Yeni yaradılan rayonun Baş planı hazırlanıb

  • By admin
  • 21 Aprel 2017 14:18

18052544_10206833106026660_1568091504_n

Pirallahı rayonunun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyə üzvlərinin, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, iclası giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Vasif İmanov  Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verib.

Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd edib ki, Pirallahı  adasını  Abşeron yarımadası ilə birləşdirən  avtomobil yolu körpüsündə tikinti-quraşdırma  işləri  tamamlanaraq, hazırda körpünün yan tərəfindəki  mövcud yolda işlər davam etdirilir. Eyni zamanda Gürgən  qəsəbəsində geniş miqyaslı abadlıq-quruculuq işlərinə start verilib. Mərkəzi yol boyu Abşeron  memarlığını  özündə əks  etdirən  qala  divarı, dekorativ  hasarlar,  6  ədəd bürc inşa olunur. Buradakı qədim bulağın bərpası da nəzərdə tutulmuşdur. Əhalinin  istirahəti  üçün Gürgəndəki gölün ətrafında parkın  salınması  işləri  həyata  keçirilir.

Bildirilib ki, rayonun  Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinə təqdim etmək üçün artıq hazırdır. Həmçinin, rayon mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, Gürgən qəsəbəsində isə “Yeni Şəhər”in salınması məqsədilə müvafiq layihələndirmə işləri aparılır. Rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda da lahiyələndirmə işləri davam edir. Burada katric istehsalı üzrə müəssisənin tikintisi üçün 2,5 ha torpaq sahəsi ayrılıb.

Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi – uşaq bağçasının inşaat işləri davam etdirilir. Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğulayıb ki, Pirallahı adasının sənaye zonasında 6,4 ha sahədə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi məqsədilə kommunikasiya xətləri ərazidən çıxarılıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq quraşdırma, sazlama işləri başa çatdırılmış və stansiya tam olaraq ümumi şəbəkəyə qoşulub. Yeni avadanlıqların quraşdırılması məqsədilə Agentliyə, əlavə olaraq, 5 ha torpaq sahəsi ayrılıb.

Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlığın inkişafı istiqamətində cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilib rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı fəaliyyət genişləndirilib.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində olub. Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov hesabat dövründə Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirildiyini, mütəmadi olaraq iməcilik və ağacəkmə aksiyalarının təşkil edildiyini, 20 minə yaxın müxtəlif növ həmişəyaşıl və meyvə ağaclarının əkildiyini qeyd edib.

Hesabat dövründə Pirallahı rayonunda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması,  ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqənin inkişafını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilib.

Hesabat ətrafında çıxış edən 9 №-li “Yol İstismarı” MMC-nin sədri Baxarəddin Rəsulov, DSMF-nin Pirallahı rayon şöbəsinin müdiri Xançoban Dəmirov, Pirallahı rayon MKTB-nin rəisi Manaf Manafov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2017-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab ediblər.

Gununsesi.info