“Xəzərin quruması ilə bağlı yayılan məlumatlar tamamilə uydurmadır” - TELMAN ZEYNALOV

  • By admin
  • 30 Avqust 2017 18:32

402460104

Xəzər dənizinin akvatoriyasının quruması və dəniz səviyyəsinin aşağı düşməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlış və uydurma bir məsələdir.

Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın tanınmış ekoloqu Telman Zeynalov “Geophysical Research Letters” jurnalının 75 ilə Rusiya və Qazaxıstan akvatoriyasının quruması haqqında gedən yazıya mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu tamamilə yanlış fikirlərdir. “Bu məqaləni yazan alimlər o şəxslərdir ki, onlar NATO və Amerikanın maraqlarına uyğun oyunlarda iştirak edib, onların təbliğatını aparırlar. Bunun əvəzində isə onlardan maaş alırlar. Ona görə də belə məsələlər məqsədyönlü şəkildə ortaya atılıb və müəyyən hədəflərə xidmət edir”-deyə, ekoloq vurğulayıb.

T.Zeyanlov əlavə edib ki, Xəzər dənizi digər dəniz və okeanlara nisbətən cavan olduğundan onun quruması və ya enməsi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir: “Bundan əlavə olaraq Böyük və Kiçik Qafqaz, eyni zamanda Xəzərin cənubundakı Talış və digər dağlar cavan olduğundan hələ burada qabarma meylləri hiss olunur. Məhz ona görə də bizim bölgəmizdə xeyli sayda zəlzələ ocaqları mövcuddur. Tez-tez geoloji proseslər gedir”.

Ekoloq onu da əlavə edib ki, Xəzərin suyla təmin olunmasının və bunun nəticəsində suyun səviyyəsinin qalxıb enməsinin 30-40 faizi yağıntılarla əlaqədardırsa, yerdə qalan hissəsi Xəzərin Sakit okeanı ilə olan əlaqəsindən asılıdır: “Ona görə də Xəzərin səviyyəsinin enməsinə inanmıram”.

T.Zeynalov bildirib ki, istilərdə il ərzində Xəzərdə buxarlanmanın səviyyəsi 1 mm-dirsə, o zaman 15 il ərzinə bu hədd 10-15 mm səviyyəsinə çatacaq. Əksinə ekoloq hesab edir ki, 2030-cu ilədək Xəzər dənizinin səviyyəsi 1 metrədək qalxması gözlənilir: “Bunun da səbəbi  qlobal sərinləşmə nəticəsində yağıntıların normadan artıq olması ilə izah olunur”.

“Geophysical Research Letters” jurnalının Xəzərin səviyyəsinin enməsinin səbəbini qlobal istiləşmə nəticəsində quruması haqqında fikirlərinə gəldikdə ekoloq deyib ki, bu son dövrlərdə böyük güclərin iqlim dəyişikliyi oyununun tərkib hissəsidir. “Qlobal istiləşmə ilə bağlı hamısı uydurmadır. Bu yolla həmin güclər digər dünya ölkələrini soyur. Bu, məqsədyönlü ortaya atılan oyundur. Yadınızdadırsa necə ki, bir zamanlar “quş qripi”, “donuz qripi” kimi məsələlər ortaya atılmışdı. Bu da onun kimi br məsələdir və bir oyundur”- deyə, T.Zeynalov bildirib.

Qeyd edək ki, “Geophysical Research Letters” jurnalında dərc olunan materialda 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azaldığı və ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşməsi qeyd olunub.

Ekspertlər Xəzərdə suyun səviyyəsinin daha da düşəcəyi proqnozunu verirlər. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır. Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.

Mürtəza Bünyadlı

Gununsesi.info