Kosmonavt ola bilmədik, imkan verin jurnalist olaq! - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 12 Aprel 2017 17:55

leman

Bu gün 12 aprel. Hamı Qaqarindən yazır. Daha doğrusu kosmanavtikadan. Mən isə hazırlaşırdım ki, jurnalistikadan yazım.

Sonra fikirləşdim ki, belə baxanda oxşar sözlərdir, hər ikisində “tika” hecası var. Yəni tikə olub boğazda qalmayacaqsa jurnalistikadan da yaza bilərəm.

Beləliklə,həm Yuri Qaqarin işıqlı xatirəsini anar, həm də jurnalistikamızın qaranlıq gələcəyinə olan nigarançılığımı dilə gətirmiş olaram.

Qaqarin Yuri 2_0

Evimizdə köhnə albom vardı. 50-ci illərin albomuydu, atam əsgərlikdən gələndə gətiribmiş. Ən sevimli məşğuliyyətim bu alboma baxmaqdı. Çünki maraqlı şəkillər çox idi. Daha maraqlısı atamın rus qızlarla şəkilləri idi, baxırdıq və anamın replikalarına qəşş edirdik. O albomda bir də Yuri Qaqarinin, Nikita Xruşşovun şəkilləri vardı. Sovet təbliğatı öz işini hətta fotoalbomlarda belə uğurla sərgiləyirdi. Yuri Qaqarin qucağında qızı Lenoçka, yanında həyat yoldaşı Valentina. Üzlərindən xoşbəxtlik yağırdı. Nikita Xruşşovun Yuri Qaqarini aerodromda qarşılama səhnəsi isə lap heyranedici idi. Rus dilində yazılan şəkilaltılarını belə biz ucqar dağ kəndinin uşaqları əzbərdən deyirdik.

Əzbərdən bildiyimiz bir də bu fakt idi: Kosmosa uçan ilk canlılar Belka və Strelka adlı itlər olub. Onların gödəkçə geyindirilmiş şəkilləri də mənim atamın fotoalbomunda ən maraqlı şəkillərdəndi. Qısası bu albomu ən yaxşı uşaqlıq xatirəsi kimi yadımda saxlamışam.

Yadımda qalan bir də çoxlarının kosmonavt olmaq arzusu idi. Böyüdük…kosmonavt olmadıq. Azərbaycanda bu söz daha çox əlçatmazlıq rəmzi kimi işlədilməyə başladı. Məsələn, kiməsə lağ eləmək lazım gələndə belə deyirdilər. Filankəs alimdirsə, mən də kosmonavtam. Bu mənada Yuri Qaqarinə qibtə eləməyə dəyər. O hamının bacarmadığı işi bacarıb. Biz isə hamının bacara bildiyi işi də düz əməlli bacarmırıq. Mən öz peşəmin adamlarından danışıram. Jurnalistlərdən. Dedim axı, bu yazının əsas hədəfi dostlarımdır.Əslində 3 gün əvvəl yazacaqdım bu yazını.

kerim0026

Meyxanaçı Kərimin anası ölən gün. Yalan xəbər yazmaqla bir insanın ölümünə səbəb olmaq nə peşə etikasına uyğundur, nə jurnalistikanın qayda-qanunlarına. Bu nə “İP” bazlıqdır ki, sərgiləyirsiz dostlar? Birinci mən yazım, hamı məni oxusun deyib nə gəldi yazmaq bizi də gözdən salır, peşəmizi də. Ona görə, az qala hər gün jurnalistlər təhqir olunur, döyülür, söyülür. Uzağa getməyək, 3 gün əvvəl hansısa bir reket baş redaktorun qanına qəltan olunmuş fotoşəkli mətbuat səhifələrini bəzədi.Adam utanır vallah.Jurnalist adından utanır. Bu peşəni belələri ilə bölüşdüyündən utanır.

ramiz_memmedov39351363_4887208364576745978_n

İndi də xalq artistinin oğurluq etdiyini manşetlərə çıxarıblar. Xəbəri oxuyursan ki, heç bir oğurluqdan söhbət getmir. Adam toya gedib, yerdə gözünə nəsə dəyib,tutaq ki, qızıl sırğa, ya üzük, götürüb qoyub cibinə. Guya bu xəbəri yazan ayağının altında qızıl sırğa görsəydi, toyda mikrafonu əlinə alıb millətə car çəkəcəkdi? Ay camaat, kim qızıl sırğa itirib deyəcəkdi? Əminəm ki, yox. Bizim cəmiyyət hələ bu qədər sivil cəmiyyət deyil. Ona görə də saxta olmayın, lütfən. O xalq artisti də ən sonunda bir azərbaycanlıdır. Tapdığı hər nədirsə, qoyub cibinə və bəlkə də çoxdan hansısa qaragününə xərcləyib. İndi üstündən neçəsə ay keçəndən sonra biri ortaya çıxıb deyir ki, mənim yerə düşən sırğamı filankəs götürüb. Mətbuat da başlığa belə bir sərlövhə çıxardır. Xalq artisti oğurluq etdi. Nəyə nail olmaq istəyirsiz? Növbəti insan ölümünəmi? Sabah o aktyor infarktdan, insultdan ölsə nə olacaq? Bu peşəni niyə bu qədər aşağılıyırsız?

Niyə jurnalistikaya nifrət oyadırsız? Axı sizdən fərqli olaraq çoxumuz bu peşəni sevib gəlmişik.

Kosmonavt ola bilmədik, imkan verin heç olmasa jurnalist olaq!

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info