharmendranın böyük bir şəkli oldu. Bir də hər təbəqədən olan maraqlı insanlar. Məsələn, Hindistanın ölkəmizdəki səfirindən tutmuş Hacı Şahinə kimi. Hamı Dharmendranın nəhəng şəkli qarşısında Namiq Qurbanla şəkil çəkdirirdi. Mən isə səbirsizliklə filmi gözləyirdim. Namiq qardaşımız Dharmendranın şəklini, portretini necə yaradıb, ümumiyyətlə yarada bilibmi ?-deyə.

Nəhayət film başladı. Ətrafımda ən mükəmməl mədəniyyət yazarları Lalə Əliyeva, Afaq Vasifqızı ilə birlikdə filmə diqqət kəsildik. Film Hind Okeanından yox, Xəzərin sahilindən, Tac Mahaldan yox, bizim Alov Qüllərindən başladı. Müəllif Namiq Qurbanın özü haqqında məlumatı ilə. Olsun, filmə güman ki, Hindistanda da baxacaqlar və müəllif bizə Dharmendranı tanıtmazdan qabaq Dharmendraya bizi tanıtmaq istəyib deyə düşündüm. Tanışlıq 3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə sürür. Bakı kadrları tədricən Mumbayla, Dharmendranın şəkilləri ilə, filmlərindən fraqmentlərlə əvəz olunur. Müəllif isə danışır, hind filmlərinin əbədi mövzusu məhəbbət haqda. Yanımdakı xanımlardan biri təklif edir ki, durub çıxaq. Yox, hara?-deyirəm, mən hələ möcüzə gözləyirəm. Elə bu an filmdən ilk informasiyanı alırıq. Kadrlarda müəllif skaypla Dharmendra ilə danışır.

Zalı bilmirəm, mən dərhal ruhlanır, dirçəlirəm. Ürəyimdə Namiq Qurbanı yüngülvari qınayıram da. “Allah sənə kömək olsun qardaş, nədən filmi elə bu kadrlarla başlamadın?” deyirəm. Elə bu yerdə Namiqdən daha bir möhtəşəm cümlə gəlir. O razılıq alıb artıq, Hindistana uçur və Dharmendra onu şəhər ətrafındakı rançosunda gözləyir. Dərindən nəfəs alırıq. Bundan sonrası mütləq maraqlı olacaq. Avtomobil Mumbay ətrafı şossedə şütüyür, həmyerlimizi rançoya aparır və biz gözləyirik ki, bu dəqiqə rançonun qapılarında müəllifin,” Sim-sim, açıl” stənd ap-ını görəcəyik. Görmürük. Müəllif bizi rançoya aparıb çıxara bilmir. Ortaya yenə Dharmendranın köhnə filmləri, məhəbbət haqqında uzun-uzadı, yorucu cümlələr, aktyorun uşaqlıq rəsmləri, üstəgəl təkrar şəkillər girir.

Nəhayət, montajın qızıl qaydalarından birinin kobudcasına pozulması fonunda qəhrəmanımızla görüşürük. Müəllif ümumi plan olmadan, yəni, bizə rançonun uzaqdan təsvirini göstərmədən “krupnıy plana”-aktyorla müsahibəyə keçir. Film boyu nə bir interşum, nə bir stənd ap, nə də tamaşaçını həyacan içində saxlayan, filmi izləməyə həvəsləndirən “şapka”lar görürük. Eləcə Namiq qardaşımız monoton səslə tekstini oxuyur, biz də özümüzü Space TV-nin qarşısında pis dublyajda Dxarmendranın filminə baxan kimi hiss edirik. Hərdən bir də onda diksinirik ki, axı bu rejissor indicə kadrlarda içəri girmişdi, niyə çölə çıxdı və niyə təzədən bir də içəri girdi? Axı belə olmaz, bu ciddi montaj qüsurudur və bu qüsuru sadə tamaşaçı bilməyə bilər, amma Bollivud aktyoru dərhal biləcək.

Yeri gəlmişkən, film boyu maraqla gözləyirəm ki, indicə kadrlarda möhtəşəm Bollivudu-Mumbayın nəhəng kinostudiyasını görəcəm. Görmürəm. Təbii ki, sonda Namiq Qurban bəzi məsələlərə aydınlıq gətirdi. Məlum oldu ki, o Hindistana demək olar ki, pulsuz-parasız gedib. (Hərçənd Hindistan səfirliyi bu səfəri maliyyələşdirə və çəkilişlər üçün şərait yarada bilərdi) Hətta özüylə operator belə götürə bilməyib. Bəzi kadrları telefonla bir rus qızına çəkdirib. Üstəgəl filmin mətni səfirlik tərəfindən ciddi şəkildə dəyişikliyə məruz qalıb. Ən çətini isə Dharmendradan razılıq almaq olub. O, bu razılıq üçün 6 ay əziyyət çəkib. Az müddət deyil, üstünə 3 ay da gəlsək, bir Dharmendra doğulardı. Amma Dharmendralar hər deyən doğulmur deyə Namiq Qurban bu filmi çəkməkdə inad edib. Mən onun filmindən çox-çox bu inadını bəyəndim. Hərçənd, yenə də başa düşə bilmirəm ki, inadı niyə məhz Dharmendra üçün edib? Azərbaycan tamaşaçısına Dharmendra haqqında sənədli film daha çox lazımdır, yoxsa tutaq ki, Ələsgər Ələkbərov, Həsən Məmmədov və yaxud Safura İbrahimova haqqında film? Hansı ki, biz Dharmendra haqqında filmin nümayişinə yığışanda o xanım tək tənha 79 yaşını qeyd edirdi. Özü də Dharmendra kimi milyonlar səltənətində deyil, iki otaqlı, kasıb mənzilində. Əminəm ki, Safura İbrahimova da Hindistanda doğulsaydı Dharmendranın həyat yoldaşı Xema Malini qədər şanslı olardı.

Təbii ki, bütün bunlar Namiq Qurbanın gördüyü işə kölgə salmır. Mən onun gözəl missiyasını alqışlayıram. Bollivud aktyoru bəlkə də Azərbaycan adında bir ölkə olduğunu Namiq Qurbandan eşitdi, bu adı dilinə gətirdi. Məncə gördüyümüz bütün işlər də elə Azərbaycan adlı məmləkəti tanıtmağa hesablanmalıdır.

P.S. Kino tənqid etmək kimi bir səriştəm yoxdur. Əminəm ki, müəllif və oxucular məni bağışlayar.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info