Xankəndində xəstə ermənilərə yardımımızı bütün dünya gördü - DEPUTAT

  • By admin
  • 07 Aprel 2023 14:10

“Aprelin 5-də Laçın Xankəndi yolunda vəziyyətləri pisləşən 4 nəfər erməni vətəndaşımıza təcili tibbi yardımın göstərilməsini və onların ambulansla Xankəndinə aparıb xəstəxanaya yerləşdirilməsini doğru addım hesab edirəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında deputat Azay Quliyev deyib.

Onun sözlərinə görə, xəstələrdən 3-nün vəziyyəti çox ağır olub və azərbaycanlı həkimlər onların həyatlarını xilas ediblər:
“Həkimlik missiyasını ləyaqətlə yerinə yetirən həkimlərimizə təşəkkür edirəm.

Ancaq sosial mediada bəzi qrupların məqsədyönlü şəkildə bu humanitar addımın əleyhinə çıxmasının da şahidi olduq, lakin bu yanaşmanı qətiyyən qəbul etmək olmaz.

Əvvəla ona görə ki, bu hadisədən sonra bütün dünya bir daha şahid oldu ki, Qarabağın dinc erməni sakinlərinin təhlükəsizliyini təmin etməyə Azərbaycan dövləti hər zaman hazırdır və bu məsələdə siyasi iradə var.

İkinci, bu fakt Qarabağ ermənilərinin Azərbaycanın iqtisadi, hüquqi və sosial məkanına qaçılmaz olan re-inteqrasiya prosesini sürətləndirə, psixoloji baryerlərin, hətta bəzi hallarda qorxu və tərəddüdün aradan qalxmasına töhfə verə bilər.

Üçüncü, rəsmi Bakının bu addımı Ermənistanın təbliğat maşınının 4 aydır “Qarabağ ermənilərinin blokadaya alınması”, “humanitar fəlakətə və etnik təmizləməyə düçar olması”, “ermənilərin soyqırım təhlükəsi ilə üzləşməsi” haqqında yaydıqları yalanları bir daha ifşa etmiş oldu.

Dünya ictimaiyyəti gördü ki, Azərbaycan dövləti nəinki Qarabağ ermənilərinə qarşı heç bir qanunsuz hərəkətlərə yol vermir, əksinə, darda olanlara sahib çıxır, onlara əl uzadır.

Ümid edirəm ki, Azərbaycanın vətəndaşları hesab etdiyi Qarabağ ermənilərinə yönəlik dövlət siyasətinin əsl mahiyyətini ifadə edən bu hadisə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənəcək, sağlam düşüncəli Qarabağ erməniləri də başa düşəcəklər ki, onların təhlükəsizliyinin və qanuni maraqlarının qarantiyası ayrı-ayrı separatçılar və avanturistlər deyil, məhz, Azərbaycan dövləti və Azərbaycan konstitusiyasıdır.

Bu reallığı onlar nə qədər tez qəbul etsələr, bu, ilk növbədə onların mənafeyinə uyğun olacaq”.

Şəbnəm
Gununsesi.info