Yanğın - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 02 Mart 2018 13:32

Onsuz da səhər tezdən odsuz-alovsuz yanırdım. Dostlardan biri Messenjerimə ermənilərdən bəhs edən bir film atmışdı .

“Armenia: Kolıbel istorii” adlı bu film ötən ilin sonlarında çəkilib, yəni hardasa təzə sayıla bilər. Azacıq milli təəssübkeşliyi olan adam Darya Davıdova adlı rus müəllifin və çox güman ki, atası erməninin çəkdiyi filmə sakit baxa bilməz. 4-cü dəqiqədən “Meqeryan karpet” in xalçaları, əslində isə Qarabağ xalçaları ermənilərin qədim xalq sənəti kimi təbliğ olunur. Dalınca tütək gəlir, sonra lavaş , sonra nar, sonra tar, sonra yar…Üzrlü sayın,hirsimdən belə yazıram, sonuncu ikisi gəlmir. Amma belə getsə, inanın tar da, yar da, hər zəhirmar da erməninin adına yazılacaq. Filmdə xalçalar üzərində aparılan təhlillər, genosid söhbətləri, bunun şüurlara yeridilməsi cəhdləri, “naş Karabaxskiy dub” ifadəsi ən “dub” adamı da ayıldar. Amma biz ayılmırıq ki, ayılmırıq. O filmə baxanda iki il əvvəl Gənclər Fondunun rəhbəri Fərhad Hacıyevlə görüşüm yadıma düşdü.

Onda ANS-də filmlər çəkirdim. Bir tədbirdə görmüşdüm bu cavan oğlanı , yaxınlaşıb onunla bir mövzu ətrafında söhbət etmək istədiyimi demişdim. Gəlin demişdi. Ertəsi gün getmiş və xahiş eləmişdim ki, imkan daxilində mənim də filmlərimə maddi dəstək olsunlar. Cavabı belə olmuşdu.” Biz qrantı ancaq gənclərin layihələrinə ayırırıq.” Demişdim ki, mən də filmləri gənc nəsil üçün çəkirəm də. Söhbətimizin nəticəsi olmamışdı…Dünən oxuyuram ki, Fərhad Hacıyev nazir müavini vəzifəsinə təyin olunub, mən isə tarixi sənədli film arzumu iki il əvvəl dəfn eləmişəm. Əvəzində ruslar, ermənilər elə filmlər çəkir ki, yanıb tökülürəm. Lap elə cızdağım çıxır. Eynən bu gecə Narkoloji Mərkəzdə yananlar, cızdağı çıxanlar kimi.

Hə, bu gecə Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzi yandı. Rəsmi məlumata görə ,hadisə zamanı 25 nəfər həlak olub. Ölü sayı arta da bilər, azala da. Bunda işim yox. İşim bu işə məsul adamların öz işinə necə səhlənkar yanaşması ilə bağlıdır. Üstəgəl, binanın vəziyyəti ilə bağlı. Respublikanı qarış qarış gəzsən Respublika Narkoloği Mərkəzinin binasına oxşayan ikinci bir binaya rast gəlməzsən.Bu bina inkişaf edən Azərbaycan Respublikasının adına ləkədir. İlk baxışdan hansısa bir taxta emalatxanı xatırladır. Taxta emalatxanada da nə olar, taxta-tuxta? Bəli, məsələyə belə yanaşmasaydılar, 55 nəfəri taxta konstruksiyalı birmərtəbəli tikiliyə soxmazdılar. Bu məsələnin bir tərəfi. İkinci bir məsələ bu adamları vaxtında təxliyyə etməklə bağlıdır.Əslində mən bu məsələdə Fövqəladə Hallar nazirliyini qətiyyən qınamıram. Çünki küləkli havada, taxta tikilinin alışıb yanması az qala an məsələsidir.

Deməli əsas məsuliyyət Səhiyyə Nazirliyinin üzərinə düşür. Bir də az qala hər gün şəxsi konteksdə adı mətbuatda hallanan Əli Həsənovun. Bu məmur Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Eyni zamanda baş nazirin müavini, eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, eyni zamanda da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.

Təbii ki, bir adama bu qədər vəzifə veriləndə o işinin öhdəsindən gəlməyəcək. Üstəgəl, adamın başı vaxtaşırı nəvələrinin qalmaqallarına qarışırsa? Uzağa getməyək, elə dünən Əli Həsənov yenə Sumqayıtda ağac kəsib yer zəbt edən nəvəsindən danışır, özünə və ona bəraət qazandırmağa çalışır, “jurnalistlər məni sifarişlə şantaj edirlər” deyirdi.

Mən ürəyimin sifarişilə yazdım bu yazını vallah. Ürəyim yana-yana, tüstüm təpəmdən çıxa çıxa.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info