
“Bu haqda məlumatı həmin biznesdə iştirak edənlər bilər”.
Hüquq müdafiəçilərinin Azərbaycanda siyasi məhbus siyahısı ilə bağlı hazırladıqları son siyahılar cəmiyyətdə geniş rezonansa səbəb olmaqla yanaşı, hüquq müdafiə təşkilatları arasında ciddi fikir ayrılığı yaradıb. Xüsusən də, Leyla Yunusun hazırladığı 166 nəfərlik və Xədicə İsmayılın hazırladığı 94 nəfərlik siyasi məhbus siyahıları ciddi ittihamlara yol açan müzakirələrə səbəb olub.
Belə ki, bnunla bağlı Gununsesi.info-ya açıqlama verən hüquq müdafiəçilərindən İnsan hüquqları üzrə Birgə işçi qrupun üzvü Novella Cəfəroğlu bildirib ki, onlar məhkəməsi olmayan və ya məhkəməsi gedən şəxsləri siyasi məhbus siyahısına salmırlar.
İnsan Hüquqları üzrə Birgə İşçi qrupun katibi Sahib Məmmədov isə hesab edir ki, siyasi məhbus siyahısının hazırlanmasında böyük biznes var.
Həmkarlarının fikrinə münasibət bildirən İşçi Qrupun üzvü Oktay Güləliyev bildirib ki, hər bir hüquq müdafiəçisinin bu məsələyə öz yanaşması var.
O, qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbus kriteriyalarıyla bağlı 2012-ci il 3 oktyabr tarixli 1900 saylı qətnaməsinə görə, siyahıya salınan və ya diqqəti cəlb edən insanlar həmin kriteriyaara uyğun gəlibsə, onların adları siyahıya daxil edilir.
“Həmin adamlar arasında istintaq altında olan, yaxud, məhkəmə prosesi sonuclanıb haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olan şəxslər də ola bilər. Hesab edirəm ki, məhkəməsi olmayan və ya məhkəməsi gedən şəxslərin adlarının siyasi məhbus siyahısına salınmaması doğru yanaşma deyil. Əgər biz görürüksə və biliriksə ki, şəxs qanunsuz olaraq, əsassız və qondarma ittihamlarla şərlənərək həbs olunub, onun iki il davam edən və ya aylarla çəkən məhkəməsini gözləməli deyiıik. Belə şəxslər haqında cəmiyyət də, hüquq müdafiəçiləri də öz mövqeyini bildirməlidir. Həbsində siyasi motivlər olan şəxsərin məhkəməsini gözləməyə də ehtiyac yoxdur. Bu yanaşma hakimiyyətin siyasi məhbus məsələsinə yanaşma tezislərindən irəli gəlir. Bu cür səsləndirmələr həmin tezislərin tərkib hissəidir və mən bu yanaşmanı doğru hesab etmirəm”- deyə, o, bildirib.
O.Gülalıyev daha sonra İnsan Hüquqları üzrə Birgə İşçi qrupun katibi Sahib Məmmədovun “Siyasi məhbus siyahısının hazırlanmasında böyük biznes var” fikrinə də münasibət bildirib.
O, qeyd edib ki, S.Məmmədovun bu yanaşması da hakimiyyətin yaratdığı tezislərin tərkib hissəsidir:
“Çox təəssüf edirəm ki, vaxtıyla demokratik düşərgədə olan şəxslər həmin tezisləri əllərində bayraq edib, diqqəti əsas məsələdən yayındırıb, siyası məhbus problemindən kənara çəkirlər. Bu haqda məlumatı həmin biznesdə iştirak edənlər bilər. Şəxsən mən heç vaxt siyasi məhbuslarla bağlı heç bir biznesdə olmamışam, yoxam və iştirak etmirəm. Ona görə də bu cür suallar mənə və təmsil olunduğum İşçi Qrupun üzvlərinə aid deyil. Qoy, bununla bağlı belə bizneslə məşğul olanlar cavab versinlər.
Əgər həqiqətən əllərində belə faktlar varsa, buyurub, həmin faktları ortaya qoysunlar. Qeyd edim ki, siyasi məhbuslarla bağlı hazırlanan siyahı haqda bu cür danışanlar, əslində, siyasi məhbus problemiylə məşğul olanları çəkindirib, təhdid etmək, işin gedişinə problem yaratmaq məqsədi güdür. Azərbaycanda və eləcə də kənarda kifayət qədər qrant alırlar. Hökümət də, hökümətyönlü QONQO təşkilatlar da o böyük biznesləriylə bağlı məlumat versinlər. Desinlər görək aldıqları qrantlarla nə iş görüblər, hansı addımları atıblar?
Kimlərin hüquqlarını müdafiə ediblər? Hesab edirəm ki, bu cür yanaşmanın özü də siyasi məhbusların hüquqlarını müdafiə edən şəxsləri təhdid etmək məqsədi güdür və onları qorxu, basqı altında saxlamaq üçündür. Bütün bunlara baxmayaraq, qeyd edim ki, mənim siyasi məhbuslarla bağlı hər hansı qrant layihəm olmayıb. Yaxın gələcəkdə də bununla bağlı kiməsə müraciət etməyi düşünmürəm. Bü cür yanaşmalarla çıxış edənlərə demək istəyirəm ki, yaxşı olardı ki, mövzunu başqa istiqamətə yönəltməkdənsə, siyasi məhbusların hüquqlarını müdafiə etsinlər. Əgər bu həqiqətən onları qayğılandırırsa”.
Gülnaz Qənbərli
Gununsesi.info












