Vaxtında tədbir görülməsəydi, ölkədə su qıtlığı yaranacaqdı - Zakir Quliyev - FOTOLAR

  • By admin
  • 03 İyun 2022 15:03

Taxtakörpü su anbarı ölkəmiz üçün böyük strateji əhəmiyyət kəsb edir. Çünki bu obyekt bu gün Azərbaycanın şimal bölgəsinin su təminatı ilə yanaşı, Sumqayıt, Bakı şəhərləri və Abşeron rayonunun içməli su tələbatının ödənilməsində mühüm rol oynayır.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, bunu 5 iyun Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Taxtakörpü su anbarına təşkil olunan meditur çərçivəsində jurnalistlərin suallarını cavablandıran Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev deyib.

O, Taxtakörpü su anbarının yaradılması və ölkə üçün əhəmiyyətindən danışıb: “Anbarın təməlqoyma mərasimi Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə həyata keçirilib, 2013-cü ildə isə istifadəyə verilib. Ona gorə strateji obyekt hesab olunur ki, Taxtakörpünün əsas su mənbəyi Samur çayıdır. Samur çayında son 4-5 ildə qlobal iqlim dəyişikliyi fonunda su axını ilbəil azalır. Buna görə də biz bu obyektlə ölkəmizdə əhalinin etibarlı içməli suya olan tələbatını təmin etmiş oluruq.

Bu su anbarının istifadəyə verilməsi ilə əhalinin içməli su ilə bağlı problemi demək olar ki, hiss olunmadı. Əgər Taxtakörpü su anbarı tikilib istifadəyə verilməsəydi, son 4 ildəki su qıtlığı səbəbindən insanlar evlərinə qablarda su aparmalı olardılar. Qabaqlayıcı tədbir kimi bu anbarın tikilib istifadəyə verilməsi sübut edir ki, biz bu problemin qarşısını aldıq.

Sədr müavini qeyd edib ki, Taxtakörpü su anbarı şimal regionunun dağ çayları ilə də qidalanır: “Qudyalçay, Vəlvələçay, Qusarçay və digər çaylarla da bu anbarının su təminatını həyata keçiririk. Taxtakörpü su anbarının ümumi su tutumu 268,4 mln kubmetr, faydalı həcmi isə 238,4 mln kubmetrdir. Bəndinin hündürlüyü 136,5 metr, uzunluğu 1180 metrdir.

Su anbarı istifadəyə verildiyi gündən bu günə qədər anbara toplanan suyun miqdarı 3 milyard 254 milyon kubmetr olub ki, bu suyun 3 milyard 50 milyonu Ceyranbatan su anbarına nəql olunub.

Taxtakörpü su anbarına istər daxil olan, istərsə də Ceyranbatana nəql olunan suların hamısı öz axımı ilə həyata keçirilir. Buna görə də biz bu su anbarını strateji və unikal obyekt kimi qeyd edirik. Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə yanaşı Şimal regionunda 50 min hektardan yuxarı torpaqların tu təminatı həyata keçirilir. Bunun da 30 min hektarı yeni suvarılan torpaqlardır”.

Gununsesi.info