Xəlil heyyyy… - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 17 Yanvar 2018 12:08

1990-cı il idi. Oxuduğum Texniki Peşə Məktəbindən məni Azərbaycan Korlar Cəmiyyətinin mətbəəsinə praktikaya göndərmişdilər. Öyrəndiyim peşə ofset çapdı, başqa sözlə desək, jurnalistikanın “jurnal” hissəsi, mətbəə işi. Çap maşınlarında adətən müxtəlif firmaların blankları çap olunurdu. Amma günlərin bir günü hamı üçün maraqlı olan bir sifariş gəldi. Mətbəədə kitab çap olunacaqdı. Adı da “Xəlil heyyy”.

Həmin ilin yanvarında Xəlil Rza Ulutürk SSRİ DTK-sı tərəfindən həbs olunmuş, Moskvaya-Lefortovo həbsxanasına göndərilmişdi. O zindanda düz 8 ay qalacaqdı, Bakıda isə həmin günlərdə hamı çəkici bir zindana vururdu. Necə etsinlər ki, Xəlili bu zindandan çıxartsınlar? Müxtəlif şairlərin Xəlil Rza haqqında yazdığı şeirlərdən ibarət “Xəlil heyyy” kitabının nəşrində məqsəd də əslində bu idi. Moskvaya həm də ədəbi etiraz! Bu işi çox ustalıqla, gizli şəkildə edirdilər.

Yadımdadır, gecə saatlarına qədər biz praktikantlar da bu kitabın cildlənmə işinə cəlb olunurduq. Kitabı hər hansı nəşriyyatda deyil, Korlar Cəmiyyətinin mətbəəsində çap eləmək də kor qalmış qonşulardan qorxuya görə idi. Bu mətbəədən heç kim şübhələnməz, kitabı gəlib buralarda axtarmazdılar. 

O günlərdə bizim paytaxtımızın baş qəhrəmanı idi Xəlil Rza Ulutürk. Hər kəs içində bir Xəlil sevgisi gəzdirirdi. Hərçənd, yaradıcılığından içi mən qarışıq tamamilə xəbərsizdi çoxları. Bildiyimiz yeganə şeiri “Azadlıq” şeri idi. Və düşünürəm ki, bu şeir ilə də o öz yaradıcılığına möhür vurmuş oldu. Qalanı isə əlbəttə zövq məsələsidir. Məsələn, mənim fikrimi soruşsanız, birmənalı Xəlil Rza yaradıcılığını bəyənmirəm deyərəm.

Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan
Ermənisiz Azərbaycan!

Razılaşın ki, bu cür şeri hətta ən balaca uşaq da yaza bilər. Amma o balaca uşaqların xoruzunu qoltuğuna verib “get, sənin şeirin ədəbi cəhətdən zəifdir” desələr də, bu cür nümunələr sanballı şairlərin qələmindən çıxınca ədəbiyyatımıza ədəbi şedevr kimi dürtüşdürülüb və belə nümunələr hər dövrdə, hər bir yaradıcı adamın bioqrafiyasında olub. Mikayıl Müşfiqin də, Səməd Vurğunun da, Məmməd Rahimin də, Əli Kərimin də, o cümlədən Xəlil Rzanın da.

Əlbəttə, Kəramət Böyükçöl də gənc yazar kimi Xəlil Rzanın yaradıcılığını tənqid etsəydi, daha yaxşı olardı. Amma o belə istəməyib, şairin həyatını da təftiş etmək istəyib. Şəxsi baxışlarından çıxış edib, sənin, mənim kimi yox, başqa cür yanaşıb məsələlərə. Hə, nə olsun, yanaşsın da?! İndi buna görə onu linç etmək nəyə lazımdır ki? Açığı, çox qəribə bir situasiya yaranıb. Adamlar sanki bir himə bənddirlər, hamı pusquda, marıqdadır. Fərqli sözə, fərqli fikrə dözümsüz bir mühit formalaşıb. Maraqlıdır ki, üsyan edənlərin çoxu da demokratiyadan, plüralizmdən pafosla danışanlardır.

Şəxsən mən özüm dəfələrlə bu cür vəziyyətlə qarşılaşmışam. Təkcə Mövlud haqda yazımı xatırlatmam yetər. Az qalmışdılar, adamlar məni 16-cı mərtəbədən atsınlar. Nə etmişdim ki? Fərqli bir fikir söyləmişdim. Camaat, siz mənim kimi düşünməyə bilərsiz, amma sizin kimi düşünməyənləri ittiham etmək, asıb-kəsmək kimi ixtiyara da malik deyilsiz. Kəramətin düşdüyü vəziyyət isə lap ağırdır. Bir az anlayışlı olun, xanımlar və cənablar. Adam öz səhifəsində, öz şəxsi evində, ona aid bir tribunadan sadəcə beyninə gələn bir fikri deyib, düşüncələrini bölüşüb. İnanın, onun fikirlərində qorxulu heç nə yoxdu, amma sizin fikirləriniz o qədər qorxuludur ki! Adam istəyir, Xəlil Rzanın ruhunu çağırsın, ondan kömək istəsin. Xəlil heyyy…

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info