
14 il öncə efirdə alyanaq, gülərüz gözəl bir xanım peyda oldu.
“Çəkirəm haa” deyib insanları kamerası ilə maraqlı vəziyyətlərdə “yaxalayan” bu xanım bu dəfə Gununsesi.info-nun maraq dairəsində oldu.
“Efirdən Kənar” layihəmizin bu dəfə ki səmimi qonağı Xəyalə Quliyevadır. Hal –hazırda “Space” televiziyasında yayımlanan “Sizinləyəm” verilişi ilə tamaşaçı qarşısına çıxan Xəyalə xanım kamera arxası düşüncələrini və həyatından xüsusi məqamları bizimlə bölüşdü.
Xəyalə xanım ixtisasınız rejissorluqdur, amma sizi aparıcı və aktrisa kimi tanımışıq. Niyə rejissor olmaq istəməmisiniz?
Əksinə mən həmişə öz ixtisasım üzrə çalışmışam. Kütləvi tədbirlər rejissorluğu üzrə bitirmişəm. Bu günə qədər olan bütün verilişlərim kütlə ilə olub. Şərt deyil ki, hansısa filmi çəkəsən və ya nəyisə lentə alasan. Elə əvvəldən də insanlarla çalışmışam, ssenarilərini özüm yazmışam. Hal-hazırda da verilişimdə kütlə ilə birgə çalışıram. Rejissorluğun eləməsəm də quruluşunu özüm verirəm, nə fərqi var.
Bu dəqiqə rejissorlara diqqət böyükdü. Bilirsiniz ki, dövlət seriallara maddi yardım ayırıb, hər gün yeni filmlər çəkilir. Özünüzü sınamaq istəməzdiniz?
-Bilmirəm bu barədə düşünməmişəm. Hələ ki, öz işimi sevirəm. Rejissorluğun istiqamətləri çoxdur mən kino rejissorluğunu oxumamışam. Elə öz işimlə məşğul oluram sadəcə aparıcılığını da edirəm.
İndiki əksər rejissorların savadı yoxdur.
-Bəli həqiqətən də bəzilərinin savadları yoxdur. Rejissoram deyib sinəsini vurub 5- film çəkir amma əslində rejissorluq üzrə təhsili yoxdur. Professional operator, işqçılarla işləyir onlar öz işinin öhdəsindən yaxşı gələndən sonra rejissora elə çətin yük düşmür. Özlərini rejissor adlandırıb həmin işə adlarını qeyd etdirirlər amma hansısa məkanda müğənnini əyləşdirib klip çəkmək rejissorluq demək deyil. Rejissorun özünün əlavələri olmalıdır.
Rejissor, aparıcı və aktrisa. Hansı daha yaxındır?
-Aparıcı.
Niyə?
Bilmirəm. Bəlkə də onunla başlamışam ona görə. Yaxşı rejissor olmaq üçün aktrisa olmaq lazımdır. Universitetdə də quruluş verdiyimiz tamaşalarda rolları özümüz oynayırdıq. Rejissorluğa gələndə isə onsuz da ixtisasımdır.
Vaxtilə öz sözünü demiş aparıcılar, diktorlar bu dəqiqə efirlərimizə baxanda çox saylı səhvlər tuturlar. Onları bəyənmirlər, tələffüsdə problem olduğunu vurğulayırlar. Razılaşırsınız?
-Bəli düzdü. Hamısı yox əksəriyyəti elədir. Elə mən özüm də əsəbləşirəm. Redaktorlar yazıb əllərinə verirlər heç özünün anlayışı yoxdur ki, əlindəkində nə yazılıb. Mən onlara aparıcı yox diktor deyirem. Çünki yalnız yazılanı oxuyurlar özlərinin heç bir nə əlavəsi nə fikri olmur.
Bir çox seriallarda aktrisa kimi də tanındız. Bu sahə üzrə professional məşğul olmaq istəmirsiz?
-Əgər teatrı nəzərdə tutursunuzsa, xeyr istəməzdim. Amma çox istəyərdim hansısa ciddi obrazda rol alım. Çünki mənim üçün ciddi rolu oynamaq daha asandır nəinki komediya. Güldürmək daha çətindir. Mən dramı tamaşaçıya daha rahat çatdıraram.
Həm seriallar həm də verilişləriniz komediya janrındadır. Xasiyyətcə necə birisiniz?
-Məni kim görsə istər-istəməz üzündə gülüş yaranır. Xasiyyətcə də deyib gülən biriyəm. Amma baxır harda və kimlə. Əlbəttə eyni zamanda qədərində və yerində.
Dediniz teatrda işləmək istəməzdiniz. Niyə?
-Ciddidir. Orda səhərdən axşama qədər məşq etməyə səbrim çatmazdı o barədə tənbələm. Bütün günü məşq edib sonra tamaşanı nümayiş etdirmək arxasınca yenidən məşq etmək mənlik deyil.
Xalq artistlərindən kimsə fikrini sizə bildirib?
-Kənardan yox amma birgə çalışdıqlarımız deyib. Firəngiz Mütəllimova çox sağ olsun həmişə dəstəkləyib. Xalq artisti Ramiz Novruzun “sənə baxıram və çox bəyənirəm, öhdəsindən yaxşı gəlirsən” deməsi mənim üçün böyük şeydir.
İşləriniz çoxdur. Ailəli bir xanım üçün işin çoxluğu problem yaratmır?
-Xeyr. Mən sizə bu dəqiqə dedim ki, teatrda işləməzdim çünki bilirəm ki,öhdəsindən gəlməyəcəm. Amma saatla qurulan işlərə razılıq verirəm çünki bilirəm ki, ailəmə də vaxt ayıra biləcəm.
Bu dəqiqə əksər insanlar iki sənətlə birdən məşğul olur.
-Əgər bacarırsa çox gözəl niyə də olmasın. Məsələn, Firəngiz xanım, həm televiziya həm də teatr aktrisası kimi çox gözəl öhdəsindən gəlir. Bundan əlavə aparıcılıq da edib. Bu hər adamda alınmır. Təbii ki bəzilərini çıxmaq şərtilə.
Bu həmin sənətlərin zəifləməsinə gətirib çıxarmır?
-Məncə yox. Niyə yaratsın ki. Əksinə aparıcı kimi aktrisa dinamiklik gətirir. Əgər teatrdakı pafosu gətirmirsə bu əksinə kömək olar. Bu dəqiqə sadəlik, təbilik tələb olunur.
Gündəlik efirimiz izləsək verilişlərdə aparıcı qismində jurnalistlərdən çox müğənni və aktyor görəcəyik. Bu jurnalistlərə qarşı haqqsızlıq deyil?
-Aktrisaları anlayıram amma müğənnilərin aparıcılıq eləməyi bu bir az düzgün deyil. Aktrisa İncəsənət universitetini bitirir, səhnə danışığı keçir, səhnə mədəniyyəti, diksiya keçir. Yəni anlayışı var az da olsa xəbərdardır. Amma müğənni bunları keçməyib . Düzdü bəzi professional müğənniləri demirəm onlar da bitiriblər, ali savadlıdırlar. Amma bu keçməyən standart müğənnilər var onlar aparıcılıq edəndə çox gülünc görünür. Çünki heçnədən xəbərdar deyillər bilmirlər necə aparsınlar. Səhnə danışığı mütləq olmalıdır. Sərbəstlik başqa, ağzına gələni danışmaq başqa.
Əgər belədirsə televiziyalar niyə qəbul edirlər? Buna televiziyalar yol verməməlidir.
-Televiziyaların günahı yoxdur. Sizi inandırım ki, onlar özləri gəlib efir saatı götürürlər. Bilirsiniz ki belə bir şey mümükündür. Efir saatını götürəndən sonra istədikləri kimi idarə edirlər. Əlbəttə ki, razı olmamalıdırlar. Amma təəssüf ki, razılıq əldə edilir.
Hansısa istəyiniz var?
-Aparıclığı bacarmayanları kənarda görmək istəyərdim. Bəzən elə insanlar gəlir ki, savadı yoxdur amma səndən önə keçir. Onda pis olursan ki, sən neçə illərdi bu sənətdəsən və bu gün heç bir savadı olmayan biri gəlir və səndən üstün tutulur.
Kifayət qədər tanınırsız. Bu sizə mane olur?
-Tanınmaq yaxşıdır. Sənə hörmət edirlər, nəinsə ən yaxşısını verirlər, köməklik göstərirlər. Amma bəzi məqamlar var ki, tanınmağını istəmirsən. Əsasən istirahət vaxtı maneçilik yaradır. Dağa, bağa və ya çimərliyə gedəndə sərbəst ola bilmirsən. Nəzərlər daima üstündə olur. Belə şeylərdə narahatçılıq yaradır. Amma köməyi daha çoxdur nəinki maneçiliyi.
İki övladınız var səhv etmirəmsə.
-Bəli. Oğlumun 9 yaşı var 4-cü sinifdə oxuyur, qızımın isə hələ 4-dür bağçaya gedir.
İncəsənətə maraqları var?
-Oğlum artıq musiqi məktəbinə gedir qızım isə hələ balacadır.
Gələcəkdə bu sahə üzrə ixtisaslaşmalarını istəyərsiz?
-Mənim üçün heç bir problemi yoxdur. Ürəkləri hansı sahəni istəyər o üzrə də gedərlər. Bəziləri deyir ki, mən çox əziyyət çəkmişəm istəmərəm o da gəlsin. Xeyr çox gözəl sahədir özünü yaxşı aparandan sonra niyə pis olmalıdır. Nə pislik, nə hörmətsizlik görmüşəm ki, istəməyim. Özləri nəyi seçsələr razılaşaram yetər ki, o üzrə getsinlər yarımçıq qoymasınlar.
Sonda özünüzə arzunuz nədir?
-Allah ürəyimə görə versin.(gülür)

Sevinc Xeyrulla
Gununsesi.info












