Mənim adım Qırmızı, MƏN ÖLÜYƏM! - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 10 Mart 2017 17:30

leman

“İndi mən ölüyəm, bir quyunun dibində cəsədəm. Son nəfəsim çoxdan çıxıb, qəlbim çoxdan dayanıb, amma alçaq qatilimdən başqa kimsə başıma gələnləri bilmir”.

Məşhur türk yazıçısı Orxan Pamukun “ Mənim adım Qırmızı” əsərini oxuyanlar bilir ki, kitab ölünün monoloqu ilə başlayır. Əslində bu romanda yazıçının yeganə orijinallığı da qəhrəmanlarının diliylə danışmasıdır. Bu əsərdə ölü də danışır, köpək də danışır, ağac da, pul da, Qara da, Qırmızı da. Qırmızı “Ford”un öldürdüyü 5 növcavanın faciəsi yadıma illər qabaq oxuduğum bu əsəri saldı.

Və özümdən asılı olmayaraq bu köşəni Orxan Pamuk tərzində yazmaq istədim. Həm də düşündüm ki, Orxan Pamuku seçməyim son günlər antitürk təbliğatı aparanlara da bir mesaj olar. Xüsusilə, Qacarların məşhur nümayəndəsi , infraqırmızı diapazonda optik sahədə mühüm nailiyyətlər müəllifi olan Çingiz Qacara da.

Zənnimcə, akademik həm də infraqırmızı iddiaları ilə qırmızı “Ford”un sürücüsü qədər qorxuludur.

Beləliklə, Mən Namiqəm- Namiq Hüseynov.

Qırmızı “Ford”un sürücüsü.

Yanınızda boynum qıldan incədir. Haqlısız, mənə qatil deməkdə, 5 gəncin ölümü ayağımdadır. Allah günahlarımı bilmirəm bağışlayacaqmı, amma əminəm siz bağışlamayacaqsız.

Ölən uşaqların valideynləri isə ümumiyyətlə. Mənim məsuliyyətsiz davranışımın altını görün neçə ailə çəkdi? Mən hər səhər 15-17 nəfər tutan mikroavtobusa 22-25 nəfər mindirəndə onlara insan kimi baxmamışam.

Baxsaydım, ayağımda 61 cərimə olmazdı. Təkcə ötən il 24 dəfə xəbərdarlıq almışam. Düz deyirsiz ki, bu qədər qayda pozuntusu ilə mən necə işə davam etmişəm? Onu yoldakı post patrul xidmətindən soruşun, nəqliyyat müfəttişlərdən xəbər alın. Bizdə məsuliyyətsizliyi, arxayınçılığı onlar yaradıb.

Onlarla ortaq dil tapmasaydıq, bu gün bu qədər ananın ağzında dili yanmaz, onların gül balaları bir saniyə içində solmazdı…

Mən Rozayam- Roza Muradova.

Qırmızı “Ford” muradını gözümdə qoyan gənc qız. Aprelin 26-sı toyum olacaqdı. Əynimə ağ gəlinlik geyinəcəkdim. Amma ağ kəfən geyindirdilər bu gün mənə. Cəmi 20 yaşında əyinə kəfən geyərlərmi?

Halbuki həmin gün səhər tezdən dərsə nə geyinəcəyimi anamla azı 10 dəqiqə məsləhət eləmişdim. Ana nə geyinim ki, gözəl görünüm? –demişdim. Anam da demişdi ki, sən hər geyimdə gözəlsən, qızım. Bəzəndim-düzəndim gəldim oturdum Qırmızı “Ford”a. Nə biləydim ki, bu məni son mənzilə aparan marşrut olacaq. Sürücünün sürət həddi yolda məni qorxutdu.

Hazırlaşırdım ki, etirazımı bildirəm, onda başımın məngənə kimi sıxıldığını gördüm. Iki oturacağın arasında qalmışdım deyəsən. Sonra asfalta düşən bədənimi gördüm. Ha qışqırdım səsim çıxmadı. Roza, Roza-kimsə çağırırdı məni. Roza soldu deyə düşündüm.

Halbuki, mən çiçək kimi açan yaşdaydım.

Mən Rəşadam Rəşad Canıyev.

Ailənin tək, yeganə oğlu. Atam neftçi idi. Məni və bacımı qabarlı əlləri ilə böyütmüşdü. Ötən il gözlənilmədən vəfat etdi. Anamla bacımı mənə etibar edib getdi. Ondan sonra evin kişisi mən sayılırdım.

Məsuliyyəti ağır idi. Amma düşünürdüm ki, oxuyub anamla bacımı ağ günə çıxaracam. Atam da inanıram ki, bunu hamıdan çox istəyirdi.

Hətta, mənim özümdən də çox. Amma bu gün Qırmızı “Ford”da öləndə əksini düşündüm. Fikirləşdim ki, atam mənsiz çox darıxıb bu 1 ildə. Yoxsa, anamı yox, bacımı yox məni aparmazdı öz yanına. Gəlmişəm ata. Arxada iki gözüyaşlı qadını buraxıb gəlmişəm.

Onları diriykən öldürüb gəlmişəm. Aç qollarını, sıx məni bağrına. Bura mənə çox soyuqdur. Atam da olsan sənin yanında yox, anamın yanında olmaq istəyirəm.

Mən hələ ana quzusuyam axı, ata. Mənim kimi bu qəzada ölən Çinarə də, İbrahim də, Nəsib də. Nəsibimiz görəsən niyə qaranlıq məzar oldu, ata?!

Mən Laləyəm Lalə Nəsirzadə.

1999-cu ildə anadan olmuşam. Cəmi 18 yaşım var. Arzularım isə yaşımdan da çoxdur. Heç birini həyata keçirməmişəm. Keçirəcəymdən də əmin deyiləm. Çünki, Qırmızı “Ford” arzularımın üstündən necə şütüyüb keçdisə, hər şey darmadağın oldu.

Hətta qaraciyərim və dalağım da. Həkimlər əməliyyat edəndə sevindim ki, kəfəni cırdım. Amma bu gün beyin ölümü keçirdim, komadayam. Ruhum isə hər şeyi görür, həkimlərin, tibb bacılarının nə danışdığını eşidirəm.

Bilirəm ki, əllərini məndən üzüblər. Mən isə ayağımı həyatdan üzmək istəmirəm. Dua edin. Dua edin ki, sağalım.

Mənim adım Lalə.

Solmaq yox, yaşamaq istəyirəm.

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info