Təqvimin 29 sentyabr günü - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 29 Sentyabr 2017 12:52

leman

ZORGENİ DAR AĞACINA, LÜTFÜ ZADƏNİ MƏZARA APARAN GÜN

Lütfüzadə doğulduğu torpaqda uyumaq üçün geri döndü. Halbuki bu torpağı cəmi 10 yaşı olanda tərk etmiş, 80 ildən artıq bir müddətdə başqa torpaq ona Vətən olmuşdu. Elə bir torpaq ki, Azərbaycan onun bir ştatı boyda da deyil. Məhz o torpaq Lütfüzadəni dünya elminə tanıtdı. Lütfüzadə böyük bir ölkənin böyük elm adamına çevrildi. Amma böyük ölkələrdə böyük elm adamları da saya gəlməyəcək qədər çoxdur. Böyük ölkələrdə əbədilik qazanmaq istəyirsənsə, gərək lap çox böyük adam olasan. Nyuton kimi, Hegel kimi, Eynşteyn kimi….

Lütfüzadə zənimcə o səbəbdən Azərbaycanı seçdi. O balaca Azərbaycan üçün həqiqətən çox böyük adam olduğunu bilirdi və onu da yaxşı bilirdi ki, bu torpaq onu yüz illər ərzində ölməyə qoymayacaq. Ona görə xanımını, illər əvvəl torpağa tapşırdığı qızını, özü qədər məşhur oğlunu nəhəng Amerikada buraxıb kiçik Azərbaycana gəldi. Lütf elədin, böyük İnsan! Xoş gəldin, əziz Lütfü Zadə! Bundan sonra 29 sentyabr təqvimdə Sənin Günün kimi qalacaq. Lütfüzadənin Azərbaycanda əbədi rahatlıq tapdığı gün kimi! Hərçənd mən bu təqvimin Azərbaycanda doğulmuş daha bir məşhur adamın həyatında oynadığı roldan danışacam. Rixard Zorgedən.

74 il əvvəl-yəni 1943-cü il sentyabrın 29-da Tokio Məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorgenin edam edilməsiylə bağlı qərar çıxarıb. Rixard Zorge 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində doğulmuşdu. Onun atası Bakının neft mədənlərinə mühəndis işləməyə gəlmiş alman idi. Bakıda rus əsilli Nina Semyonovna ilə ailə həyatı quran Vilhelm Zorgenin doqquz uşağından sonuncusu Rixard idi. Rixardın 4-5 yaşı olanda ailə Almaniyaya köçür. Rixardın gələcək taleyini də elə bu ölkə müəyyənləşdirir. Onun ailə üzvləri kommunist ruhlu adamlar idi. Ona görə o da bu yolu seçir. Almaniya Kommunist Partiyasına qoşulur. İş o yerə çatır ki, kommunist ideyalarını yaydığı, müdafiə etdiyi üçün Avropada ona təzyiqlər artır və o, SSRİ-yə qaçmaq məcburiyyətində qalır. Və … sovet kəşfiyyat sisteminə daxil olur. 1933-cü ildə o xəfiyyə kimi Yaponiyaya göndərilir. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya Müharibəsi illərində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş Zorge “Ramzay” kod adı altında çalışırdı. Xəfiyyə kimi onun ən mühüm xidməti 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücumla bağlı məlumatlandırmasıdır. Düzdür, o hücumun konkret tarixi barədə məlumat verə bilməmişdi, amma Barbarossa planı haqda SSRİ-ni xəbərdar etmişdi. Məsələn, o ayrı-ayrı tarixlərdə göndərdiyi teleqramlarında yazırdı. 10 mart 1941-ci il teleqramı: ”Almaniyanın yeni hərbi attaşesi hesab edir ki, tezliklə ölkəsinin SSRİ-yə qarşı amansız müharibəsi başlayacaq”. 2 may 1941-ci il teleqramı: “Mən alman səfirlə söhbət elədim. O dedi ki, SSRİ-yə qarşı müharibədə son qərarı Hitler deməlidir, ya bu ay, ya da İngiltərə ilə müharibədən sonra”. 30 may 1941-ci il teleqramı: ”Rəsmi Berlin səfir Ottu məlumatlandırıb ki, Almaniyanın SSRİ-yə qarşı həmləsi iyunun ikinci yarısı olacaq. Ott 95 faiz əmindir ki, maharibə olacaq”. 20 iyun 1941-ci il teleqrammı: ”Səfir Ott mənə dedi ki, Almaniyanın SSRİ-yə qarşı müharibəsi qaçılmazdır”.

1941-ci ilin əvvəllərində sovet mənbələri xəfiyyə Zorge tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir. Bu texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş şəkildə istifadə olunur. Amma düz deyiblər ki, su səhəngi suda sınar. Rixard Zorge 1941-ci ilin oktyabrında yaxasını ələ verir. Onu həbs edirlər. Məlumatlara görə, onun həbsi Üçüncü Reyxin Yaponiyadakı səfirliyini çaş-baş salır. Hamı Zorgeni alovlu nasist kimi tanımış, o nüfuzlu rəhbər şəxslərin hörmətini qazana bilmişdi. 1943-cü ildə Tokio məhkəməsi Zorgenin edam edilməsiylə bağlı qərar çıxarır. Və..1944-cü ilin noyabrın 7-də səhər saat 10.20-də o “Suqamo” həbsxanasında dar ağacından asılır. Edamdan sonra həkim protokolda belə yazmışdı: ”Dar ağacından endirildikdən sonra Rixard Zorgenin ürəyi düz 8 dəqiqə döyünüb” . Kİm bilir, bəlkə də o ürək elə neft qoxulu Bakı üçün döyünürdü? Mümkündür, deyilmi? Ortada bu boyda Lütfüzadə nümunəsi varkən, niyə də mümkün olmasın?!

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info