Rusiya yeni silahla müharibənin qaydalarını dəyişir?

Rusiya “Starlink” peyklərini hədəfləyəcək yeni silah sistemi üzərində işləyir.

Bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Sözügedən silahın hazırlanmasş birmənalı qarşılanmır.

Məsələn, maraqlıdır, Starlink peyklərinin sıradan çıxarılması NATO üçün birbaşa təhdid sayıla bilərmi?

Ümumiyyətlə, Rusiya Starlink-i hədəfləyən silah hazırlayarsa, bu müharibələrin xarakterini necə dəyişə bilər?

Rusiya tərəfindən Starlink peyklərini hədəfləyən silah sisteminin hazırlanması müasir müharibələrin xarakteri baxımından çox ciddi və təhlükəli mərhələ hesab oluna bilər.

Əvvəla, Starlink-in sıradan çıxarılması NATO üçün birbaşa təhdid sayıla bilər. Çünki Starlink artıq təkcə mülki internet layihəsi deyil, faktiki olaraq NATO-nun və Ukraynanın döyüş meydanındakı rəqəmsal sinir sisteminə çevrilib. Rabitə, kəşfiyyat məlumatlarının ötürülməsi, pilotsuz uçuş aparatlarının idarəsi və real vaxt koordinasiyası bu sistem üzərindən həyata keçirilir. Bu baxımdan, Starlink-ə hücum dolayı yolla NATO-nun əməliyyat imkanlarına zərbə kimi qiymətləndirilə bilər və alyans daxilində ciddi təhlükəsizlik müzakirələrinə yol açar.

İkincisi, bu addım müharibələrin xarakterini köklü şəkildə dəyişir. Əgər əvvəl müharibələr əsasən torpaq, hava və dəniz üzərində aparılırdısa, indi kosmos da aktiv döyüş meydanına çevrilir.

Digər tərəfdən, Rusiya belə bir silahı real şəkildə tətbiq edərsə, bu kosmosun sürətlə hərbiləşdirilməsi prosesini sürətləndirəcək. Digər böyük güclər də öz peyklərini qorumaq və ya qarşı tərəfin kosmik infrastrukturunu sıradan çıxarmaq üçün yeni silahlar hazırlamağa başlayacaq. Nəticədə, orbitdə silahlanma yarışı qaçılmaz olacaq.

Ən təhlükəli məqam ondan ibarətdir ki, Starlink kimi sistemlər həm mülki, həm də hərbi məqsədlərə xidmət edir. Bu sərhədin pozulması mülki infrastrukturu legitim hərbi hədəfə çevirir. Bu isə təkcə müharibə zonasını yox, qlobal internet təhlükəsizliyini, mülki rabitəni və hətta iqtisadi sistemləri risk altına salır.

 

Elmar

Gununsesi.info