“Zəngilan şəhəri günü Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan günlərdən biridir. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm tarixi hadisələrindən biri olmaqla yanaşı, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulması istiqamətində atılmış mühüm addım idi”.
Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib:

“Zəngilanın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin, dövlətimizin siyasi iradəsinin və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təzahürüdür. Bu qələbə xalqımızın öz torpaqlarına qayıtmaq əzmini, milli birliyini və tarixi ədalətin bərpasına olan inamını bir daha nümayiş etdirdi.
Zəngilanın azad olunması hərbi-strateji baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Ermənistanla İran arasında yerləşən bu rayonun azad edilməsi cənub istiqamətində əməliyyatların uğurla başa çatdırılması, Azərbaycanın dövlət sərhədləri üzərində suverenliyinin bərpası və regionda yeni geosiyasi reallıqların formalaşması baxımından mühüm mərhələ oldu. Azərbaycan Ordusunun Zəngilan istiqamətində əldə etdiyi uğurlar düşmənin müdafiə mövqelərinin yarılmasına, işğalçı qüvvələrin hərbi imkanlarının zəiflədilməsinə və Vətən müharibəsinin sonrakı mərhələlərində qələbəmizin təmin olunmasına ciddi töhfə verdi. Bu gün Zəngilanın azadlığına yalnız bir rayonun işğaldan qurtuluşu kimi deyil, həm də Azərbaycanın öz suveren hüquqlarını bərpa etmək əzminin göstəricisi kimi yanaşmalıyıq.
Zəngilanın işğal dövründə yaşadığı faciələr xalqımızın yaddaşında dərin iz buraxıb. Rayonun yaşayış məntəqələri dağıdılmış, infrastrukturu məhv edilmiş, sakinləri doğma yurdlarından didərgin salınmışdı. Uzun illər öz evlərinə qayıtmaq arzusu ilə yaşayan zəngilanlılar üçün 20 oktyabr tarixi böyük sevincin, ümidin və mənəvi qürurun rəmzinə çevrildi. Lakin azadlıq qələbənin yalnız ilk mərhələsidir. Qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, təhlükəsizliyin təmin olunması, sosial infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının davam etdirilməsidir.
Bu gün Zəngilanda həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın öz torpaqlarına necə böyük həssaslıqla yanaşdığını göstərir. Yeni yaşayış məntəqələrinin salınması, yolların və digər infrastruktur obyektlərinin inşası, iqtisadi imkanların genişləndirilməsi rayonun gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Ağalı kəndində həyata keçirilən ağıllı kənd layihəsi Qarabağ və Şərqi Zəngəzurun müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində mühüm nümunələrdən biridir. Bu layihələr təkcə dağıdılmış ərazilərin yenidən qurulmasına deyil, həm də insanların daha müasir, təhlükəsiz və rahat şəraitdə yaşamasına xidmət edir.
Zəngilanın gələcək inkişafında onun coğrafi mövqeyi və nəqliyyat-kommunikasiya imkanları da xüsusi rol oynayacaq. Rayonun beynəlxalq nəqliyyat marşrutları baxımından əlverişli mövqedə yerləşməsi Azərbaycanın regional əməkdaşlıq və iqtisadi inteqrasiya imkanlarını genişləndirir. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslər, Şərqi Zəngəzurun nəqliyyat infrastrukturunun inkişafı və regionda kommunikasiyaların açılması Zəngilanın strateji əhəmiyyətini daha da artırır. Bu imkanlardan səmərəli istifadə olunması Azərbaycanın iqtisadi potensialının güclənməsinə, regionda ticarət əlaqələrinin genişlənməsinə və ölkəmizin beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər.
Zəngilanın azadlığı həm də şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı bahasına qazanılmış tarixi nailiyyətdir. Bu qələbənin arxasında Vətən sevgisi, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz iradəsi və dövlətimizin qətiyyətli siyasəti dayanır. Biz bu gün azad Zəngilanı qeyd edərkən torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməli, qazilərimizin xidmətlərini unutmamalıyıq. Onların fədakarlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir.
Əminliklə demək olar ki, Zəngilanın azad edilməsi Azərbaycanın müasir tarixində dönüş nöqtələrindən biri kimi daim xatırlanacaq. Bu gün qarşıda duran məqsəd Zəngilanı və bütövlükdə Şərqi Zəngəzuru inkişaf edən, iqtisadi baxımdan güclü, müasir infrastruktura malik və insanların firavan yaşadığı bölgəyə çevirməkdir. Zəngilanın dirçəlişi Azərbaycanın müharibədən sonrakı quruculuq iradəsinin, milli həmrəyliyinin və gələcəyə inamının göstəricisidir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın qürur, birlik və qalibiyyət günüdür. Bu əlamətdar tarix münasibətilə bütün zəngilanlıları və Azərbaycan xalqını təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram”.












